Məhkəmə qərarları › İş №e-2-2(113)-2052/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2052/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2052/2023 16.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun ödənilməsi, qazın alqı-satqısı barədə müqavilə) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı İB) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 88274,80 manat əsas borc məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində rüsumun alınaraq İddiaçı İB-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli, SAX- 527 nömrəli müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2021-ci il tarixinə İddiaçınə 88274,80 manat məbləğində borcu yaranmışdır. İddiaçı İB tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərinin tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, 01İR/13-1401 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən borc tam ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.6cı bəndinə əsasən cavabdehə mübahisənin həll olunması üçün ilkin mediasiya sessiyasında iştirak etmək üçün mediasiyaya dəvət məktubu göndərilmişdir. ”Azəriqaz” İBnin və cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etsə də, razılıq əldə olunmadığı üçün ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixli, 2022-18615 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyasında iştirak üçün İddiaçı İB tərəfindən 400 manat məbləğində ödəniş edilmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, Cavabdeh MMC-dən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 167800,08 manat əsas borc məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində rüsumun alınaraq İddiaçı İB-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanına istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı İB ilə istehlakçı Cavabdeh MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, SAX- 527 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

9. İddiaçı İB ilə Cavabdeh MMC arasında arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı İByə xx.xx.2020-ci il tarixə 43805 manat məbləğində borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı İB-nin Salyan RQİİ-nin Sabirabad Xidmət Sahəsi tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli Hesab-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı İB-yə ödəməli olduğu xx.xx.2020-ci il tarixinə ümumilikdə 45140,20 manat təşkil edir.

11. İddiaçı İB-nin Salyan RQİİ-nin Sabirabad Xidmət Sahəsi tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli Hesab-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı İB-yə ödəməli olduğu xx.xx.2020-ci il tarixinə ümumilikdə 54787,80 manat təşkil edir.

12. İddiaçı İB-nin Salyan RQİİ-nin Sabirabad Xidmət Sahəsi tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli Hesab-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı İB-yə ödəməli olduğu xx.xx.2021-ci il tarixinə ümumilikdə 87421,60 manat təşkil edir.

13. İddiaçı İB-nin Salyan RQİİ-nin Sabirabad Xidmət Sahəsi tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli Hesab-Faktura adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin İddiaçı İB-yə ödəməli olduğu xx.xx.2021-ci il tarixinə ümumilikdə 88274,80 manat təşkil edir.

14. xx.xx.2023-cü il tarixli Abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh MMC-nin qeyd edilən tarixə ümumilikdə borcu 164800,08 manat (sayğac oxunması: 455425,68 manat + aktlar: 0 manat – ödəmələr: 290625,60 manat = son borc: 164800,08 manat) təşkil edir.

15. İddiaçı pretenziya məktubları ilə Cavabdeh MMC-yə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

16. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı İB ilə istehlakçı Cavabdeh MMC arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 164800,08 manat (xx.xx.2023-cü il tarixli abonentin saldosu) məbləğində borcu yaranmışdır.

Tətbiq edilən hüquq

17. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

22. İddia tələbini Cavabdeh MMC-dən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 167800,08 manat əsas borc məbləğinin tutularaq İddiaçı İB-nin hesabına köçürülməsi təşkil edir.

23. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddia tələbi qismən təmin edilməli, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 164800,08 manat (xx.xx.2023-cü il tarixli abonentin saldosu) məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır.

24. Eləcə də, iddiaçı ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən 164800,08 manat (yüz altmış dörd min səkkiz yüz manat səkkiz qəpik) əsas borc, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 165200,08 manat (yüz altmış beş min iki yüz manat səkkiz qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar