Məhkəmə qərarları › İş №e-2-2(113)-210/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-210/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-210/2021 02.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı artıq hesablanmış pulun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən artıq hesablanmış 4923 m3 qaz sərfinin, yəni, 9846 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o fərdi sahbkarlıqla məşğul olur. ünvan 1 ünvanında yerləşən avto texniki xidmət mərkəzi kimi fəaliyyəti ilə məşğul olur. 2019-cu ildə Cavabdeh nümayəndələri müəssisəsyə baxış keçirmişlər. Ona bildirmişlər ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Baxış keçirən nümayəndələr baxış aktı tərtib edərək, ona imza etdirmişlər. Bir gün sonra digər nümayəndələr tərəfindən qaz təchizatı dayandırılarkən ona məlum olmuşdur ki, müəssisədə quraşdırılmış öz hesabına aldığı və mülkiyyətində olan G-16 markalı qaz sayğacına müdaxilə etdiyini bildirmişlər. Ona təqdim edilmiş akta görə hesabatda 9846 manat cərimə yazılmışdır. Qeyd edir ki, həmin ünvandakı obyekt uzun müddətdir ki, heç bir fəaliyyət göstərmir. Məhkəmənin nəzərinə çatdırır ki, günlük hesabatla razı deyil və Cavabdeh tərəfındən artıq hesabat aparılmış və ondan qanunsuz pul tələb edilir. Bildirir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasınm 11 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın qeydinə əsasən, hesablanmış qazın dəyərinin ödənilməsi istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Göstərilən qaydalardan da aydın olur ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfındən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri və ya sayğac vasitəsi ilə istifadə edilən qaz həcmi cavabdeh tərəfındən nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Onu da bir daha nəzərə çatdırır ki, cavdehin tərtib etdiyi akt həqiqətə uyğun deyil. Belə ki, həmin sayğaca onun tərəfindən müdaxilə edilməmişdir. Hətta sayğac yoxlamaya gedərkən onun iştirakı təmin edilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmadığından, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığından həmçininn cavabdeh tərəfındən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından cavabdeh yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfındən ödənilməsini tələb edə bilməz. İddiaçı məhkəməyə göndərdiyi yazılı izahatında bildirmişdir ki, 2009-cu ildən sahibi olduğu avto texniki xidmət mərkəzi fəaliyyətini dayandırmış, hətta demək olar ki, heç vaxt fəaliyyət göstərməmiş, həmin sayğac passiv kimi qeydə alınmış, indiyədək heç bir borc yazılmamış, 2019-cu il tarixdə qaz sızıntısı şübhəsi ilə təhlükənin aradan qaldırılması üçün özünü dəvət ilə gəlmiş Cavabdeh İB-nin əməkdaşlarının sayğacın müayinəsi zamanı qazdan istifadə edilmədiyi halda sayğacdan xarıcə sızıntının olmasını təsdiq etmiş, sayğacı bağlayıb getmişlər. Sonradan akt tərtib ediblər ki, 9846 manat məbləğində borcun var. Amma həmin borcun necə yaranması məlum deyil. Əgər o hər ay qazdan istifadə edirdisə indiyənədək ona aylıq borc barədə məlumat verilməli idi. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq, artıq hesablanmış 4923 m3 qaz sərfinin, yəni, 9846 manat pulun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, 2010-ci ilin avqust ayından abonent kodu **********00000 olan sayğacın passiv statusuna keçdiyini, həmin statusa keçməyin səbəbi çox güman kimi həmin sayğacı istifadə edən abonentin müraciəti əsasında olduğunu, belə ki, abonent qazı istifadə etmədiyi təqdirdə Cavabdeh İB-nə müraciət olunur və qazın xətdə verilməsi dayandırılmadan, sayğac sistemdə aktiv statusundan passiv statusuna keçirilir və sadəcə olaraq birliyin əməkdaşları tərəfindən sayğacın göstəricilərinə baxış dayandırılır, daha sonra abonent qazı istifadə etməyə başlayan kimi bu barədə idarəyə məlumat verməli və sayğac sistemdə aktiv statusa keçən kimi nəzarətçilər sayğacın göstəricilərinə baxışı bərpa edirlər. Lakin abonent kodu **********00000 olan sayğac 9 il passiv statusunda qaldığına görə 2019-cu ilin oktyabr ayında birliyin əməkdaşları onun göstəricilərinə baxış keçirmiş və 4923 m3 həcmnidə qazın sərf edildiyini müəyyən etdiklərinə görə 9846 manat məbləğində borc yazmışlar. Sözügedən borc qazın sərfiyyatı nəticəsində yarandığına görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də İddiaçı heç bir məhkəmə iclasına gəlməmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı tam mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov 4D ünvanında yerləşən qeyri-yaşayış binası (avtomobillərə texniki xidmət məntəqəsi) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1352 nömrəli vərəqində xx.xx.2008-cü il tarixdə qeydiyyata alınmışdır. 1836 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov 4D ünvanında yerləşən avtomobillərə texniki xidmət mərkəzinə məxsus sayğac xx.xx.2009-cu il tarixdə dövlət yoxlamasından keçirilmiş 001955 nömrəli xüsusi plombla möhürlənmiş, istismara yararlıdır, elə həmin tarixdə də sayğac quraşdırılmış və təhvil verilərək istismara qəbul edilmişdir. Hesabat mexanizminin göstəricisi 000000,5 m3-dir. 610 nömrəli, xx.xx.2009-cu il tarixli təbii qaz təchizatı haqqında müqavilədən görünür ki, təchizatçı - “Sabunçu rayon X4 ilə istehlakçı – avto texniki Xidmət mərkəzi (rəhbər İddiaçı şəxsində) arasında olan razılığa görə hər 1000 m3 təbii qazın dəyəri ƏDV daxil olmaqla 100 manat məbləğində müəyyən edilməklə təchizatçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını təbii qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təchizatçı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 215 nömrəli, xx.xx.2009-cu il tarixli qaz kəmərlərinin istismara qəbulu aktından görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov 4D ünvanında yerləşən İddiaçı məxsus avtomobillərə texniki xidmət mərkəzinin qazanxanasına və mətbəxinə çəkilmiş qaz kəmərləri istismara qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli, 77 nömrəli hesab-fakturadan görünür ki, avto texniki xidmət mərkəzinin istifadə etdiyi elektrik enerjisinə görə sonuncu ödəniş tarixi və məbləği müvafiq olaraq xx.xx.2010-cu il və 2,80 manat olmaqla xx.xx.2019-cu il tarixə ƏDV daxil 9846 manat məbləğində borc hesablanmışdır. Abonent kodu **********00000 olan avto texniki xidmət mərkəzinin (ünvan - ünvan 3 abonent saldosundan görünür ki, abonentin təbii qazdan istifadəyə görə 2010-cu ilin avqust ayının əvvəlinə borc 2,80 manat, 2019-cu ilin oktyabr ayı üçün qalıq və aktlar qrafasında 0 manat, ayın sonuna isə borc 9846 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə ünvaladığı yazılı izahatında 2009-cu ildən avto texniki xidmət mərkəzi fəaliyyətini dayandırdığını, heç vaxt fəaliyyət göstərmədiyini, indiyədək heç bir borc yazılmadığını, 2019-cu il tarixdə qaz sızıntısı şübhəsi ilə təhlükənin aradan qaldırılması üçün özünün dəvət ilə gəlmiş Cavabdeh İB-nin əməkdaşlarının sayğacın müayinəsi zamanı qazdan istifadə edilmədiyi halda sayğacdan xarıcə sızıntının olmasını və sayğacı bağlayıb getdiklərini qeyd etsə də, məhkəmə tərəfindən keçirilən 5 məhkəmə iclasının heç birinə gəlməmiş və qeyd olunanlarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə izahatında bildirmişdir ki, qazın xətdə verilməsi dayandırmadan 2010-ci ilin avqust ayından abonent kodu **********00000 olan sayğac sistemdə passiv statusuna keçirildiyinə görə birliyin əməkdaşları sayğaca baxış keçirməmiş və göstəricilərin götürülməsini dayandırmışlar. Yalnız 9 ildən sonra, yəni 2019cu ilin oktyabr ayında passiv statusunda olan sayğacın göstəricilərinə birliyin əməkdaşları tərəfindən baxış keçirmiş və 4923 m3 həcmnidə qazın sərf edildiyini müəyyən olunduğuna görə 9846 manat məbləğində borc yazılmışdır. Göründüyü kimi 9846 manat məbləğində borc sayğacdan götürülən sərfiyyatla bağlı yaranan borcdur. Bununla yanaşı iddiaçı 4923 m3 həcmdə qazın xaricə sızmasını bildirsə də, məhkəmə qeyd edir ki, həmin həcmdə sızmanın olması və onun vaxtında aşkar edilməməsi inandırıcı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı artıq hesablanmış pulun silinməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı 4923 m3 qaz sərfinə görə hesablanmış 9846 manat məbləğində borcun silinməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar