Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-219/2022 07.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi, sayğacın sökülməsi və mənzillərin abonentləşdirilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi, sayğacın sökülməsi və mənzillərin abonentləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07.04.2021-ci il tarixdə quraşdırılmış 21100361 saylı sayğaca dair hesablanmış su sərfiyyatının dəyərinin tam həcmdə silinməsinə, cavabdeh tərəfindən 07.04.2021-ci il tarixdə quraşdırılmış 21100361 saylı sayğacın qanunsuz hesab edilməklə sökülməsi, cavabdeh tərəfindən 25 fevral 2021ci il tarixli 001/1/1126-tş saylı təsdiq edilmiş “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” texniki şərtlərin layihəsinə əsasən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmasını təmin edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması və “Yeni Bakı” Yaşayış Kompeksində yerləşən mənzillərin abonentləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə” və “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” 19378567/130808 və 19434603/132066 saylı, 24.11.2016-cı il tarixli müqavilələrə əsasən cavabdeh müəssisəyə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Müqaviləyə əsasən sudan istifadəyə görə ödəniş həyata keçirilmişdir. Cavabdeh orqan əsassız olaraq 2019-cu il yanvar ayında məhkəməyə müraciət edərək yaranmış 71736 manat borc tələbi ilə bağı məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-2()113-28/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 7030 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin bu nəticəyə gəlməyinə səbəb cavabdeh orqan tərəfindən quraşdırılmış balans sayğacının standartlara cavab verməməsi və həmin sayğacın 10 dəfə artıq yazması olmuşdur. Məhkəmə mübahisənin sonunu gözləmədən cavabdeh orqan 07.04.2021-ci il tarixdə qanunsuz olaraq iddiaçıya qarşı psixoloji terror edərək heç bir standarta cavab verməyən, meteroloji göstəricilərə məxsus olmayan, istehsal mənşəyi məlum olmayan sayğacı Abşeron rayonu, Masazır kəndi “Yeni Bakı” Yaşayış Kompleksindən 3 km uzaq məsafədə yerləşən ərazidə yerləşdirməklə təkrar qanun pozuntusuna yol vermişdir. Cavabdeh orqanın bu cür qanunsuzluğunun aradan qaldırılması üçün 08 aprel 2021-ci il tarixdə cavabdehin baş idarəsi Cavabdeh ASC-yə müraciət etmişlər. Balans sayğacının quraşdırılması onlara əvvəlcədən məlumat vermədən həyata keçirilmişdir ki, bu da bir istehlakçı kimi onların hüquqlarını pozmuşdur. Belə ki, sayğacın bu formada quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” haqqında qərarın tələblərini pozmaqla həyata keçirilmişdir. Cavabdeh orqan tərəfindən əvvəllər də quraşdırılmış balans sayğacı standartlara cavab vermədiyindən bir dəfə dəyişdirilmiş, 2017-ci il tarixdə isə cavabdeh orqanın əməkdaşları tərəfindən sayğac oğurlanmışdır. Sayğacın oğurlanması barədə həmin dövrdə hüquq-mühafizə orqanlarına müraciət edilmiş və sonradan tərəflər arasında barışığa əsasən tərəflərindən şikayət ərizəsi geri götürülmüşdür. Bakı Kommersiya Məhkəməsində 2019-cu il tarixdən davam edən məhkəmə çəkişməsinə baxmayaraq və iş üzrə ekspertiza, əlavə ekspertiza və komissiyon ekspertiza keçirilmiş, qeyd edilən sayğacın 10 dəfə artıq hesabladığı müəyyən edilmiş və əvvəlki dövrlərə nisbətdə kompleksin sudan istifadəsi ay ərzində 1700 kub müəyyən edilmişdir. İddiaçı 29.12.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək 07.04.2021-ci il tarixdə quraşdırılmış 21100361 saylı sayğaca dair hesablanmış su sərfiyyatının dəyərinin tam həcmdə silinməsi, cavabdeh tərəfindən 07.04.2021-ci il tarixdə quraşdırılmış 21100361 saylı sayğacın qanunsuz hesab edilməklə sökülməsi, cavabdeh tərəfindən 25 fevral 2021-ci il tarixli 001/1/1126-tş saylı təsdiq edilmiş “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” texniki şərtlərin layihəsinə əsasən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmasını təmin edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması və “Yeni Bakı” Yaşayış Kompeksində yerləşən mənzillərin (yaşayış və qeyri-yaşayış sahələri) abonentləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 07.01.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək 29.12.2021-ci il tarixdə verilmiş iddia tələbinin həcminin artırılmasına dair ərizənin təmin edilməsini və əlavə olaraq cavabdehin təqdim etdiyi sənədlərə əsasən iddiaçıya hesablanmış 279225,54 manat məbləğində borcun əsassız hesab edilərək silinməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə etdiyini bildirib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “Yeni Bakı” Yaşayış Kompeksində yerləşən mənzillərin (yaşayış və qeyri-yaşayış sahələri) sahibləri tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədlər əldə edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin mənzillərin sayğaclaşdırılması işləri aparılmır. Bundan əlavə, 07.04.2021-ci il tarixdə cavabdeh onların xəbəri və razılığı olmadan hər hansı meteroloji göstəricilərə malik olmayan sayğac quraşdırmışdır. Bu səbəbdən həmin sayğac qanunsuz hesab edilməklə sökülməli, həmin sayğac əsasında iddiaçıya hesablanmış bütün borc məbləği qanunsuz hesab edilməklə silinməlidir. Belə ki, əvvəllər cavabdeh tərəfindən quraşdırılmış sayğac oğurlandığı üçün tərəflərindən belə halın gələcəkdə baş verməməsi üçün mühafizə kamerası düzəldilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Rüstəmov iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini bildirdi. İzahatında daha sonra bildirdi ki, sayğac tərəflər arasında bağlanmış müqavilələrin və iddiaçıya verilmiş texniki şərtin tələblərinə uyğun quraşdırılmış, həmin sayğac yerli istehsal olmaqla Azərbaycan Respublikası Meterologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılmış, onun möhürü ilə təsdiq edilmişdir. Həmin tipli və markalı sayğaclar Bakı şəhəri və digər ərazilərdə fəaliyyət göstərən 150-dən artıq hüquqi şəxslər üçün də quraşdırılmışdır. Həmin sayğac 07.04.2021-ci il tarixdə quraşdırılmış, iddiaçının nümayəndələri orada iştirakdan imtina etmişdir, sayğacın quraşdırılması təxminən 3-4 saat çəkmişdir ki, həmin müddət ərzində onların məlumatının olmaması barədə arqument əsassızdır, bundan əlavə, sayğac texniki şərtlərə əsasən d=1400 mm-lik borudan ayrılan d=100 mm-lik borunun üzərində giriş nöqtəsində quraşdırılmış, iddiaçı tərəfindən sayğacın qorunması üçün mühafizə kamerası tikilmiş, girişi qıfıllanmışdır. Ekspert tərəfindən baxış keçirilən zaman da həmin kamera iddiaçının nümayəndəsi tərəfindən açarla açılmışdır. Bundan əlavə, ekspert rəyində qeyd edildiyi kimi, sayğac quyu tipli yerdə deyil, iddiaçının özü tərəfindən hazırlanmış mühafizə kamerasının içərisində quraşdırılmışdır. İddiaçı üçün əvvəlki sayğaclar da həmin yerdə quraşdırılmışdı. Bundan əlavə, hər ay orta hesabla iddiaçı tərəfindən istehlak edilmiş içməli su və axıdılan çirkab sularına görə 2500-3000 manat arası vəsait ödənilir. Lakin iddia ərizəsində də göstərildiyi kimi 3200 mənzilli yaşayış kompleksi üçün həmin məbləğdə suyun istehlak edildiyi ağlabatan deyildir. Bundan əlavə, digər iki tələb – sayğacın sökülməsi və mənzillərin abonentləşdirilməsi isə inzibati xarakterli mübahisə olduğundan həmin hissədə iddia tələbinə hazırkı mülki icraat qaydasında baxıla bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Y.Xankişiyev iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini bildirdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə” və “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə” 19378567/130808 və 19434603/132066 saylı, 24.11.2016-cı il tarixli müqavilələr bağlanmış, həmin müqavilələr üzrə hər ay iddiaçıya iki ədəd hesab-faktura göndərilir, sayğacın göstəricilərinin 95 faizi qeyri-əhali, 5 faizi isə əhali kateqoriyası üzrə hesablanır, buna uyğun ödənişlər tələb edilir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Kommersiya qurumlarının Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçı 28.02.2000ci ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 06 fevral 2012-ci il tarixli 130808 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə müəssisənin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 avqust 2014-cü il tarixli 130808 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqaviləyə əsasən müəssisənin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Müqavilənin 2.1.3-cü bəndinə əsasən müəssisə abonentin istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi Masazır kəndi ünvanında su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə Qaydaların 4.2 və 4.3-cü bəndlərinə uyğun, su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyindən, suyun axma sürətindən və abonentin iş rejimindən asılı olaraq müəyyən edilir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən abonent müəssəsisə tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən 10 gün müddətində ödəyir. Müqavilənin 3.3-cü bəndinə əsasən müəssisə ayda bir dəfədən az olmayaraq abonent tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparır və müvafiq qaydada tərtib edilmiş ödəniş sənədini abonentə təqdim edir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Borcun ödənilməsi haqqında” xəbərdarlıqda 01.07.2021-ci il tarixə 40360 manat borcun olması bildirilmiş, həmin borcun 10 iş günü müddətində ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş 07.04.2021-ci il tarixli inventarizasiya aktına əsasən iddiaçıya məxsus su xəttində su sayğacı aşkar olunmamış, tərəflərindən yeni GTB 100X mexaniki su sayğacı quraşdırılmış və plomblanmışdır. Abonentin Azər adlı nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş 07.04.2021-ci il tarixli 240648 nömrəli quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair aktdan görünür ki, iddiaçıya məxsus su xəttində yeni CTB 100X markalı 21100361 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən təsdiq edilmiş 11.06.2018-ci il, 25.02.2021-ci il tarixli “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” Texniki Şərtlərin 1.3-cü bəndinə əsasən su sərfinin dəqiq qeydiyyatı məqsədilə balans mənsubiyyəti sərhədində müvafiq ölçülərə malik mühafizə qutusu və müvafiq avadanlıqlarla təchiz olunmuş müvafiq diametrli mexaniki tipli su sayğacı quraşdırılmalıdır. Cavabdeh tərəfindən tərtib olunmuş mexaniki su sayğacının laboratoriya yoxlamadan keçirilməsi barədə aktdan görünür ki, 2018-ci il istehsalı STV/H ******* nömrəli sayğac dəyişdirilmiş, 2021-ci il istehsalı olan yeni STV 100 21100361 nömrəli yeni sayğac plomblanaraq istismara qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 08.07.2021-ci il tarixli 04/1-927 nömrəli borcun ödənilməsi haqqında xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıdan sudan istifadəyə görə 01.07.2021-ci il tarixə yaranmış 40360,92 manat borcunu 10 iş günü ərzində ödəməsini tələb etmiş, əks təqdirdə su təchizatı və kanalizasiya xidmətinin dayandıracaqları barədə xəbərdarlıq etmişdir. 27.05.2021-ci il tarixli ********* nömrəli hesab fakturadan görünür ki, iddiaçının 2021ci ilin may ayına istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi üçün 29784 manat borcu mövcuddur. 28.06.2021-ci il tarixli ********* nömrəli hesab fakturadan görünür ki, iddiaçının 2021ci ilin iyun ayına istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi üçün 34510 manat borcu mövcuddur. 27.05.2021-ci il tarixli ********* nömrəli hesab fakturadan görünür ki, iddiaçının 2021ci ilin may ayına istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi üçün 3134 manat borcu mövcuddur. 29.04.2021-ci il tarixli ********* nömrəli hesab fakturadan görünür ki, iddiaçının 2021ci ilin aprel ayına istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi üçün 3044 manat borcu mövcuddur. 29.04.2021-ci il tarixli ********* nömrəli hesab fakturadan görünür ki, iddiaçının 2021ci ilin aprel ayına istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi üçün 23029,54 manat borcu mövcuddur. 29.04.2021-ci il tarixli ********* nömrəli hesab fakturadan görünür ki, iddiaçının 2021ci ilin aprel ayına istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi üçün 23029,54 manat borcu mövcuddur. Cavabdeh tərəfindən tərtib olunmuş 28.06.2021-ci il tarixli 130808 nömrəli aktdan görünür ki, iddiaçının su xətti üzərində quraşdırılmış sayğacların göstəricisi STV-100 130808 əhaliyə verilən 132066 nömrəli sayğacda cari göstərici 86116 kubmetr, əvvəlki göstərici 49788 kubmetr olmuşdur. İddiaçı tərəfindən verilmiş 19 fevral 2019-cu il tarixli 21 nömrəli məktubdan görünür ki, iddiaçı cavabdehdən iddiaçı tərəfindən 12.10.2016-cı il tarixli YK-01/05-5364 saylı texniki şərtin vaxtının artılırması, həmin texniki şərtin 1.3 bəndinə dəyişiklik edərək mövcud d-125 mm su xəttinin qalması və 1.7 bəndində göstərilmiş Smart-kart tipli elektron sayğacının mexaniki sayğacla əvə olunmasına göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 dekabr 2020-ci il tarixli 10/3633 nömrəli ekspert rəyindən görünür ki, STV-100X markalı 16048515 nömrəli sənaye su sayğacının ötürmə rəqəmləri arasındakı dişli çarx ötürməsi qüsurlu olmaqla 4 və 5-ci rəqəmləri arasında əlaqənin pozularaq birlikdə fırlandığını nəzərə aldıqda, nasazlıq yaranmış olduğu müddətdə sayğacın göstəricisinin 10 dəfə artıq olduğu müəyyən edilir. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi əvvəlki 12 ayda istifadə edilən orta istehlak normasına əsasən hesablanır. 132066 nömrəli müqavilə üzrə sayğacda nasazlığın müəyyən edildiyi tarixdən (14 iyul 2017-ci ildən) əvvəlki 12 ay üzrə 21330 kubmetr suyun istifadə edilməsini nəzərə aldıqda, sərf olunmuş suyun orta aylıq sərfi həcminin 1777,5 (21330/12=1777,5) kubmetr olduğu müəyyən edilir. 130808 nömrəli müqavilə üzrə sayğacda nasazlığın müəyyən edildiyi tarixdən (14 iyul 2017-ci ildən) əvvəlki 12 ay üzrə istifadə olunmuş suyun sərfiyyatı haqqında məlumat olmadığından, həmin müqavilə üzrə sərf olunmuş suyun orta aylıq sərfi həcmini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 01.03.2021-ci il tarixli 04/04-2/2615 nömrəli texniki şərtlərin verilməsi barədə məktubdan görünür ki, Abşeron rayonu, Masazır kəndinə yerləşən yaşayış kompleksinin su təchizatı şəbəkəsinin layihələndirilməsi üçün verilmiş 11 iyun 2018-ci il tarixli 001/1/1710-tş nömrəli texniki şərtlər ləğv olunur, su təchizatı və kanalizasiya şəbəkəsinin layihələndirilməsi üçün hazırlanmış yeni texniki şərtlər göndərilmişdir. AZ0000169 nömrəli 21.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 05.04.2021-ci il tarixli EBAZ seriyalı 650245 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 3008,47 manat pul köçürülmüşdür. XV0000170 nömrəli 21.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 05.04.2021-ci il tarixli EBAZ seriyalı 650245 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 541,53 manat pul köçürülmüşdür. AZ0000171 nömrəli 21.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 05.04.2021-ci il tarixli EBAZ seriyalı 650243 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 2579,66 manat pul köçürülmüşdür. XV0000172 nömrəli 21.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 05.04.2021-ci il tarixli EBAZ seriyalı 650243 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 464,34 manat pul köçürülmüşdür. 226 nömrəli 31.05.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 30.04.2021-ci il tarixli EBBB seriyalı 042994 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 2579,66 manat pul köçürülmüşdür. 276 nömrəli 29.06.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 27.05.2021-ci il tarixli EBBC seriyalı 364118 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 2655,93 manat pul köçürülmüşdür. AZ0010334 nömrəli 24.08.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 30.06.2021-ci il tarixli EBBE seriyalı 126654 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 3081,36 manat pul köçürülmüşdür. AZ0010336 nömrəli 24.08.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 30.07.2021-ci il tarixli EBBF seriyalı 628899 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 2884,75 manat pul köçürülmüşdür. AZ0010387 nömrəli 27.09.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 30.08.2021-ci il tarixli EBBH seriyalı 282170 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 2552,54 manat pul köçürülmüşdür. AZ0010443 nömrəli 29.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına su və kanalizasiya xidmətinin haqqı üçün 2800 manat pul köçürülmüşdür. AZ0010487 nömrəli 23.11.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 01.11.2021-ci il tarixli EBBL seriyalı 691149 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 2738,98 manat pul köçürülmüşdür. XV0010488 nömrəli 23.11.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 01.11.2021-ci il tarixli EBBL seriyalı 691149 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 493,02 manat pul köçürülmüşdür. AZ0000559 nömrəli 30.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 30.11.2021-ci il tarixli EBBN seriyalı 269716 saylı elektron qaiməyə əsasən su və kanalizasiya xidmətinin haqqı üçün 2747,46 manat pul köçürülmüşdür. 31.05.2021-ci il tarixli 227 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçının ƏDV sub-uçot hesabından 30.04.2021-ci il tarixli EBBB seriyalı 042994 saylı elektron qaiməyə əsasən 464,34 manat ƏDV üçün köçürülmüşdür. 29.06.2021-ci il tarixli 277 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçının ƏDV sub-uçot hesabından 27.05.2021-ci il tarixli EBBC seriyalı 364118 saylı elektron qaiməyə əsasən 478,07 manat ƏDV üçün köçürülmüşdür. 24.08.2021-ci il tarixli 335 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçının ƏDV sub-uçot hesabından 30.06.2021-ci il tarixli EBBE seriyalı 126654 saylı elektron qaiməyə əsasən 554,64 manat ƏDV üçün köçürülmüşdür. 24.08.2021-ci il tarixli 337 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçının ƏDV sub-uçot hesabından 30.07.2021-ci il tarixli EBBF seriyalı 628899 saylı elektron qaiməyə əsasən 519,25 manat ƏDV üçün köçürülmüşdür. 27.09.2021-ci il tarixli 388 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçının ƏDV sub-uçot hesabından 30.08.2021-ci il tarixli EBBH seriyalı 282170 saylı elektron qaiməyə əsasən 459,46 manat ƏDV üçün köçürülmüşdür. 30.12.2021-ci il tarixli 560 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçının ƏDV sub-uçot hesabından 30.11.2021-ci il tarixli EBBN seriyalı 269716 saylı elektron qaiməyə əsasən 494,54 manat ƏDV üçün köçürülmüşdür. EBBP 020248 nömrəli 29.12.2021-ci il tarixli, EBBN 187880 nömrəli 29.11.2021-ci il tarixli, EBBL 691151 nömrəli 01.11.2021-ci il tarixli, EBBJ 962509 nömrəli 29.09.2021-ci il tarixli, EBBH 282171 nömrəli 30.008.2021-ci il tarixli, EBBF 628900 nömrəli 30.07.2021-ci il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif miqdarda pul göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 29.04.2021-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturadan görünür ki, iddiaçının cavabdehə 23029,54 manat borcu mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 27.05.2021-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturadan görünür ki, iddiaçının cavabdehə 29784 manat borcu mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 28.06.2021-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturadan görünür ki, iddiaçının cavabdehə 34510 manat borcu mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 29.07.2021-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturadan görünür ki, iddiaçının cavabdehə 32327 manat borcu mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 30.08.2021-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturadan görünür ki, iddiaçının cavabdehə 28622 manat borcu mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 29.09.2021-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturadan görünür ki, iddiaçının cavabdehə 39658 manat borcu mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 29.10.2021-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturadan görünür ki, iddiaçının cavabdehə 30685 manat borcu mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 29.11.2021-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturadan görünür ki, iddiaçının cavabdehə 30780 manat borcu mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 29.12.2021-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturadan görünür ki, iddiaçının cavabdehə 29830 manat borcu mövcuddur. 132066 nömrəli 19434603 nömrəli abonent haqqında məlumatdan görünür ki, 2021ci il üzrə iddiaçının cavabdehə 41552,92 manat borcu mövcuddur. 132066 nömrəli 19434603 nömrəli abonent haqqında məlumatdan görünür ki, 2021ci il üzrə iddiaçının cavabdehə 41552,92 manat borcu mövcuddur. 130808 nömrəli 19378567 nömrəli abonent haqqında məlumatdan görünür ki, 2021ci il üzrə iddiaçının cavabdehə 315022,60 manat borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli 10/5528 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı MMC-yə məxsus “Yeni Bakı” yaşayış kompleksinin mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr bağlanmadan, qoşulma aktı tərtib edilmədən, həmin MMC ilə bağlanmış müqavilələrə “Su təchizatı və kanalizasiya müəssisəsi və istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən akt” əlavə edilməklə balans mənsubiyyəti sərhədi müəyyən edilmədiyinə və quyunun içərisində CTB100X markalı 21100361 nömrəli su sayğacı quraşdırıldığına görə, həmin mübahisəli CTB100X markalı 21100361 saylı su sayğacı “Sudan istifadə qaydaları”nın 1.7, 1.8, 1.12, 6.1 bəndlərinin, 25 fevral 2021-ci il tarixli 001/1/126-tş nömrəli “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlər”in “CTB50X, ...CTB100X, ...CTB200UD turbinli isti və soyuq su sayğacların pasportunun “Montaj, quraşdırılması və işə hazırlığı” adlanan 6-cı bəndinin tələblərinə zidd (yəni düzgün olmatan qaydada) quraşdırılmışdır. Həmin rəyə əsasən, “Abonent haqqında məlumat” vərəqəsində 07.04.2021-ci il tarixdən əvvəlki 12 ay ərzində sərf edilmiş suyun və çirkab suyuların axıdılma həcminin göstərilmədiyindən, mübahisəli CTB100X markalı 21100361 nömrəli su sayğacın meteroloji (texniki) göstəricilərə cavab verib-verilməməsinin yoxlanılmadığına, eləcə də, ekspert vəsatəti ilə xahiş edilmiş əlavə materiallar su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyi, suyum axma sürəti və abonentin iş rejimi barədə məlumatlar tam şəkildə təqdim edilmədiyinə görə Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksində iddiaçı tərəfindən sərf olunmuş suyun orta aylıq sərfinin, həmçinin 07.04.2021-ci il tarixdən 08.07.2021-ci il tarixədək hansı məbləğdə artıq su sərfiyyatının hesablanması mümkün deyildir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Cavabdeh ASC-nin “X6 İdarəsi”nin ölçü cihazlarının qəbulu və təmiri sahəsinin mühəndisi X3 bildirdi ki, iddiaçıya quraşdırılmış CTB100X markalı 21100361 saylı su sayğacı sökülərək çıxarılmış əvvəlki sayğacın yerində texniki şərtlərə əsasən d=1400 mm-lik borudan ayrılan d=100 mm-lik borunun üzərində giriş nöqtəsində quraşdırılmışdır. Həmin sayğacın qorunması üçün iddiaçı tərəfindən mühafizə kamerası tikilmiş, girişi qıfıllanmışdır. Texniki şərtin tələblərinə əsasən iddiaçıya daha yaxın ərazidə və ya digər yerdə hazırkı halda sayğac quraşdırılması mümkün deyildir. Hüquqi dəyərləndirmə: Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə” və “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə” 19378567/130808 və 19434603/132066 saylı müqavilələr bağlanmış və həmin müqavilələrin 2.1.3-cü bəndinə əsasən 07.04.2021-ci il tarixdə ölçmə cihazı (su sayğacı) quraşdırılmışdır. İddiaçı bildirir ki, cavabdeh tərəflər arasında olan məhkəmə mübahisəsinin nəticəsini gözləmədən heç bir standarta cavab verməyən və meteroloji göstəriciləri və istehsal mənşəyi məlum olmayan sayğac quraşdırmış, iddiaçıya həmin sayğacın göstəriciləri əsasında qanunsuz və əsassız borc hesablanmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən su xətti üzərində 07.04.2021-ci il tarixdə mexaniki tipli sayğac quraşdırılmışdır. Həmin sayğacın pasportundan da göründüyü kimi, sayğac texniki şərtlər əsasında hazırlanmış, borudan keçən içməli suyun həcmini ölçmək üçün nəzərdə tutulmuşdur. Sayğac “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs tərəfindən yoxlanılmış, həmin pasportun tələblərinə uyğun quraşdırılmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 58-ci maddəsinə əsasən ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə və tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində də təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir. Materiallardan müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği 07.04.2021-ci il tarixdə quraşdırılmış sayğacın göstəriciləri əsasında hesablanmış borcdur. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin və tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə” və “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə” 19378567/130808 və 19434603/132066 saylı müqavilələrin 2.1.3-cü bəndinə əsasən istehlakçıya verilən suyun həcmi suölçən cihazlar vasitəsi ilə müəyyən edildiyindən məhkəmə iddiaçının cavabdeh tərəfindən tərəflər arasında olan məhkəmə mübahisəsinin nəticəsini gözləmədən qanunsuz olaraq sayğacın quraşdırılması barədə dəlilini əsassız hesab edir. İddiaçı həmin sayğacın standartdan kənar olmasını bildirsə də, iddiaçı bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş su sayğacının pasportundan görünür ki, quraşdırılmış sayğac “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs tərəfindən yoxlanılmış və yoxlayıcının imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli 10/5528 nömrəli ekspert rəyində mübahisəli CTB100X markalı 21100361 saylı su sayğacı “Sudan istifadə qaydaları”nın 1.7, 1.8, 1.12, 6.1-ci bəndlərinin, 25 fevral 2021-ci il tarixli 001/1/126-tş nömrəli “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlər”in, “CTB50X, ...CTB100X, ...CTB200UD turbinli isti və soyuq su sayğacların pasportunun “Montaj, quraşdırılması və işə hazırlığı” adlanan 6-cı bəndinin tələblərinə zidd (yəni düzgün olmatan qaydada), yəni quyu tipli tikilinin içərisində quraşdırıldığı göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 101.7-ci (“Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.”) və 103.1-ci (“Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.”) maddələrini rəhbər tutaraq işdə olan 07 dekabr 2021-ci il tarixli 10/5528 nömrəli ekspert rəyinə tənqidi yanaşır. Belə ki, su sayğacının pasportunun “Montaj, quraşdırılması və işə hazırlığı” adlanan 6cı bəndinin tələblərində su sayğacının məhz quyularda quraşdırılmasının qadağan edildiyi göstərilmişdir. Məhkəmə araşdırmasının nəticəsində əvvəlki su sayğaclarının da həmin nöqtədə quraşdırıldığı, habelə həmin ərazidə mühafizə kamerasının iddiaçı tərəfindən və onun təşəbbüsü ilə hazırlandığı müəyyən edilmişdir. Hazırkı işdə sayğacın qanunsuz hesab edilməklə sökülməsi və həmin sayğac əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Bundan əlavə, iddia ərizəsində cavabdeh tərəfindən 25 fevral 2021-ci il tarixli 001/1/1126-tş saylı təsdiq edilmiş “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” texniki şərtlərin layihəsinə əsasən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmasının təmin edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması və “Yeni Bakı” Yaşayış Kompeksində yerləşən mənzillərin abonentləşdirilməsi xahiş edilsə də, iddiaçı “Yeni Bakı” Yaşayış Kompeksində yerləşən mənzillərin (yaşayış və qeyri-yaşayış sahələri) mülkiyyətçilərini təmsil etmək səlahiyyətini təsdiq edən sənəd təqdim etməmişdir. Bundan əlavə, materiallarda olan iddiaçının 2005-ci il tarixli Nizamnaməsinin 8.1-ci bəndinə əsasən cəmiyyərin yaradılmasının və fəaliyyətinin əsas məqsədləri müxtəlif növ məhsulların istehsal və realizasiya edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmini, cəmiyyətin fəaliyyətinən gəlirin əldə edilməsi, cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına cəmiyyətin, cəmiyyətin işçilərinin və təsisçilərinin iqtisadi maraqlarını təmin etməkdən ibarətdir. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı həmin iddianın qaldırılması ilə bağlı müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia tələblərinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edilməldiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-219/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-219/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver