Məhkəmə qərarları › İş №e-2-2(113)-2372/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2372/2023

19.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2372/2023 19.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı Cavabdeh MTK-nın əmlakın faktiki dəyərinin müəyyənləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın əmlakının faktiki dəyərinin müəyyənləşdirilməsi, Cavabdeh MTK-nın əmlakının faktiki dəyərinə uyğun olaraq ona çatmalı olan payların naturada bölünərək verilməsi barədə qətnamə qəbul edilməsini xahilş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-nın 25% payına sahib olan üzvüdür. Lakin buna baxmayaraq MTK-nın maliyyə-təsərrüfat fəaliyyəti barədə ona digər MTK üzvləri tərəfindən heç bir məlumat verilmir, MTK-nın fəaliyyətində iştirakına maneələr yaradılır, əldə olunmuş mənfəətdən ona heç bir ödəniş verilmir. Cavabdeh MTK-nın Xırdalan şəhərində inşa etdiyi çoxmənzilli yaşayış binasının inşaatı üçün tərəfindən külli miqdarda pul vəsaiti verilmişdir. Hal-hazırda tikinti işləri yekunlaşmış, mənzillər müxtəlif şəxslərə nağd və hissəvi kreditlə satılmaqdadır. Mənzillərin alqı-satqısının həyata keçirilməsi, ödənişlərin edilməsi və digər fəaliyyət barədə ona məlumat verilməmiş, nəticədə isə əldə olunmuş mənfəətdən ona çatmalı olan paya uyğun olaraq kooperativ ödənişi və dividend ödənilməmişdir. Qeyd olunanlarla bağlı Cavabdeh MTK-ya ərizə ilə müraciət edərək fəaliyyətlə bağlı ətraflı məlumat verilməsini, audit yoxlamasının həyata keçirilməsi məqsədilə maliyyə-hesabat sənədlərinin tam şəkildə ona təqdim edilməsini xahiş etmişdir. Lakin müraciətinə heç bir formada cavab verilməmişdir. Kooperativin üzvü olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4-cü maddəsində sadalanan hüquqlarının kobudcasına pozulduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə qaydasında Cavabdeh MTK-nın əmlakının faktiki dəyərinin müəyyənləşdirilməsi, həmçinin faktiki dəyərə uyğun olaraq ona çatmalı olan payın naturada bölünərək verilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasının uzun müddətə təxirə salınmasını xahiş etsə də, işdə iştirak etməməsinə dair üzürlü səbəbi təsdiq edən sübutu və nəyə görə uzun müddətə təxirə salınmalı olmasını əsaslandıra bilməmişdir. Belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, yekun qərar (qətnamə və ya qərardad) çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırkı mübahisənin həlli baxımından aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericiliyin təhlili onu deməyə əsas verir ki, iki halda məhkəmədə mülki işə başlamaq mümkündür: 1. pozulmuş hüququn bərpası üçün; 2. qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı işə zahirən nəzər yetirildikdə xarakter etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aid etmək olar. Belə ki, iddiaçı tərəf Cavabdeh MTK-da 25% paya sahib olduğunu qeyd edərək, MTK-nın əmlakının faktiki dəyərinə uyğun olaraq ona çatmalı olan payların naturada bölünərək verilməsini xahiş edir. Ona görə də, ilk növbədə müəyyən edilməli olan məqam MTK-nın əmlakının faktiki dəyərinin müəyyənləşdirilməsinin və faktiki dəyərinə uyğun olaraq payların bölünməsinin kimin tərəfindən həyata keçirilməli olması təşkil edir. Bunun üçün Məhkəmə Mülki Məcəllənin kooperativlər haqqında normaların nəzərdən keçirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109-1.3-cü maddəsinə əsasən kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxilolma barədə qərar qəbul edir; kooperativin nizamnaməsini təsdiq edir; bu Məcəllənin 111-ci maddəsini müddəalarını nəzərə almaqla kooperativin idarəetmə orqanlarını formalaşdırır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 109-2.1-ci maddəsinə əsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. Həmin Məcəllənin 109.10-cu maddəsinə əsasən kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. Həmin Məcəllənin 109-4.1.1-ci maddəsinə əsasən kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq kooperativ üzvünün hüququdur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı həqiqətəndə Cavabdeh MTK-nın 25% payına sahibdir. Hazırda o, MTK-nın əmlakının faktiki dəyərinin müəyyənləşdirilməsi və payına mütənasib olaraq MTK-nın ona çatmalı olan payların naturada bölünərək verilməsini xahiş edir. Bununla bağlı Məhkəmə ona diqqət yetirilməsini zəruri hesab edir ki, iddiaçı tərəf ona çatmalı olan payların naturada bölünərək verilməsini istəməsi tələbi, onun məhz kooperativin üzvlüyündən çıxmaq istədiyinə işarə edir. Belə ki, yuxarıda qeyd edilmiş Mülki Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən də, göründüyü kimi kooperativin üzvü kooperativdən çıxdıqdan sonra ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməlidir. Məhkəmə həmçinin onu da, qeyd edir ki, kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir və də kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Belə olan halda, məhkəmə iclasında cavabdeh tərəfdən kooperativin ümumi yığıncağının keçirilməsi, kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək, MTK-nın əmlakının faktiki dəyərinin müəyyənləşdirilməsi və ona çatası payın verilməsi kimi İddiaçı tərəfindən hər hansı bir müraciətin olub-olmaması soruşulmuş, cavadeh tərəf də belə bir müraciətin olmadığını bildirmişdir. Həmçinin də,məhkəmə hazırlıq iclaslarında iddiaçı tərəfindən qeyd edilmiş məsələlərlə bağlı Cavabdeh MTK-ya müraciət edilmə ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh MTK-ya ümumi yığıncağının keçirilməsi, kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, zərəri bölüşdürmək, MTK-nın əmlakının faktiki dəyərinin müəyyənləşdirilməsi və ona uyğun olaraq ona çatmalı olan payların verilməsi kimi tələblə bağlı MTK-ya müraciət etməmişdir. Qeyd edilməlidir ki, iddiaçının hazırkı tələbi olan MTK-nın əmlakının faktiki dəyərinin müəyyənləşdirilməsi və ona uyğun olaraq ona çatmalı olan payların verilməsi MTK-nın Ümümi Yığıncağı tərəfindən həll edilən məsələlərə aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhkəmə qaydasında baxılmalı deyildir. İzah edilməlidir ki, MTK tərəfindən müvafiq məsələlər üzrə ümumi yığıncağın keçirilməsindən imtina edildikdə və yaxud hərəkətsizlik göstərildikdə, iddiaçı tərəf cavabdehə qarşı ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması tələbi ilə Məhkəməyə müraciət edə bilər. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Ona görə də, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı Cavabdeh MTK-nın əmlakın faktiki dəyərinin müəyyənləşdirilməsi və s” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar