Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2177/2022 17.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən 054339 nömrəli abonent koduna hesablanmış 4104 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi avtoyuma məntəqəsində sudan istifadə məqsədi üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə 10.04.2014-cü il tarixdə 054339 nömrəli müqavilə bağlanılmışdır. İstehlakçı olaraq hər zaman istifadə etdiyimiz su istehlakına görə ödənişləri öncədən vaxtında ödəmişik. 8 iyun 2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi Sukanal İdarəsinin əməkdaşları iddiaçıya məxsus obyektə gəlmiş və yoxlama apararaq sudan sayğacdan kənar istifadə olduğuna iddia etmişlər. Sözügedən hadisədən bir neçə gün sonar bizə məlum olmuşdur ki, cavabdeh təşkilat 08.06.2021-ci il tarixli, 007228 nömrəli akt tərtib etmiş və 4104 manat borc məbləği əsasasız olaraq iddiaçıya məxsus 054339 nömrəli abonent hesabına hesablanmışdır. Bildirmək istərdik ki, bizim istifadəmizdə olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, 17.06.2014-cü il tarixli “X2”nın su təchizatı və kanalizasiya müəssisənin vəzifələri bölməsinin 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 6.18-ci bəndinə müvafiq olaraq STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqişəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1cimaddələrişamiledilir. Sözügedən qanunun 3.2 maddəsinə əsasən bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması(bundan sonra- qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 08.06.2021-ci il tarixli, 007228 nömrəli Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal idarəsinin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus avtoyuma obyektinə baxış keçirilərkən obyektdə smart tipli sayğacdan əlavə olaraq 20 mm-lik boru ilə sudan qeyri-qanuni istifadə aşkarlanmışdır. 08.06.2021-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, 2062 m3 miqdarında içməli su və tullantı sularının axıdılması xidmətindən İddiaçı məxsus avtoyuma obyektində qeyri-qanuni istifadə edildiyinə görə Cavabdeh ASC tərəfindən 4104 manat dəyərində ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh ASC tərəfindən 054339 nömrəli abonent koduna (İddiaçı) hesablanmış 4104 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən 054339 nömrəli abonent koduna (İddiaçı) hesablanmış 4104 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2177/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2177/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver