Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-240/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Baman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh1 açıq səhmdar cəmiyyətinə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 4104 manat borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 4104 manat borcun silinməsi və onun hesablanmasına əsas olmuş MXD-10305 saylı inventar aktının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə, iddianın, borcun hesablanmasına əsas olmuş MXD- 10305 saylı inventar aktının ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən avtoyuma obyekti iddiaçıya məxsus olmasına baxmayaraq, ordakı su sayğacı X4 adında qalmışdır. 2018-ci ilin əvvəlində Rusiyada olarkən tanımadığı bir nəfər iddiaçıya zəng edərək cavabdehin əməkdaşı olduğunu bildirmiş və ona 500 manat cərimə yazıldığını demişdir. İddiaçı ondan cərimənin hansı səbəbdən yazıldığını soruşduqda, o iddiaçıya su xəttindən qanunsuz istifadə etdiyinə görə yazdıqlarını demişdir. İddiaçı heç vaxt belə bir şey etmədiyini, ancaq ondan öncəki obyekt sahibinin bu işi görməsini güman etdiyini demişdir. Mübahisənin davam etməməsi üçün onlara 300 manat göndərmişdir. Cavabdehinəməkdaşları bu işi həll edəcəklərini iddiaçıya bildirmişlər. Bir müddət sonra Türkiyədə olarkən bir nəfər iddiaçıya zəng edərək özünü cavabdehin əməkdaşı kimi təqdim etmiş və o, iddiaçıya yenidən həmin su xəttindən qanunsuz istifadə edildiyini deyəndə, ona bunun mümkün olmadığını demişdir. Lakin həmin şəxs iddiaçıya buna dair videogörüntünün olduğunu demişdir. İddiaçı Azərbaycana qayıtdıqdan sonra bu halı araşdırdıqda həmin videogörüntünü iddiaçıya göstərmişlər və bildirmişlər ki, iddiaçı obyektin arxasında olan boş ərazidəki qanunsuz su xəttindən həmin əraziyə su axıdır. Hansı ki həmin ərazi iddiaçının su çənindən xeyli uzaqdadır və oradan çənə su xətti çəkilməmişdir. Bundan sonra akt tərtib edildiyini və həmin akt əsasında iddiaçıya 4104 manat borc hesablandığını bildirmişlər. Onlardan iddiaçıya qanunsuz yazılmış bu borcun silinməsini tələb etdikdə isə bunun mümkün olmadığını və bununla bağlı məhkəməyə müraciət edə biləcəyini demişlər. İddiaçı hesab edir ki, borc haqqında yazılmış bu akt qanunsuzdur, borc əsassız hesablanmış və silinməlidir. Həmin su xəttinə iddiaçının heç bir müdaxiləsi olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən obyektə baxış keçirilmiş və baxış zamanı D-20mm olan su xəttindən qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Bu günə kimi dəymiş ziyan üzrə 4046 manat borc vardır. Borcun ödənilməsi abonent kodu kimin adınadırsa, ondan tələb olunur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. MXD-10305 saylı inventar aktının surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən obyektə baxış keçirilmiş və baxış zamanı D-20mm olan su xəttindən qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. X1 adına tərtib edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.8-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifəsidir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDK-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən obyektə baxış keçirilmiş və baxış zamanı D-20mm olan su xəttindən qeyri-qanuni istifadə olunması aşkar olunaraq MXD-10305 saylı X4 adına inventar aktı tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən X5 MXD-10305 saylı inventar aktına əsasən 4046 manat məbləğində borc hesablanmış və borcun ödənilməsi X2 tələb olunur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi mübahisələndirilən borc cavabdeh tərəfindən iddiaçıya deyil, X5 hesablanmış və ödənilməsi sonuncudan tələb olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən olunmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumu İddiaçı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-240/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-240/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver