Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-241/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, İddiaçının qanuni təmsilçisi Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən suya görə təqdim edilmiş 8172 manat məbləğində pulun ödənilməsinə dair hesab-fakturanın ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh ASC tərəfindən 8172 manat məbləğində, onlara aid olmayan suya görə borc hesablanmışdır. MMC-nin ərazisində aktda göstərilən, 40 mm-lik içməli su xətti yoxdur, ən yaxın Cavabdeh ASC-yə məxsus xətt MMC-dən 1600 metrlik məsafədən, dəniz qırağından keçir. Aktda qeyd olunan içməli su, cəmiyyətin istehsal sahəsi ərazisində olan artezian quyusunun suyudur ki, bunun da Cavabdeh ASC-yə aidiyyəti yoxdur. Bundan başqa, cəmiyyətin fəaliyyəti 2014-cü ildən dayandırılıb, buna səbəb avadanlıq və qurğuların müasir tələblərə cavab verməməsidir. Sonradan iddiaçının qanuni təmsilçisi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən “xxxx” MMC-yə istifadə olunmayan suya görə təqdim etdiyi 8172 manat məbləğin tələbinin ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Cavabdeh ASC ilə “xxxx” MMC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2016-cı il tarixli, 154265 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 saylı dövlət standartının tələblərinə uyğun, məişət içməli və istehsalat məqsədi ilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir. -xx xxxxxx 2019-cu il tarixli inventar aktından müəyyən edilir ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə uyğun olaraq “xxxx” MMC-nin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, st.H.Z.Tağıyev qəsəbəsi, ev 43 ünvanında fəaliyyət göstərən “xxxx” MMC beton istehsalı zavodunda sayğacdan keçməyən d=40 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə edir. -Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən qanunsuz istifadə olunan borunun diametri 40 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay olmaqla ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-yə 8.172 m3 su sərfiyyatına görə 8.172 manat məbləğində borc hesablanmışdır. -2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş arayışlardan müəyyən edilir ki, “xxxx” MMC-nin fəaliyyətinin və əməliyyatların dayandırıldığı tarix xx.xx.2014-cü il, fəaliyyət və əməliyyatların bərpa ediləcəyi tarix isə xx.xx.2019-cu il tarixidir. Həmin orqan tərəfindən verilmiş digər arayışda “xxxx” MMC-nin fəaliyyətinin və əməliyyatların dayandırıldığı tarix xx.xx.2019-cü il, fəaliyyət və əməliyyatların bərpa ediləcəyi tarix isə xx.xx.2023-cü il tarixidir. Cavabdeh ASC tərəfindən “xxxx” MMC-yə təqdim edilmiş İH seriyalı, 942583 saylı, xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturaya əsasən “xxxx” MMC-dən 8.172,00 m3 içməli suya görə 8.172 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. 154265 saylı kod üzrə abonent haqqında məlumata əsasən abonentin Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixinə içməli suya görə borcu 8.172,00 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, “xxxx” MMC-nin iddiası təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “xxxx” MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sudan istifadə məqsədi ilə kənar xətt aşkarlanmasında dair MXD- 10877 saylı inventar aktı tərtib edilmişdir. Həmin akt əsasında tərtib edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən MMC-yə .172 m3 su sərfiyyatına görə 8.172 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı “xxxx” MMC həmin borcun silinməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh ASC mübahisəli borcun hesablanmasını iddiaçı “xxxx” MMC tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş MXD-10877 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının nümayəndəsinin iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 8.172 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli MXD-10877 saylı inventar aktına və qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən iddiaçı “xxxx” MMC-nin hesablanmış 8.172 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixli MXD-10877 saylı inventar akta və xx.xx.2019-cu il tarixli “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”na əsasən iddiaçı “xxxx” MMC-yə hesablanmış 8.172 (səkkiz min yüz yetmiş iki) manat məbləğində borc silinsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-241/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-241/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver