Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2175/2022 28.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçıya məxsus 111188 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 7182 manat pulun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçıya məxsus 111188 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 7182 manat pulun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə Qradağ Rayon Sukanal İdarəsinin əməkdaşları iddiaçıya məxsus obyektə gələrək sudan qanunsuz istifadə etdiyini bildirmişlər. İkinci keçirilən yoxlamadan bir müddət sonra məlum olmuşdur ki, Qradağ Rayon Sukanal İdarəsi tərəfindən sözügedən tarixlərdə xx.xx.2020-ci il tarixli, 007401 nömrəli akt tərtib etmiş, bu akt əsasında 4104 manat cərimə pul məbləği hesablanmışdır. xx.xx.2021-ci il tarixdə isə 007412 nömrəli akt tərtib etmişlər ki, bu akt əsasında isə 3078 manat borc hesablanmışdır. Bu barədə iddiaçıya yalnız iddiaçının suyu kəsildikdən sonra məlum olmuşdur. Cavabdehin qanunsuz yoxlamaları nəticəsində iddiçıya cəmi olaraq 7182 manat borc məbləği hesablanmışdır. İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, hazırki iş üzrə iddiaçıya 2 dəfə akt tərtib olunmuşdur. Aktlara əsasən 4104 manat borc hesablanmışdır. 21 may tarixdə iddiaçı cavabdehə müraciət etmiş və borc yenidən hesablanmış və borcun 3078 manat borc olduğu müəyyən edilmişdir. Hər iki akta əsasən ümumlikdə 7182 manat iddiaçının borcu vardır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, obyekt avtoyuma kimi istifadə olunur. Orda 2 dəfə şlanq aşkar etmişlər. Şlanq arxa tərəfdən quraşdırılmışdı. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2020-ci il tarixli, 007401 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonunda yerləşən iddiaçıya məxsus avtoservisə (yuyucu sexi) baxış keçirilmiş, baxış zamanı obyektdə sayğacdan kənar d=20 mm-lik qeyri-qanuni xətdən istifadə olunması aşkar olunmuşdur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 007401 saylı akta əsasən iddiaçıya 4104 manat məbləğində borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli, 007412 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonunda yerləşən iddiaçıya məxsus avtoservisə (yuyucu sexi) baxış keçirilmiş, baxış zamanı obyektdə sayğacdan kənar d=20 mm-lik qeyri-qanuni xətdən istifadə olunması aşkar olunmuşdur. Cavabdehin müraciətə baxılması haqqında məktubundan görünür ki, Cavabdeh ASC-nin istehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən Komissiyasının xx.xx.2021-ci il tarixli 134/1 saylı protokoluna əsasən, Cəmiyyətin elektron abonent bazasında, Qaradağ rayon Sukanal İdarəsininn xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 111188 olan obyektin hesabından 513 m3 olmaqla 1026 manat silinərək müvafiq düzəliş aparılmışdır. Hazırda sayğac göstəricisi 626 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə obyektin hesabında yaranmış borc 6832.80 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonunda yerləşən iddiaçıya məxsus avtoservisə (yuyucu sexi) xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə baxış keçirilmiş, hər iki baxış zamanı obyektdə sayğacdan kənar d=20 mm-lik qeyri-qanuni xətdən istifadə olunması aşkar olunaraq xx.xx.2020-ci il tarixli, 007401 saylı və xx.xx.2021-ci il tarixli, 007412 saylı aktlar tərtib olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya hər iki akta əsasən hər biri 4104 manat olmaqla ümumilikdə 8208 manat məbləğində borc hesablanmışdır. İddiaçının müraciəti əsasında cavabdeh tərəfindən həmin borc məbləğindən 1026 manat borc silinmiş, 7182 manat borc silinməmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 91,82 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus 111188 nömrəli abonent hesabına hesablanmış 7182 manat borc silinsin. 91,82 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2175/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2175/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver