Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2290/2021 03.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə iqtisadi işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 93390,20 manat borcun İddiaçı MMC-nin **********00037 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Güzdək kəndində yerləşən **********00037 saylı abonent kodu olan kərpic sexi fəaliyyət göstərir. Həmin sex Cavabdeh tərəfindən təbii qazla təmin edilmişdir. Sexdə istifadə edilən təbii qazın dəyəri İddiaçı MMC tərəfindən vaxtlı vaxtında ödənilmişdir. Ayrı ayrı tarixlərdə cavabdeh təşkilat əsassız sayğac göstəricisindən əlavə borclar hesablamışdır. Belə ki, 2020-ci ilin aprel ayında 21659,60 manat, may ayında 18381,40 manat, iyun ayında 8405 manat, iyul ayında 7151,40 manat, avqust ayında isə 23592,20 manat, 2021-ci ilin fevral ayında 9533 manat, mart ayında isə 4667,60 manat, ümumilikdə 93390,20 manat məbləğində əsassız borc hesablanmışdır. 2020-ci il ərzində əsassız borcun silinəcəyinə vəd verən cavabdeh təşkilat əksinə indi məni həmin borcu ödəməyə məcbur edir. Cavabdeh İB ölkə ərazisində təbii qazın satışı sahəsində inhisarçı orqandır. Hesablanmış borcu əsassız hesab etməyinə baxmayaraq Birlik qazın dayandırılması xəbərdarlıqı ilə borcun ödənilməsini məcbur edir. Fəaliyyət sahələrindən göründüyü kimi təbii qaz olmadıqda sexin fəaliyyəti tamamilə dayanır bu da Cəmiyyətin müflisləşməmə gətirib çıxara bilər. Bu səbəbdən hesablanmış borc əsassız hesab edilsə də, hissə hissə ödəmə məcburiyyətində qalmışdı. Cəmiyyət tərəfindən əsassız hesablanmış borcun yaranma səbəbləri araşdırılsa da, bununla bağlı cavabdeh təşkilat hər hansı qanuni sənəd təqdim etməmişdir. Cavabdeh təşkilat tərəfindən yalnız bir neçə saxta akt təqdim edilmişdir. Saxta dedikdə qeyd etmək istəyir ki, sayğacın işləməməsinə görə əlavə hesabatın aparılması üçün tərtib edilmiş aktlar heç bir qanunda və ya normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. Bundan başqa saxta aktlarda qeyd edilir ki əmsal fərqinə görə əlavə hesabat aparılır. Əmsal fərqi deyə bir anlayış heç bir norma və qaydalarda nəzərdə tutulmamışdır. Əmsal adlanan rəqəmlər cavabdeh tərəfindən haradan götürülür, hansı qaydalara əsasən bu cür hesabatın aparılması müəyyən deyil. Eyni zamanda saxta aktların “istehlakçının nümayəndəsi bölümündə MMC-nin direktoru İbad Əliyevin adı qeyd edilsə də, orada çəkilmiş imza ona məxsus deyil. Abonent saldosundan da göründüyü kimi sayğac tam saz vəziyyətdə olduğu və hesabatı dəqiq apardığı halda mənə sayğac göstəricisindən əlavə əsassız borclar hesablanmışdır. Təsəvvür etsək ki, qaz sayğacının elektron hissəsi işləmir, belə olan halda nə səbəbdən qaz sayğacı çıxarılaraq təmirə göndərilmir və ya yenisi ilə əvəz edilmir. Qeyd edilir ki, qaz sayğacı istixanadan kənarda, SOCAR-a məxsus xüsusi mühafizə edilən ərazidə yerləşir və sayğac göstəriciləri cavabdeh təşkilatın əməkdaşları tərəfindən götürülür. Abonent saldosundan da göründüyü kimi cavabdeh təşkilat sayğac göstəricilərinə əsasən müəyyən edilmiş borcun üzərinə heç bir hüquqi əsası olmayan əlavə borclar hesablamışdır. Belə bir hesablama qaydası heç bir qanunda, normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Qanunvericilikdə istifadə edilmiş təbii qazın dəyərinin müəyyən edilməsinin iki üsulu var bir sayğac vasitəsi ilə, ikinci sayğac olmadığı təqdirdə ötən ayın orta günlük sırfiyyatına uyğun. Göründüyü kimi cavabdeh təşkilat özünnən yeni hesabat üsulu müəyyən edib və qanunsuz olaraq istehlakçılara tədbiq edir. Hesab edir ki, ilk növbədə Cavabdeh İB-nin əməkdaşları MMC-yə məxsus obyektdə yoxlama aparılması (qaz sayğacına baxış keçirilməsi) ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd təqdim etməli və sonra yoxlama aparmalı idilər. Cavabdeh İB-də belə bir sənəd mövcud deyildir və onlar qanunvericiliyin tələblərini pozaraq bu cür yoxlamalar aparırlar. Yoxlamanını keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd olmadığı üçün keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş materiallarında olan "Cavabdeh" İB ilə istehlakçı İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 31.10.2019-cu il tarixli, müqavilədən görünür ki, müqavilənin şərtlərinə əsasən, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: -Cavabdeh İB ilə İddiaçı arasında imzalanmış 07.11.2019-cu il tarixli debitor borcun ödənilməsi haqqında” Razılaşma protokoluna əsasən istehlakçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-yə 44263,20 manat məbləğində borcunun olmasını qəbul edir, həmin borcdan 15000 manat ilkin ödəniş edəcəyini, təbii qazın sərfiyyatından əlavə olaraq 2019cu ilin noyabr, dekabr aylarında hər ayın 25-nə kimi 14631,60 manat olmaqla Cavabdeh İB-yə ödəməyi öhdəsinə götürür, istehlakçıya hesab-faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu razılaşma Protokolunun 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdeh İB-yə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. -Abonent kodu **********00020 olan İddiaçı MMC-nin abonent saldosundan görünür ki, 2021-ci ilə aktlar üzrə məbləğ 126186,60 manat qeyd edilmişdir. -İddiaçı tərəfindən Cavabdeh İB-nə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı, 2020-ci ilin aprel ayında 21659,60 manat, may ayında 18381,40 manat, iyun ayında 8405 manat, iyul ayında 7151,40 manat, avqust ayında isə 23592,20 manat, 2021ci ilin fevral ayında 9533 manat, mart ayında isə 4667,60 manat, ümumilikdə 93390,20 manat məbləğində əsassız borcun sayğac göstəricisindən əlavə hesablandığını nəzərə alaraq həmin borcun tam olaraq silinməsini xahiş etmişdir. Əks təqdirdə borcun silinməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Cavabdeh Bakı X4 Departamentinin “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktının surətindən görünür ki, 2020ci il ilin aprel ayına abonent İddiaçı **********00037 saylı hesab koduna 108298 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 21659,60 manat; ******* nömrəli akta əsasən 2020-ci il may ayına 91907 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 18381,4 manat; ******* nömrəli akta əsasən 2020-ci il may ayına 42025 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 8405 manat; ******* nömrəli akta əsasən 2020-ci il avqust ayına 117961 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 23592,20 manat; ******* nömrəli akta əsasən 2021-ci il fevral ayına 47665 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 9533 manat; ******* nömrəli akta əsasən 2021-ci il fevral ayına 23338 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 4667,60 manat borc hesablanmışdır. Belə olan halda məhkəmə iddiaçının istifadə etdiyi qaza görə haqq ödəməli olduğunu, nəzərə alaraq hesab edir ki, Cavabdeh İB təbii qazdan istifadəyə görə 93390,20 manat məbləğində borc hesablamaqda haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini istinad etdiyi halları, yəni mübahisəli borc məbləğini cavabdehin təqsirinə görə əsassız hesablanmasını sübut edəcək kifayət qədər mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2290/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2290/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver