Məhkəmə qərarları › İş №e-2-2(113)-2334/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2334/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2334/2021 17.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Firmasının Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Firması (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən iki mərtəbəli binanın yarımzirzəmisində olan obyektə qanunsuz olaraq hesablanmış 1262 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ikimərtəbəli binanın yarımzirzəmisindəki 40,3 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Tərəflər arasında “Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” 16.06.2020-ci il tarixdə 059023 saylı müqavilə bağlanmış, su xətti üzərinə 16.10.2020-ci il tarixdə smart tipli sayğac quraşdırılmışdır. Həmin ünvana Cavabdeh ASC tərəfindən tərtib edilmiş 16.02.2021-ci il tarixli akta əsasən, su sayğacı quraşdırılan müddətədək, yəni 16.06.2020-ci ildən 16.10.2020-ci il tarixədək guya 631 manat sudan, 631 manat çirkab sudan, cəmi 1262 manat sudan istifadə etdiyinə görə borcu vardır. Qeyd olunan borcu qanunsuz və əsassız hesab edir. Qeyd olunan məbləğdə suyu fəaliyyət göstərən firmalarda 9-10 il ərzində istifadə etmək mümkündür. Belə ki, 16.02.2021-ci il tarixli, ********* saylı cavabdeh tərəfindən tərtib olunmuş bildiriş və ona əlavə olunmuş “Su təhcizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi Cədvəli”ndə qeyd olunmuşdur ki, guya yuxarıda qeyd edilən ünvanda suya görə 631 manat, çirkab suya görə 631 manat cəmi 1262 manat borcu yaranmışdır, həmin bildirşə əlavə edilmiş cədvəldən isə görünür ki, qeyd edilən məbləğ cavabdeh tərəfindən “Sudan istifadə Qaydaları”na uyğun olaraq hesablanmışdır. Sözü gedən bildiriş və cədvəl tərtib olunan zaman ona heç bir xəbərdarlıq edilməmiş, onun iştirakı təmin olunmamışdır. Göründüyü kimi cavabdehin nümayəndələri saxtakarlıq edərək şişirdirilmiş məbləğ yazaraq qanunsuzluğa yol vermişlər. Bundan başqa sözü gedən ünvanda hər hansı bir özbaşına qoşulma, qeyri-qanuni istifadə və sairə olmamışdır. Eyni zamanda firma uzun müddətdir ki, fəaliyyət göstərmir və həmin ünvanda heç kim sudan və çirkab sudan istifadə etməmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi M.İbrahimli məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi S.Bağırov iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında “Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” 16.06.2020-ci il tarixdə 059023 saylı müqavilə bağlanmış, lakin sayğacın dəyəri gec ödənildiyindən müqavilə bağlandıqdan 4 ay sonra, yəni 16.10.2020-ci il tarixdə smart tipli sayğac quraşdırılmışdır. Sayğac olmadığı dövrdə sudan istifadə edilmiş, lakin sayğac olmadığı üçün ödənilməli olan vəsait “Sudan istifadə Qaydaları”na uyğun olaraq hesablanmışdır. Göstərilən səbəbdən, iddia tələbi əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001449 saylı, 27.03.2002-ci il tarixli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanda yerləşən iki mərtəbəli binanın yarımzirzəmisindəki 40,3 kv/metr qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” 27.07.2020-ci il tarixli 42990816 nömrəli müqaviləyə əsasən müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəlikləri müəyyən edilir. Müqavilənin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh ASC-nin Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1 kubmetr xammal suya görə hesablaşma ƏDV ilə ___ manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 kubmetr su üçün ƏDV ilə 1,00 manat və istehlakçıdan qəbul edilmiş 1 kubmetr tullantı suyuna görə hesablaşma ƏDV ilə 1,00 manat müqabilində müəyyən edilir. Mövcud xəttə su sayğacının quraşdırılması barədə sənədə əsasən cavabdeh tərəfindən iddiaçıya 16.10.2020-ci il tarixdə 01 ədəd smart tipli sayğac quraşdırılmış, plomblanaraq istismara qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 16.02.2021-ci il tarixli ********* saylı hesab fakturaya əsasən iddiaçının ödəməli olduğu borc 1262,0 manat (sudan istifadəyə görə 631,0 manat, çirkab suya görə 631,0 manat) təşkil edir. İddiaçıya məxsus abonent haqqında məlumatdan görünür ki, 2021-ci il üçün iddiaçının 1272 manat qalıq borcu vardır. İddiaçı tərəfindən cavabdehə “hesablanmış 1262 manat pulun silinməsi haqqında” pretenziya məktubu ünvanlanmış, həmin ünvanda yerləşən firmanın uzun müddətdir ki, fəaliyyət göstərmədiyi, orada sudan və çirkab sudan istifadə edilmədiyi göstərilmiş, göstərilən pulun əsassız hesablanması səbəbindən silinməsi xahiş edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 18.03.2021-ci il tarixli məktubda göstərilmişdir ki, tərəflər arasında bağlanmış 16.06.2020-ci il tarixli 059023 saylı müqaviləyə əsasən su xətti üzərində 16.10.2020-ci il tarixdə smart tipli sayğac quraşdırılmış, sayğac quraşdırılana qədər olan dövr üçün hesabat isə borunun en kəsiyinə görə (d=20 mm uyğun) aparılmışdır. Hüquqi dəyərləndirmə: Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında “Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” 16.06.2020-ci il tarixdə 059023 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 16.10.2020-ci il tarixdə smart tipli sayğac quraşdırılmışdır. İddiaçı bildirir ki, sayğac quraşdırılan ünvanda hər hansı bir özbaşına qoşulma, qeyriqanuni istifadə və sairə olmamış, firma uzun müddətdir ki, fəaliyyət göstərməmiş, həmin ünvanda heç kim sudan və çirkab sudan istifadə etməmişdir, buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya qanunsuz və əsassız borc hesablanmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında bağlanmış 16.06.2020-ci il tarixli 059023 saylı müqaviləyə əsasən su xətti üzərində 16.10.2020-ci il tarixdə smart tipli sayğac quraşdırılmış, sayğac quraşdırılana qədər olan dövr üçün hesabat isə borunun en kəsiyinə görə (d=20 mm) uyğun aparılmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 58-ci maddəsinə əsasən ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə və tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində də təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir. Hazırkı işdə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, materiallardan müəyyən olunur ki, iddiaçının tutulmasını tələb etdiyi borc məbləği sayğac quraşdırılmamışdan əvvəlki dövrlərə aiddir. Sayğac quraşdırılmamışdan əvvəlki dövr üçün borcun hansı qaydada hesablanması sualına cavab olaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, borc “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavədə göstərilmiş cədvələ uyğun hesablanmış, bu barədə iddiaçıya hesab-faktura təqdim edilmişdir. Həmin hesablama aparılarkən, iddiaçının istifadə etdiyi borunun iç diametrinin 20 mm olması əsas götürülmüşdür. İddia ərizəsində firmanın uzun müddətdir ki, fəaliyyət göstərmədiyi, həmin ünvanda sudan və çirkab sudan istifadə edilmədiyi göstərilsə də, iddiaçı bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən iddiaçıya məxsus ünvanda neçə “dm” su borusundan istifadə olunması və həmin boru vasitəsi ilə bir saat ərzində nə qədər su sərfiyyatı olduğunun müəyyən edilməsi, onun kanalizasiya sisteminə qoşulub-qoşulmaması, qoşulubsa, birləşmə borusunun diametri, çirkab suyun axma sürətindən və abonentin iş rejimindən asılı olaraq bir saat ərzində borudan axan çirkab suyun miqdarı və məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilmiş 16.08.2021-ci il tarixli məlumata əsasən, tədqiqat obyektinin təqdim edilməsi barədə ekspert vəsatəti təmin edilmədiyindən və baxışın keçirilməsində iddiaçı tərəf iştirak etmədiyindən rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən hesablanmış borcun silinməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin ediməldiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar