Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2199/2021 15.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC (Binəqədi rayon Sukanal İdarəsi) tərəfindən 100398 abonent kodu üzrə əssasız olaraq hesablanmış 6939,44 manat borcun silinməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal idarəsi ilə İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamenti (BRQİD) arasında bağlanmış 05.01.2021-ci il tarixli, 19270806 saylı xidmət müqaviləsinə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətləri həyata keçirilir. Həmin müqavilə şərtlərinə əsasən BRQİD tərəfindən istifadə edilmiş suya görə yaranmış borcla bağlı tərəflər arasında 07.01.2021-ci il tarixdə tərtib olunmuş qarşılıqlı üzləşmə aktlarında borc məbləğinin artıq həcmdə göstərildiyi müəyyən edilmişdir. Belə ki, 2016-2021-ci illər ərzində Birlik tərəfindən Binəqədi rayonu üzrə TİX-nin su sərfiyyatına görə İdarəyə 13895,79 manat ödənilmişdir. Həmin dövr ərzində 13895,79 manat dəyərində sudan istifadə edilmişdir. Binəqədi rayon Sukanal İdarəsi əsassız olaraq üzləşmə aktlarında və hesablarında (07.01.2021-ci il tarixdə qalıq borcu haqqında məlumat cədvəlində) Binəqədi rayonu üzrə TİX-nin Cavabdeh ASC-yə 6939,44 manat borcu olduğu qeyd etmişdir. Borc əsasız olduğundan həmin üzləşmə aktları tərəfimizdən qəbul edilməmişdir. Ödənişlərin olunmasına baxmayaraq Cavabdeh ASC tərəfindən Birliyə əsassız olaraq şişirdilmiş borc hesablanmışdır. Bu borcun mənbəyini isə Abonent Saldosundan müəyyən etmək mümkün olmamışdır. Vaxtaşırı ödənişlərin olunmasına baxmayaraq bu cür borc məbləğinin yaranmasını tamamilə qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh ASC-nin Binəqədi Rayon Su kanal İdarəsi ilə əvvəllər İddiaçı İB X3 Sahəsi arasında müqavilələr olmuş, sonradan 10 noyabr 2015-ci il tarixindən Birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradımışdır. Sonuncu müqavilə Cavabdeh ASC Binəqədi Rayon Su kanal İdarəsi ilə İddiaçı İB-nin Bakı Regional Qaz İstismar Departamenti arasında 05.01.2021-ci il tarixdə bağlanmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərsu ASC tərəfindən birtərəfli qaydada imzalanmış 07.01.2021-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı İB-nin 100398 abonent kodu üzrə 6939,37 manat borcunun olduğu göstərilmişdir. Hazırda iddiaçı istifadə olunan suya görə ödənişləri tam etdiklərini və qeyd olunan əsassız olaraq hesablanmış borc məbləğinin silinməsini xahiş edir. Həmçinin iddiaçı tərəf qeyd edir ki, onlara əsassız olaraq borc məbləği hesablandığından sayğaca yüklənmiş pulun yarı hissəsi borc məbləğinin silinməsinə çıxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yüklənmiş pulun yarı hissəsinin hesablanmış borc məbləğinə çıxıldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, hazırda iddiaçının 5363,38 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəf borcun yaranma mənbəyinin abonent haqqında məlumatda əks olunduğunu bildirsə də, məhkəmə qeyd olunan sənədi mötəbər sübut kimi qəbul etmir. Belə ki, abonent haqqında məlumatda hesablanmış borc məbləğinin nə zaman (hansı ildə, hansı aylar üzrə nə qədər), hansı əsasla yaranması halı öz əksini tapmamışdır, həmçinin abonent haqqında məlumat Azərsu ASC tərəfindən birtərəfli qaydada tərtib edildiyindən ona mötəbər sübut kimi qiymət verilə bilməz. Belə olan halda, cavabdeh tərəfindən hesablanmış 6939,44 manat borc məbləğinin hansı əsasla nə zaman yarandığına dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, qeyd olunan hesablanmış 6939,44 manat borc əsassızdır və silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İB-nin Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı İB-nə 100398 abonent kodu üzrə əsassız olaraq hesablanmış 6939,44 (altı min doqquz yüz otuz doqquz manat, qırx dörd) manat məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı İB-nə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2199/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2199/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver