Məhkəmə qərarları › İş №e-2-2(113)-235/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-235/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-235/2022 11.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı əsassız hesablanmış borcun silinməsi işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin “Abşeron Su-Kanal” İdarəsi tərəfindən hesablanmış 16592 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsi ilə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair aralarında 26 avqust 2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sudan istifadə edilmiş və dəyəri ödənilmişdir. 2021-ci ilin iyun ayında cavabdehin nümayəndələri bildiriş verərək 16592 manat borcun olduğunu bildirdilər. “Abşeron Sukanal” İdarəsində borcun yaranma səbəblərini araşdırmaq üçün müraciət etsələr də onlar borcun illər üzrə sudan istifadəyə görə yaranmış borcun tam ödənilməməsi səbəbindən yarandığını və illər üzrə hesabat cədvəli təqdim etməmişlər. Cavabdeh tərəfindən 2021-ci ilin iyun ayınadək iddiaçının 16592 manat məbləğində borcu olması barədə heç bir məlumat, bildiriş verilməmişdir. İstifadə edilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtı vaxtında ödəmişdir. Əgər borc mövcud olmuş olsa idi, cavabdeh tərəfindən su təchizatı dayandırılardı. Cavabdeh suya tələbatın daha çox olduğu vaxtda əsassız hesablanmış 16592 manat məbləğində borcu ödəməyi tələb edərək su təchizatını dayandıracağını bildirir. Sonradan iddiaçı tərəfindən məhkəməyə iddianın əsasının dəyişdirilməsi barədə ərizə verilərək onunla əsaslandırılmışdır ki, “Abşeron Sukanal” İdarəsində borcun yaranma səbəblərini araşdırılması zamanı borcun illər üzrə sudan istifadəyə görə yaranmış borcun tam ödənilməməsi səbəbindən yarandığını bildirsələr də, sonradan məlum olmuşdur ki, Masazır qəsəbəsində “F.İ.P MMC” tərəfindən inşa olunmuş binalarda yaşayan sakinlərin mənzillərinə su sayğacı quraşdırılmasına və həmin sayğaclar vasitəsilə sudan istifadə edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin sayğacların quraşdırılmasına dair aktlar tərtib edilmiş, lakin qeydiyyata alınmamış, həmin sakinlərin istifadə etdiyi suyun dəyəri İddiaçı MMC-yə balans sayğacının göstəricisinə əsasən qeyri-əhali qrupu üzrə müəyyən edilmiş tariflə (1 kub m. suyun dəyəri 2 manat) hesablanmışdır. Halbuki əhali qrupu üzrə 1 kub m. suyun dəyəri 1 manat təşkil edir. Cavabdeh tərəfindən hesablanmış 16592 manat borc yaşayış binalarında yaşayan sakinlərin istifadə etdiyi suyun dəyəridir. Cavabdeh mənzillərə fərdi qaydada quraşdırılmış su sayğaclarının üzərində olan su sərfiyyatını qeydə almaq və həmin suyun dəyərini istifadəçilərdən tələb etmək əvəzinə balans sayğacı əsasında hesabat aparmış və suyun 1 kub metrinin dəyərini 2 manatla hesablayaraq ödənilməsini tələb edir. Hazırda yaşayış binalarında yaşayan sakinlər tərəfindən su sayğacları vasitəsilə 28965 kub metr ( 20275,50 manat dəyərində) sudan istifadə edilmiş və lakin qeyd olunan su sərfi qeydə alınmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, MTK tərəfindən yaşayış binaları tikilsə də, onlar istismara verilməmişdir. Bina istismara verilmədiyindən tərəflər arasında qeyri-əhali qrup istehlakçılar üçün nəzərdə tutulmuş müqavilələr bağlanılmışdır. İddiaçı tərəfindən mübahisələndirilən məbləğ istehlak olunmuş suya aiddir. Buna uyğun hesab-faktura tərtib olunur və tərəfə təqdim edilir. İddiaçı MMC tərəfindən bir qrupdan digər qrupa keçirilməsi ilə bağlı müraciət olunmamışdır. İş materiallarında olan: - Abşeron rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 2013-cü il tarixli, 582 №-li sərəncamının surətindən görünür ki, "xxxx" MMC-yə Masazır kəndi ərazisində yerləşən 1,15 ha torpaq sahəsində komleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. - Cavabdeh ASC Abşeron Sukanal İdarəsinin 25.12.2019-cu il tarixli, ********* saylı hesab fakturasına əsasən "xxxx" MMC-nin 25.12.2019-cu il tarixə borcu 10758 manat və 28.06.2021-ci il tarixə qalıq borcu 17202 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61ci maddəsinin; - 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. - 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Tələbin mahiyyətini sudan istifadəyə görə hesablanmış borcun qeyri – əhali qrupuna görə deyil, əhali qrupuna görə hesablanmalı olduğu təşkil etsə də, hansı səbəbdən məhz 16592 manat məbləğində borcun silinməsi əsaslandırılmamış, borcun yarandığı dövr üçün münasibətləri tənzimləyən müqavilə məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə 26 avqust 2020-ci il tarixli, “Su təchizatı və tulantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” 19424687 saylı müqavilə təqdim olunsa da, həmin müqavilə yalnız Cavabdeh ASC tərəfindən imzalanmış, "xxxx" MMC tərəfindən isə imzalanmamışdır. Bundan başqa həmin müqavilənin 6.1-ci bəndində müqavilənin 14 iyun 2021-ci il tarixdə qüvvəyə minməsi qeyd olunmuşdur. Hazırda mübahisə predmeti olan borc məbləği isə həmin tarixdən əvvədki dövrü əhatə etdiyindən bu müqavilə üzrə araşdırma aparıla bilməz. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, istehlak olunmuş suya görə hesablamlar qeyri – əhali qurupuna görə aparılmışdır. İddiaçı tərəfindən məhkəməyə hesablamaların qeyri – əhali qrupuna görə deyil, əhali qrupuna görə aparılmalı olması ilə bağlı cavabdehə hər hansı bir müraciət olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən halları təsdiq edən heç bir sübut təqdim olunmadığına görə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar