Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2348/2022 27.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı «Hacı Camalxan» Kəndli /Fermer/ Təsərrüfatının cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı «Hacı Camalxan» Kəndli /Fermer/ Təsərrüfatı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisinin sərfiyyatına görə əlavə olaraq hesablanmış 15131,20 manat (ƏDV daxil) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC X4 Təhcizatı və Satışı İdarəsi Salyan Elektrik Şəbəkəsi tərəfindən iddiaçıya (abonent kodu **********3) göndərilmiş 14 mart 2022-ci il tarixli, 03/001 № li xəbərdarlıqda iddiaçının istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 14 mart 2022-ci il tarixinə 19.721,20 manat məbləğində debitor borcunun yaranmasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın müvafiq bəndlərinə uyğun olaraq təchizatçının elektrik enerjisi haqqının vaxtında ödəməyən istehlakçının borcu ödənilənədək onun enerji təchizatını dayandırmaq hüququna malik olduğuna, bundan əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 893 saylı “Enerji və su sahələrində maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında” sərəncamında kommunal xidmət təchizatçısı şirkətlərinə kommunal xidmətlərə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılması tədbirlərinin həyata keçirilməsinin tapşırılmasına istisna olaraq vaxtında ödənilməmiş borca görə iddiaçının enerji təchizatının əlavə xəbərdarlıq edilmədən 17 mart 2022-ci il saat 10:00-dan, yəni xəbərdarlığı tərtib edildiyi gündən 3 (üç) təqvim günü sonra dayandırılacağı bildirilmişdir. İddiaçının 14 mart 2022-ci il tarixinə X1yə görə 4.500 manat (3.889,83 borc, 700,17 manat ƏDV) məbləğində debitor borcu olmuşdur ki, 17 mart 2022-ci il tarixində sözügedən debitor borcunun tam məbləğdə ödənilməsi tərəflərindən təmin olunmuşdur. "xxxx" ASCnin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları A.E.Məmmədov, A.A.Məmmədov və Ə.T.Eyniyev tərəfindən 02 fevral 2022-ci il tarixdə tərtib etdikləri NDQ seriyalı 011293 nömrəliaktda həmin gün saat 17:05-dən 18:00-dək elektrik enerjisi uçotu və X1 qaydalarına riayət olunması məqsədi ilə obyektə məxsus sayğaca baxış keçirdiklərinə və həmin baxış zamanı sayğacın sxemindən keçən yükü düzgün qeyd etmədiyinin, sayğacın tablosunda olan gərginlikərin (Va=50,6 Vb=51,7 V=19,9) nominal gərginlikdən transformatorun 6 kv-luq “C” faza qoruyucusunun yerində olmadığını, ona görə də gərginliyin transformatorun İİ tərəfi “C” faza çubuğundan sayğac sxeminə gərginliyin gəlmədiyinin müəyyən olunduğuna istinad olunaraq qeyd edilmişdir ki, baxış zamanı sayğac sxemində olan yüklərin 0,62 A, 0,6 A, 0,67 A Pfak=63,4 kvt (altmış üç onda dörd) Psay=34,8 kvt, qoyulmuş güc cərəyan transformatorunun İ tərəfcərəyanına görə P=519 kvt təşkil edir. Daha sonra sözügedən aktda cərəyan transformatorları yerləşən yuvanın qapılarının möhürlərinin 13102523, 0144296, gərginlik transformatorunun yerləşdiyi yuvanın qapısının möhürlərinin isə 131025230, ********* olduğu göstərilmişdir. Sözügedən aktda gərginlik transformatorunun 6 kvt “C” faza qoruyucusunun bərpa edilməsi, transformatorun qapısının yenidən möhürlənməsi, sayğacın yeni “Luna” tipli sayğacla əvəz edilməsi, çıxarılan sayğacın polietilen torbaya qoyulması və möhürlənməsi, eləcə də sayğacın laboratoriya şəraitində sayğacın yaddaşının oxunması və bütün parametrlərinə rəy verilməli olduğu göstərilmişdir. Yuxarıda sözügedən 011293 № li akta istinadən "xxxx" ASC Sayğac Quraşdırma və Uçotu Nəzarət İdarəsi tərəfindən tərtib edilmə tarixi göstərilməyən 074855 № li protokolda göstərilmişdir ki, 011293 № li akta əsasən “obyektin sayğacı yenisi ilə əvəz olundu”. Daha sonra həmin protokolda göstərilmişdir ki, yeni sayğacın sxemi bərpa olunduqda məlum olmuşdur ki, “C” fazasında gərginlik yoxdur. Gərginlik “C”-də qüsur yaranmışdır. Ua=58V, Ub=57, Uc=0. Gərginlik “Ct” qüsur olduğu üçün uçot-bərpa etmək mümkün olmadı. “Gt”-nin yenisi ilə əvəz olunması və bu barədə şəbəkəyə məlumat verilməsi abonentə izah edildi. Sayğac torbaya qoyularaq və rəy verilməsi üçün "xxxx" ASC-yə təmir şöbəsinə göndərildi. "xxxx" ASC laboratoriya Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş (011293 saylı Akt üzrə) “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında” 001374 № li Akt-protokoldan görünür ki, yoxlamanın nəticəsində nümunəvi Ö.V-nin verilən yükü ilə yoxlanan sayğacın yük göstəricisi arasında buraxıla bilən xəta faizi norma daxilində olmaqla, sayğacın dövlət möhürü normaldır”. Daha sonra yuxarıda sözügedən Aktprotokolda göstərilmişdir ki, sayğac nominal buraxılan xəta ilə işləyir. Lakin yoxlama zamanı sayğacın proqram əlavəsi oxunan zaman sayğacın “C” fazasında gərginlik itməsi müşahidə olundu. Yuxarıda istinad olunan Akt-protokola əsasən iddiaçıya ümumilikdə 15.131,20 manat (12.823.05 sərfiyyatın dəyəri 2.308,15 manat ƏDV) məbləğində əlavə vəsait hesablanmış, bu vəsaitin ödənilməsinin təmin edilməsi üçün cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ********* № li hesab ödəniş vərəqi tərtib edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisinin sərfiyyatına görə ümumilikdə 15.131.20 manat (12.823,05+2.308,15 ƏDV) məbləğində əlavə pul vəsaitinin hesablanması əsassız və qanunsuz olmuşdur. Belə ki, tərəflərindən sayğaca hər hansı bir müdaxilə edilməmiş, cavabdeh tərəfindən bu xüsusatı təsdiq edən heç bir hüquqi əsas göstərilməmiş, heç bir sübut təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixli, 001374 №li Akt-protokolda göstərilənlər yuxarıda sözügedən məbləğdə əlavə vəsaitin hesablanmasına əsas ola bilməz. 074855 № li protokol əsasında sayğac çıxarılaraq rəy verilməsi üçün "xxxx" ASC-nin laboratoriya Mərkəzinə göndərilməsində, eləcə də elektirk sayğacının laboratoriya şəraitində araşdırılmasında nümayəndənin iştirakı təmin edilməmiş, bu laboratoriya araşdırmalardan xəbərləri belə olmamışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac onların balansında olmasına baxmayaraq tərəflərindən ona müdaxilə edilməsi mümkün deyildir, bundan əlavə cavabdehin nümayəndələri ayda iki dəfə olmaqla sayğaca baxış keçirdikləri halda, onlara sayğacda hər hansı qüsurun olması barədə hər hansı məlumat verilməmişdir. Bu səbəbdən cavabdehin nümayəndələrinin vaxtında aşkar etməli olduğu qüsura görə onlara bu qədər borcun hesablanması qanunsuzdur. Bundan əlavə, sayğacın laboratoriya şəraitində yoxlanması prosesində onların iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac iddiaçının balansındadır, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməmişdir, belə ki, xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilən zaman sayğacda qüsur aşkar edilmiş, sayğacın sərf olunan elektrik enerjisini tam qeydə almadığı müəyyən edilmişdir. Daha sonra sayğacın kompüter oxunması zamanı onların hər hansı müdaxiləsi olmadan iddiaçıya borc hesablanmışdır. Həmin borcun hansı qaydada hesablanması barədə dəqiq məlumat verə bilmir. Hazırda həmin borcun silinməsi üçün əsaslar yoxdur. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdehin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 011293 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemindən keçən yükü düzgün qeyd etmir. Belə ki, sayğacın tablosunda olan gərginliklər aşağıdır. Baxış zamanı məlum oldu ki, gərginlik transformatorun “C” faza qoruyucusu yerində yoxdur. Ona görə də gərginlik transformatorun İİ tərəf “C” faza çubuğundan sayğac sxemlə gərginlik gəlmir. Gərginlik transformatorun 6 kv “C” faza qoruyucusu bərpa edilsin və qapısı yenidən möhürlənsin. Sayğac yeni “Luna” tipli sayğacla əvəz edilsin. Çıxarılan sayğac polietilen torbaya qoyulsun və möhürlənsin. Laboratoriya şəraitində sayğacın yaddaşı oxunsun və bütün parametrlərlə rəy verilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli NDQ saylı 011293 nömrəli akta əsasən 15131,20 manat borc hesablanmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə xx.xx.2022-ci il tarixdə keçiriləcək yoxlama həmin gün dövlət reyestrində qeydə alınmışdır. Cavabdehin Sayğac quraşdırma və uçota nəzarət İdarəsi tərəfindən verilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında (tərtib edildiyi tarix göstərilməmişdir) 074855 nömrəli protokoldan görünür ki, 011293 nömrəli akta əsasən obyektin sayğacı yeni ilə əvəz olundu. Yeni sayğacın sxemi bərpa olunduqda məlum oldu ki, sayğacın “C” fazasında gərginlik yoxdur. GT qüsur olduğu üçün uçot dəstin bərpa edilməsi mümkün olmadı. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli N-761252011 nömrəli hesab ödəniş vərəqəsinə əsasən NDQ011293EİQ pozulması tipli aka əsasən elektrik enerjisi haqqı üçün iddiaçının 12823,05 manat əsas, 2308,15 manat isə ƏDV borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli N-762013831 nömrəli hesab ödəniş vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istifadə olunan elektrik enerjisi haqqı üçün iddiaçının 3889,93 maanat əsas borcu, 700,17 manat isə ƏDV borcu yaranmışdır. Cavabdehin X4 Təchizatı və Satışı İdarəsi Salyan Elektrik Şəbəkəsi tərəfindən iddiaçıya göndərilmiş 14 mart 2022-ci il tarixli 03/001 nömrəli xəbərdarlıq məktubundan görünür ki, obyektin istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 14 mart 2022-ci il tarixə 19721,20 manat debitor borcu yaranmışdır. Vaxtında ödənilməmiş borca görə obyektin enerji təchizatının əlavə xəbərdarlıq edilmədən 17 mart 2022-ci il saat 10:00-dan etibarən dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçının EBBO 459182 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üzrə cavabdehə ödənilməli olan borcun məbləği 6501 manat, EBBQ 098981 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə cavabdehə ödənilməli olan borcun məbləği 8280 manat, EBBR 919049 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə xx.xx.2022-ci i tarixindən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə cavabdehə ödənilməli olan borcun məbləği 5390,40 manat, EBBS 845110 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə cavabdehə ödənilməli olan borcun məbləği 4590 manat, EBBU 653267 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə cavabdehə ödənilməli olan borcun məbləği 1890 manat təşkil edir. Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, 248677 saylı protokola əsasən sayğacın dövlət möhürü normaldır. Sayğac normal buraxılan xəta ilə işləyir, lakin sayğacın proqram əlavəsi oxunan zaman sayğacın “C” fazasında gərginlik itməsi müşahidə olundu. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/6-1948 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin aparıcı mütəxəssisi olan X3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus sayğaca tərəflərindən iddiaçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı xx.xx.2022-ci il tarixli 011293 nömrəli aktda göstərilən qüsurlar aşkar edilmişdir. Həmin sayğaca iddiaçı tərəfindən hər hansı müdaxilə edilməmiş, belə ki, gərginlik transformatorunda olan qüsur nəticəsində sayğacın “C” faza qoruyucusu sıradan çıxmışdır. Cavabdehin regional bölmələrinin əməkdaşları tərəfindən ayda bir dəfə abonentlərin sayğaclarına baxış keçirilir, lakin iddiaçıya məxsus sayğac bir qədər mürəkkəb xüsusiyyətlərə malik olduğu üçün həmin sayğacda olan problemi vaxtında aşkar etmək mümkün olmamışdır. Baxış keçirilən gün sayğac çıxarılmış, yenisi ilə əvəz edilmişdir. Lakin gərginlik tranformatoru da sıradan çıxdığı və iddiaçı yenisini gec əldə etdiyi üçün həmin gün deyil, xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir. Sayğacın yaddaşı xüsusi kompyuter vasitəsilə oxunmuş, məlum olmuşdur ki, qeyd olunmuş qüsur xx.xx.2021-ci il tarixdən yaranmışdır. Bundan əlavə, müəyyən edilmişdir ki, sayğac istifadə edilmiş elektrik enerjisinin təxminən yarısını qeyd edə bilmir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdən gərginlik transformatorunun dəyişdirildiyi tarixə qədər, yəni xx.xx.2022-ci il tarixə qədər abonentə əlavə borc hesablanmışdır. Hazırda yeni sayğacda hər hansı qüsur yoxdur, normal işləyir. Bundan əlavə, sayğaca hər hansı müdaxilə edilmədən sıradan çıxdıqda, “X1 Qaydaları”na əsasən hesablaşma dövrü 3 aydan artıq olmamalıdır, bu qayda da tərəflərindən pozulmamışdır. Əlavə olaraq bildirdi ki, sayğacda olan problemin vaxtında aşkar edilməməsinin səbəbi onların regional bölmələrinin əməkdaşlarının həmin tipli sayğacların xüsusiyyətlərini yaxşı bilməməsidir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “X1 Qaydaları”nın: 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur (8 nömrəli əlavə). 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.8-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 10.7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur. 10.9-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi ... ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmış, həmin müqavilə əsasında sərf edilmiş elektrik enerjisinin qeydə alınması məqsədilə sayğac quraşdırılmış, həmin sayğac iddiaçının balansındadır. Belə ki, materiallarda olan xx.xx.2022-ci il tarixli 011293 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemindən keçən yükü düzgün qeyd etmir, sayğacın tablosunda olan gərginliklər aşağıdır. Baxış zamanı məlum oldu ki, gərginlik transformatorun “C” faza qoruyucusu yerində yoxdur. Ona görə də gərginlik transformatorun İİ tərəf “C” faza çubuğundan sayğac sxemlə gərginlik gəlmir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş Texniki Sahə üzrə tələblərə dair xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə iddiaçıya 15131,20 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin borc əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehin nümayəndəsi göstərilən borcun “X1 Qaydaları”nın tələblərinə əsasən yazıldığını göstərsə də, həmin borcun hansı qaydada hesablanması, sayğacda qüsur əmələ gəlmə tarixinin, habelə sayğacın elektrik enerjisini hansı hissədə qeyd edə bilməməsinin hansı qaydada müəyyən edildiyini təsdiq edən sənədləri Məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli yoxlamada iştirak etmiş şahid A.Məmmədov sayğacda pozuntunun xx.xx.2021-ci il tarixdən əmələ gəldiyini, pozuntunun xx.xx.2022-ci il tarixə qədər davam etdiyini göstərmiş, borcun da məhz həmin dövr üçün (təxminən 80 gündən çox) hesablandığını bildirmişdir. Halbuki, “X1 Qaydaları”nın 8.8 və 8.16-cı bəndlərinin tələblərinə əsasən enerjitəchizatı müəssisəsinin, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bundan əlavə, iddiaçının nümayəndəsi öz izahatında sayğacın laboratoriya şəraitində yoxlanması prosesində onların nümayəndəsinin iştirakının təmin edilmədiyini göstərmiş, “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli, 248677 saylı protokolda da abonentin nümayəndəsinin iştirakı barədə hər hansı məlumat qeyd olunmamışdır. Belə ki, “X1 Qaydaları”nın 7.6-cı bəndinə əsasən ... elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Göstərilənlərə əsasən, iddiaçıya 15131,20 manat məbləğində hesablanmış borc qanuni və əsaslı hesab edilə bilməz. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış 15131,20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “Hacı Camalxan” Kəndli /Fermer/ Təsərrüfatına əsassız olaraq hesablanmış 15131,20 (on beş min yüz otuz bir manat iyirmi qəpik) manat (ƏDV daxil) məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı “Hacı Camalxan” Kəndli /Fermer/ Təsərrüfatına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2348/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2348/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver