Məhkəmə qərarları › İş №e-2-2(113)-2136/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2136/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2136/2022 20.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi və aktın ləğv ediməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin X1 mühəndisləri Kəlbəliyev Akşin, Kazımov Təbriz, İmanverdiyev Vasif və Abasov Zaur tərəfindən tərtib edilmiş 600691 nömrəli aktın qanunsuz hesab edilməsi və 6300 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında müqavilə bağlanmışdır. xx.xx.2021 tarixində Əhməd Rəcəbli 18 A ünvanında fəaliyyət göstərən mağazanın su təchizatı sisteminə Cavabdeh ASC-nin Nərimanov r-nu su-kanal idarəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir və müəyyən iradlar bildirilərək müvafiq akt tərtib edilmişdir. Belə ki, Cavabdeh ASC-nin X1 mühəndisləri Kəlbəliyev Akşin, Kazımov Təbriz, İmanverdiyev Vasif və Abasov Zaur təfəindən 600691 nömrəli akt tərtib edilmişdir. Akta əsasən cavabdeh təşkilatın əməkdaşları cəmiyyətə məxsus ünvan 2 ünvanda mağazanın su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və məlum olmuşdur ki, abonent obyektin zirzəsimisindən binaya qalxan ana xətdən birləşmə edib (d=15 mm) qanunsuz sudan istifadə edir. Əlavə olaraq abonent sayğaca daxil olan xətdən qanunsuz olaraq ayrılma edib (s=20 mm) su anbarını doldurur. Həmin xətt kombi sistemini əhatə edirdi. Daha sonra cavabdeh təşkilat tərəfindən xx.xx.2021 tarixində cəmiyyətə 6300 manat məbləğində cərimə barədə hesab təqdim edilmişdir. Məsələ ilə bağlı X3 sukanal idarəsinin rəhbərliyinə müraciət edərək mağazanın su təchizatı sistemində hər-hansı nöqsanın olmadığı barədə bildirmişdir. Buna cavab olaraq su-kanal idarəsinin əməkdaşının sistemə baxış zamanı çəkilmiş video materialı ona təqdim edilmiş və bir daha sistemdə sayğacdan kənar sudan istifadə halları olduğu iddia edilmişdir. Belə olan halda məsələ mütəxəsisslərin iştirakı ilə bir daha araşdırılmış, su təchizatı sisteminin istifadəsində heç bir qayda pozuntusu olmadığı qənaəti bir daha təsdiqini tapmışdır və mütəxəssislər tərəfindən su təchizatı sistemini real əks etdirən sxem tərtib olunmuşdur. Belə ki, sxemə baxdıqda aşkar müəyyən edilir ki, mağazada sayğacdan kənar sudan istifadə halı mövcud deyil. Mağazadakı su sayğacı 2015-ci ildə Cavabdeh ASC-nin əməkdaşları təfərindən quraşdırılmış və bu vaxtadək hər ay mütəmadi olaraq su sərfiyyatı göstəriciləri yenə də Cavabdeh əməkdaşları tərəfindən götürülməkdədir. Əgər sistemdə hər hansı bir nöqsan olmuş olsaydı bunu həmin əməkdaşlar görüb yerindəcə tədbir görərdilər. Zirzəmidə sayğac kimi aşkar olunmuş əlüzyuyan kranı, o hələ 30-40 il bundan əvvəl sovet dövründə hansı məqsədlə və kim tərəfindən qoyulduğu məlum deyil və heç vaxt istifadə olunmamışdır. Daha sonra iddiaçı iddiqa tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, "xxxx" ASCnin X1 mühəndisləri Kəlbəliyev Akşin, Kazımov Təbriz, İmanverdiyev Vasif və Abasov Zaur tərəfindən tərtib edilmiş 600691 nömrəli aktın qanunsuz hesab edilərək ləğv edilməsi, 6.300 manat məbləğində cərimənin silinməsi, habelə abunə haqqı kimi ödənilən pul vəsaitindən cərimə hesabına tutulmuş 554 manat məbləğin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, obyektin su təchizatına baxış keçirilən zaman məlum olmuşdur ki, abonent obyektin zirzəmisində binaya qalxan ana xətdən diametri 15 mm olan birləşmə etmişdir. Bunun nəticəsində qanunsuz olaraq sudan istifadə olunub. Əlavə olaraq abonent sayğaca daxil olan xətdən qanunsuz olaraq da əlavə ayrılma edib və diametri 20 mm olan su anbarını doldurub. Həmin xətt kombi sistemini əhatə edir. Qeyd olunanalara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: 6006910 saylı aktdan görünür ki, İddiaçı MMC-yə məxsus Əhməd Rəcəbli küç., ev 18/A ünvanında yerləşən sayğaca baxış keçirilmiş, müəyyən olunmuşdur ki, abonent obyektin zirzəsimisindən binaya qalxan ana xətdən birləşmə edərək (d=15 mm) qanunsuz sudan istifadə edir, əlavə olaraq abonent sayğaca daxil olan xətdən qanunsuz olaraq ayrılma edərək (s=20 mm) su anbarını doldurur. Həmin xətt kombi sistemini əhatə edir. xx.xx.2021-ci il tarixli ********* saylı hesab fakturaya əsasən 2.196 manat, xx.xx.2021ci il tarixil ********* saylı hesab fakturaya əsasən 4.104 manat Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Cavabdeh ASC tərəfindən tərtib edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında xx.xx.2021-ci il tarixli 600691 nömrəli akt əsasında 4.104 manat və 2.196 manat məbləğində içməli su və tullantı sularından qeyri-qanuni istifadə ilə bağlı dəymiş ziyan hesablanmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, 6.300 manat məbləğində hesablanmış borc silinməlidir. Məhkəmə iddia tələbinin abunə haqqı kimi ödənilən pul vəsaitindən cərimə hesabına tutulmuş 554 manat məbləğin geri qaytarılmasına münasibətdə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-yə (abonent kodu 090513) 60091 nömrəli akt əsasında hesablanmış 6.300 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar