Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2491/2022 23.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 232637 saylı qaimə fakturaya əsasən su istehlakına görə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında olan müddət üçün hesablanmış 13640 manat məbləğində borc məbləğinin əsassız olduğundan həmin borcun silinməsi, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclas ında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 232637 saylı qaimə fakturaya əsasən su istehlakına görə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında olan müddət üçün hesablanmış 13640 manat məbləğində borc məbləğinin əsassız olduğundan həmin borcun silinməsi, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 232637 nömrəli elektron qaimə fakturaya əsasən iddiaçı tərəfindən istifadə edildiyi iddia edilən içməli suya görə 13640 manat məbləğin ödənilməsi iddiaçıdan tələb edilmişdir. xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən Xəzər Rayonu, Zirə Qəsəbəsi, X6-3vb ünvanında iddiaçıya məxsus smart tipli su sayğacı yoxlamadan keçirilmə məqsədilə götürülmüşdür. Qeyd edilən müddətdən xx.xx.2021-ci il tarixinədək su sərfiyyatının ölçülməsi məqsədilə hər hansı sayğac quraşdırılmamışdır. xx.xx.2021-ci il tarixində 241309 saylı Aktla yeni su sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 232637 saylı qaimə fakturaya əsasən su istehlakına görə 26.02.202-xx.xx.2021-ci il tarixləri aralığında olan müddət üçün 13640 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən qeyd edilən məbləğin hansı əsasla hesablanmasının izah edilməsi və hesablanmış məbləğin azaldılması tələb edilsə də cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Cavabdeh tərəfindən hesablanan 13640 manat məbləğində borc tamamilə ehtimallara əsaslanaraq hesablandığından əsassız xarakter daşıyır. Belə ki, iddiaçının fəaliyyəti mövsümi xarakter daşıdığından xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək demək olar hər hansı təsərrüfat fəaliyyəti həyata keçirilməmişdir. Həmçinin bununla əlaqədar işçilər öz hesabına məzuniyyətə buraxılmışdır. Sözü gedən müddətdə iddiaçının bütün işçiləri məzuniyyətə buraxılmışdır. İddiaçının işçilərinin məzuniyyətə buraxılması onun işlərinin mövsumi xarakter daşımasıyla əlaqədar fəaliyyətini müvəqqəti dayandırdığını bir daha sübut edir. Odur ki, iddiaçının fəaliyyətini dayandırdığı bir dövr ərzində ona su sərfiyyatına görə 13640 manat məbləğində borcun hesablanması tamamilə absurd xarakter daşıyır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixləri arasında elektrik enerjisindən demək olar ki, istifadə edilməmişdir. Məlumdur ki, əgər sözü gedən müddət ərzində şirkət fəaliyyətini davam etdirmiş olsaydı, cavabdehlə bərabər digər kommunal xidmətlərə də sərfiyyat borcu yaranmış olardı. Lakin həmin müddət ərzində müəssisə fəaliyyətini tamamilə dayandırdığına görə işıq, qaz və su sərfiyyatı minumum səviyyədə olmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilən sənədlər bunun mötəbər sübutudur. Yaranmış vəziyyətdən bəlli olur ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixləri arasında iddiaçıda su sayğacı olmadığından cavabdehin əməkdaşları iddiaçının mövsümi aylardakı su sərfiyyatına əsaslanaraq iddiaçı üçün qeyrimövsümi hesab edilən aylar üçün də yüksək məbləğdə su sərfiyyatı borcu hesablamış, bu barədə əsassız və absurd qaimə-fakturalar təqdim etmişlər. Göründüyü kimi həmin qaiməfakturalarda göstərilən su sərfiyyatı borcu tamamilə ehtimallara əsaslanaraq hesablandığı üçün ləğv olunmalıdır. Hesab edir ki, iddia yetərincə əsaslı olduğundan məhkəmə qaydasında təmin olunmalıdır. Mübahisənin mediasiya qaydasında həll olunması məqsədilə qarşı tərəfə mediasiya prosedurunda iştirakı üçün təklif məktubu göndərmiş, lakin cavabdeh mediasiya prosessində iştirak etməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, oxuma xx.xx.2021-ci ildə olmuş və orada 5906 kub göstərici olmuş, 26 fevral 2021 -ci il tarixdə sayğac sökülmüş və üzərində 25911 kub göstərici olmuş, bu da 285 gün edir. 26 fevral 2021-ci il tarixdə sökülən sayğac 195 gün sonra xx.xx.2021-ci il tarixdə quraşdırıldıqdan sonra sayğacsız olan 195 gün müddət 1 günə 69,94 manat hesablanmışdır. 195 günü 69,94 manata vurub, 13639,07 manat məbləğ hesablanmışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 13 smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi aktından müəyyən olunur ki, iddiaçıya məxsus obyektdə su xəttinə quraşdırılmış su sayğacı xx.xx.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən açılıb götürülmüşdür. xx.xx.2021-ci il tarixli 241309 saylı “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” aktdan görünür ki, abonentin su xəttinə quraşdırılmış su sayğacı istismara verilmişdir. Abonent kodu 19032878 olan iddiaçının abonent haqqında məlumatdan görünür ki, abonentin sudan istifadəyə görə 2020-ci ilin may ayına 1820 manat, iyun ayına 3800 manat, iyul ayına 300 manat, avqust ayına 1230 manat, ümumilikdə 6 ay üçün 7150 manat, 2021-ci ilin mart ayından sentyabr ayına qədər 6 ay üçün 13640 manat dəyərində su sərfiyyatı olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Həmin Qaydaların 7.14-cü bəndinə əsasən bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. Məhkəmə iddiaçının abonent haqqında məlumatı nəzərdən keçirərkən 2020-ci ilin fevral ayından sentyabr ayına olan su sərfiyyatında yuxarı-aşağı stabil dinamikanı, ümumilikdə 6 ay ərzində 7150 manat məbləğində su sərfiyyatının olduğu müəyyən etmiş, cavabdeh isə su sayğacının olmadığı dövr ərzində yəni, 2021-ci ilin fevral ayından sentyabr ayına qədər (6 ay üçün) ümumilikdə 13640 manat həcmində su sərfiyyatı hesablamışdır. Göründüyü kimi cavabdehin 2021-ci ilin fevral ayından sentyabr ayına qədər (6 ay üçün) hesabladığı (cavabdeh hesablanma qaydaları ilə bağlı heç bir sübut təqdim etməmişdir) suyun sərfiyyatı əvvəlki analoji müddətə münasibətdə təxminən 2 dəfəyə yaxındır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.9-cu bəndinin tələblərinə əsasən istehlak dövrü 12 (on iki) aydan az olduqda, suyun həcmi faktiki istehlak dövrü üzrə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, mübahisə olunan dövrün su sərfiyyatının hesabatı bir il əvvəlki anoloji, yəni faktiki istehlak dövrə uyğun aparılmalıdır. Belə ki, sayğac göstəricilərinə əsasaən 2020-ci ilin fevral ayından sentyabr ayına olan dövrdə iddiaçı 7150 manat məbləğində sudan istifadə etmişdir. Cavabdeh isə məhkəməyə heç bir hesablama qaydaları ilə bağlı sübut təqdim etmədən iddiaçıya 2021-ci ilin fevral ayından sentyabr ayına qədər 13640 manat məbləğində sudan istifadəyə görə borc hesablamışdır. Göründüyü kimi cavabdeh tərəfindən mübahisəli dövr üçün iddiaçıya 6490 manat (13640 - 7150) məbləğində artıq borc hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 2020ci ilin fevral ayından sentyabr ayına olan dövrdə 6490 manat məbləğində artıq borc hesablandığı müəyyən olunduğundan iddia qismən təmin edilməklə göstərilən borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı tələbində 100 manat məbləğində ödənilmiş dövlət rüsumunu tələb etsə də, bu barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. İddiaçı ödənilmiş 200 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 130,92 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 47,58 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 131,37 manat (200 manat (mediasiya xərcinin məbləği) – 68,63 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 131,37 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya su istehlakına görə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında olan müddət üçün artıq hesablanmış 6490 manat məbləğində borc silinməli, mediasiya xərcinə görə 131,37 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə su istehlakına görə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında olan müddət üçün artıq hesablanmış 6490 manat məbləğində borc silinsin. Mediasiya xərcinə görə 131,37 manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2491/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2491/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver