Məhkəmə qərarları › İş №e-2-2(113)-2401/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2401/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2401/2023 10.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi 05 yanvar 2022-ci il tarixli,№ № 011164 nömrəli AKT NDQ akta əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin № 04/253-268 nömrəli abonent koduna hesablanmış 1.061,35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2016-cı ildə alqı-satqı müqaviləsi ilə almışdır. Həmin qeyri-yaşayış sahəsinə cavabdeh "xxxx" ASC elektrik enerjisinin verilməsi ilə bağlı köhnə mülkiyyətçi ilə müqavilə bağlanmış və qeyri-yaşayış sahəsinə 04/253-268 nömrəli abonent kodu açılaraq cavabdeh tərəfindən sayğac quraşdırılmış, sayğac daim normal vəziyyətdə işləmiş və ödənişlər sərfiyyata uyğun vaxtında ödənilmişdir. Hazırda işlətdiyi sərfiyyata uyğun borcu da yoxdur. Qeyd edir ki, 05 yanvar 2022-ci il tarixində cavabdehin əməkdaşları ona zəng edərək qeyri-yaşayış sahəsində olan elektrik sayğacına baxış keçirmək istədiklərini bildirdilər. Bu zaman o orda olmadığını, lakin keçib baxa biləcəklərini bildirdi. O yarım saat keçdikdən sonra tanışı X2 göndərdi. Bu zaman cavabdehin əməkdaşları tanışı Asəf Quliyevə bildiriblər ki, sayğacda axım var belə ki, sayğaca elektrik yükü artıq gəlir, lakin az paylanır. Bu əsasla da hətta cavabdehin əməkdaşları təkidlə kənar qoşulma olduğunu bildirir. X3 isə bunlara etiraz edərək heç bir kənar qoşulma və s. olmadığını bildirmişdir. Hətta cavabdehin əməkdaşlarına video çəkilişlə araşdırma aparmağını və qoşulmanın harda və necə olmağını göstərməsini xahiş etdi. Cavabdehin əməkdaşları isə bunu etmədən, qoşulmanı tapa bilmədən və tanışı Asəf Quliyevin etirazına baxmadan qanunsuz olaraq onun abanent koduna 1.061,35 itirilmiş elektrik enerjisi sərfiyyatına görə borc pul yazılması barədə № 011164 nömrəli AKT NDQ yazıblar və tanışı Asəf Quliyevə imza etməyini tələb ediblər. Lakin tanışı isə imza etməkdən imtina edərək imzalamamışdır. Bu səbəbdən də səbəbsiz yerə ona 1.061,35 manat itirilmiş elektrik enerjisi sərfiyyatına görə borc yazmışlar ki, bu onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Hazırda da həmin borc yeni ödəniş edərkən əsassız olaraq bir miqdarı çıxılması və hətta bu borc ödənilməsə elektik xəttinin kəsiləcəyini bildirirlər. Hesab edir ki, cavabdeh olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi hesablanmış 1.061,35 manat borc əsassız olduğu üçün silinməlidir. Əlavə olaraq bildirir ki, ilkin olaraq iddia tələbini Nəsimi rayon Məhkəməsində qaldırmışdı. Nəsimi rayon Məhkəməsi isə qərardadla məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərdi. Lakin Kommersiya Məhkəməsində mediasiya arayışı olmadığından ərizə geri qaytarılmışdır ki, yenidən müraciət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, izahatında abonent haqqında məlumatda iddiaçının borcu dəqiq göstərildiyindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34,3 m2 olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli, NDQ 011164 saylı aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı "xxxx" Firmasına məxsus qeyri-yaşayış sahəsində (Gözəllik salonu) elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış zamanı məlum olmuşdur ki, obyektin daxilində quraşdırılmış elektrik sayğacından qabaq faza çevirici vardır, şəbəkədən sayğaca gələn naqili 4 damarlı mis naqilidir, naqilin 1 faza və 0 xətti sayğacdan qabaq quraşdırılmış faza çeviriciyə, 1 faza isə sayğacdan kənar obyekti qidalandırır, tərəflərindən xətdən axan yük amper masa vasitəsilə ölçüldü - Pfak = 4,84 kvt, Psay = 3,5 kvt. Qeyd: Elektrik sayğacı çöl divarda quraşdırılsın və kənar xətt ləğv edilsin. - xx.xx.2022-ci il tarixli, NDQ 011164 saylı akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, istehlakçıya - "xxxx" Firmasına (04/253-268) 11578 kvt sərfiyyata görə 1.061 manat (965 kvts x 0,11 manat=106 manat, 10613 kvts x 0,09 manat= 955 manat) tələb edilməsi qərara alınmışdır. - "xxxx" Firmasının (04/253-268 saylı) abunə haqqında məlumatından görünür ki, abonentə 06 yanvar 2022-ci il tarixdə və 07 yanvar 2022-ci il tarixdə “X1 Qaydaları”nın pozulmasına görə NDQ 011164 saylı akta əsasən müvafiq olaraq 955,17 manat və 106,15 manat olmaqla cəmi 1061,32 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2022-ci il tarixli hesab.az portalından çıxarışa əsasən müəyyən edilir ki, (abonent kodu 04/253-268 olan) abonent "xxxx" Firmasının "xxxx" ASC-yə borcu 1.061,32 manat təşkil edir. - "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubu ilə müəyyən edilir ki, iddiaçı "xxxx" ASC-dən “X1 Qaydaları”nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, NDQ 011164 nömrəli akta əsasən əsassız hesablanmış 1.061,35 manat pul məbləğini 3 iş günü ərzində iddiaçının abunə hesabından silinməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli, NDQ 011164 saylı baxış aktı, həmin akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqi, 04/253-268 saylı abunə haqqında məlumat və hesab.az portalı ilə təsdiq edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində elektrik enerjisinin istehlakçısı "xxxx" Firmasıdır və “X1 Qaydaları”nın pozulmasına görə "xxxx" ASC tərəfindən abonent "xxxx" Firmasına borc yazılmışdır. Hazırki iddianı (xx.xx.2022-ci il tarixli, NDQ 011164 nömrəli akta əsasən əsassız hesablanmış 1.061,35 manat borcun silinməsi tələbini) isə İddiaçı qaldırmışdır. İş materialları isə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2016-cı ildə İddiaçı adına qeydiyyatdan (mülkiyyətinə) keçmiş, lakin sonuncu ilə "xxxx" ASC arasında elektrik enerjisi xidmətlərinə dair ayrıca müqavilə bağlanmamışdır. Hazırda həmin daşınmaz əmlakın İddiaçı məxsus olması və elektrik enerjisi xidmətlərindən istifadəyə görə borcların sonuncudan tələb edilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci və 8.2-ci bəndlərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 1.1-ci bəndində isə təsbit olunmuşdur ki, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Göründüyü kimi qanunverici elektrik enerjisini xidmətlərinin məhz müqavilə tərəfi olan şəxs (hazırki halda "xxxx" Firması) tərəfindən deyil, istehlakçı tərəfindən ödənilməsini nəzərdə tutmuşdur. Hazırki işin halları da ondan ibarətdir ki, mübahisəli daşınmaz əmlakın qanuni və faktiki sahibi, yəni qeyri-yaaşyış sahəsinə verilən elektrik enerjisindən elektrikqəbulediciləri vasitəsilə istifadə edən faktiki istifadə edən şəxs İddiaçıdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ vardır. İddia tələbinin əsaslılığı ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.14-ci bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Lakin hazırki işdə müəyyən olunur ki, abonent kodu 04/253-268 olan "xxxx" Firmasına (qeyri-yaşayış sahəsinə) “X1 Qaydaları”nın pozulmasına görə "xxxx" ASC tərəfindən 1061,35 manat borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanmasını İddiaçı məxsus elektrik enerjisi sayğaclarının texniki nasazlıq–fazaların ardıcıllığının pozulması ilə əlaqədar elektrik enerjisi sərfiyyatını düzgün qeydə almamaları, bunun nəticəsində "xxxx" ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, mübahisəli sayğacların elektrik enerjisi sərfiyyatını düzgün qeydə almaması, eləcə də düzgün qeydə almadığı halda elektrik enerjisi itkilərinin nə qədər təşkil etməsi ilə bağlı mötəbər sübutları (akt, fotoşəkil və s.) məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəməyə təqdim edilmiş “X1 Qaydaları”nın pozulmasına dair NDQ 011164 akta münasibətdə məhkəmə əvvəla qeyd edir ki, həmin akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərəfindən tərtib edildiyindən aktda göstərilən qüsurun həqiqətdə mövcud olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8. 34-cü bəndinə görə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi "xxxx" ASC elektrik enerjisi ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 1.061,35 manat məbləğində borcu hesablamaqla haqlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, NDQ 011164 saylı akta və xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən hesablanmış 1.061,35 manat məbləğində borc silinməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30,61 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli 011164 saylı akta əsasən 04/253- 268 saylı abonent koduna (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 71 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə) hesablanmış 1061,32 manat məbləğində borc silinsin. Mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar