Məhkəmə qərarları › İş №e-2-2(113)-2502/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2502/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2502/2022 30.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi və artıq ödənilmiş pulun gələcəkdə istehlak ediləcək elektrik enerjisinin sərfinə nəzərə alınaraq çıxılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 13836,58 manat məbləğində əsassız borcun silinməsi, artıq ödənilmiş 13836,58 manatın gələcəkdə istehlak ediləcək elektrik enerjisinin sərfinə nəzərə alınaraq çıxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, abunə kodu 07/85/240 olan “Sofiya” şadlıq sarayında, icarə müqaviləsi əsasında, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti (VÖEN:**********) ilə məşğul olur. Həmin sözügedən obyekti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “cavabdeh” adlandırılacaq) elektrik enerjisi ilə təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq, habelə iddiaçı ilə cavabdeh arasında yaranmış işgüzar adətə görə, cavabdehin nümayəndələri, hər təqvim ayında bir dəfə, elektrik sayğacına baxış keçirərək, elektrik enerjisinin istehlakı ilə bağlı məlumatın (yəni, rəqəmlərin) qeydiyyatını apararaq, onun əsasında iddiaçıya ödəniş məqsədilə, müvafiq hesab ödəniş vərəqəsi təqdim edirlər. 13 yanvar 2022-ci il tarixində cavabdehin nümayəndələri “Sofiya” şadlıq sarayını elektrik enerjisi ilə qidalandıran 421 saylı transformator məntəqəsinə baxış keçirmiş və məlum olmuşdur ki, elektrik enerjisinin sərfini (miqdarını) ölçmək üçün nəzərdə tutulmuş, iddiaçıya məxsus, elektrik sayğacı yerində yoxdur. Bununla bağlı cavabdehin nümayəndələri tərəfindən 13 yanvar 2022-ci il tarixli 040990 nömrəli akt tərtib edilmiş və iddiaçının nümayəndəsi aktla razılaşmadığından onu imzalamaqdan imtina etmişdir. Aktda qeyd edilmişdir ki, elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq, obyekti qidalandıran 1-ci uçot nöqtəsinə baxış keçirilən zaman məlum oldu ki, elektrik sayğacı naməlum səbəbdən yoxdur və obyekti qidalandıran naqil şəbəkəyə birbaşa qoşulmuşdur. Sonra cavabdeh tərəfindən, sözügedən akta əsasən, xx.xx.2022-ci il tarixli 12693,24 manatlıq, xx.xx.2022-ci il tarixli 1108,14 manatlıq və xx.xx.2022-ci il tarixli 35,20 manatlıq, cəmi 13836,58 manatlıq borc hesablanmış və eyni zamanda, onlara uyğun hesab ödəniş vərəqələri tərtib edilərək, iddiaçıya təqdim edilmişdir. Daha sonra, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə, elektrik enerjisi verilişinin dayandırılacağı hədəsi ilə, əvvəlcə, xx.xx.2022-ci il, sonra xx.xx.2022-ci il tarixli xəbərdarlıqları ilə iddiaçıya təzyiq göstərmiş və həqiqətən, xəbərdarlıqlarda göstərilən tarixlərdə, yəni, xəbərdarlıq verildikdən bir gün sonra - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə elektrik enerjisi verilişini dayandırmışdır. xx.xx.2022-ci il tarixində, elektrik verilişinin bərpası məqsədilə, cavabdehlə aparılmış danışıqlarda cavabdehin nümayəndələri bildirmişlər ki, elektrik enerjisi verilişinin bərpası üçün akta əsasən hesablanmış borc hissə-hissə ödənilməlidir. Əks təqdirdə, elektrik enerjisinin verilişi bərpa edilməyəcəkdir və eyni zamanda, məhkəməyə müraciət edə bilərsiniz. İddiaçı da məcburiyyət qarşısında qalaraq ödənişlər həyata keçirmişdir. Aşağıda qeyd olunanlara əsasən, hesab edirəm ki,elektrik sayğacının yerində olmaması səbəbindən tərtib edilmiş akta əsasən və eyni zamanda, iddiaçının bu hadisədə heç bir təqsiri olmadığından, hesablanmış bu borc əsassız və qanunsuzdur. Odur ki, sözügedən mübahisələndirilən akt ləğv edilməli və bununla bağlı ödənilmiş pullar iddiaçının gələcəkdə istehlak edəcəyi elektrik enerjisinin hesablaşmasında nəzərə alınaraq çıxılmalıdır. Belə ki, məlum olduğu kimi, abonentlə (istehlakçı ilə) (yəni, iddiaçı ilə) enerji təchizatı müəssisəsi (yəni, cavabdeh) arasındakı elektrik enerjisinin verilişi və bununla bağlı digər münasibətlər, əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” ilə tənzimlənir. Həmin Qaydalarda göstərilmişdir ki: 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.3. Enerji təchizatı müəssisəsilə abonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü 1 aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.35. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Sözügedən obyektə verilən elektrik enerjisi istehlakının miqdarını və hesabatını müəyyən edən uçot cihazı – elektrik sayğacı cavabdehin nəzarəti altında olan ərazidə - 421 saylı transformator məntəqəsində yerləşdiyindən və oraya giriş açarı da, iddiaçıda yox, yalnız cavabdehin əməkdaşlarında olur. Oraya giriş yaxud müdaxilə, giriş açarının cavabdehin əməkdaşlarında olması, orada yüksək gərginlikli elektrik xətlərinin olması səbəbindən, real deyil. Çünki, bunlar həyat və sağlamlıq üçün çox təhlükəlidir, risklidir. Belə olan halda, sual yaranır. İddiaçı, bir istehlakçı olaraq, elektrik sayğacına yaxınlaşa bilmədiyi yaxud yaxınlaşaraq müdaxilə edə bilmədiyi halda, onun yerində olmamasına görə, nə üçün onu törədən yaxud törədənlər deyil, iddiaçı məsuliyyət daşımalıdır? Nəyə görə bu hüquq pozuntusu ilə cavabdehə vurulmuş ziyan bu hadisəni törədən işçi yaxud işçilərdən yox, təqsiri olmayan iddiaçıdan tələb edilməlidir? Yuxarıda qeyd olunanlardan və tərtib edilmiş sözügedən aktın məzmunundan göründüyü kimi, cavabdeh, qaydaların yuxarıda qeyd olunan tələblərini və digər qanunvericilik normalarını pozaraq, reallığa uyğun olmayan borc məbləği tərtib edərək, onun ödənilməsini,əsassız və qanunsuz olaraq, inhisarçı mövqeyindən sui-istifadə edərək, iddiaçıdan ödənilməsini tələb edir. Cavabdehin akta əsasən tərtib etdiyi 14 yanvar 2022-ci il tarixli icra vərəqəsindən göründüyü kimi, cavabdeh heç bir normativ akta istinad etmədən, itirilmiş elektrik enerjisinin hesabatını 11,50 kvt x 1095 gün = 151110 kvts olaraq, pulla, cəmi 13801,38 manat dəyərində olması qənaətinə gəlmişdir. Başqa sözlə, cavabdeh elektrik enerjisinin hesabatını apararkən, nəyə yaxud hansı hüquqi əsasla, günlərin sayını başqa rəqəmlə deyil, məhz, 1095 gün üçün hesabat aparması məlum deyil. Bunlar onu deməyə əsas verir ki, bu akt və onun əsasında tərtib edilmiş icra vərəqəsi cavabdehin subyektiv rəyidir. Bu hal isə qanunsuz olduğundan qəbuledilməzdir. İddiaçı bu problemi məhkəmədən kənar həll etməyə cəhd etsə də heç bir müsbət nəticəsi olmamışdır. Belə ki, iddiaçı problemin həlli üçün mediasiyaya müraciət etmiş, ilkin müdiasiya sesiasında iştirak etmiş və bunun üçün 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı “Sofiya” şadlıq sarayını icarəyə götürmüş və vergi orqanlarda təsərrüfat obyekti kimi məhz həmin şadlıq sarayı qeydiyyatdan keçirmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 tələbi qəbul etməyərək iddianın rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 30 oktyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X3 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2937,4 m2 olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə onlara məxsus hissəsindən 1500 m2 hissəsini, yəni “Sofiya” şadlıq sarayını İddiaçı icarəyə vermişdir. Vergi orqanın vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı vəqəsindən görünür ki, İddiaçı icarəyə götürdüyü obyekt kimi “Sofiya” şadlıq sarayı qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli 040990 nömrəli "xxxx" ASC-nin aktından görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən abonent ofis tikintisində (Sofiya şadlıq sarayı) baxış keçirərkən sayğacın olmadığı aşkar edilmiş və obyekti qidalandıran naqil şəbəkəyə birbaşa qoşulduğu müəyyən etmişlər. xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədri tərəfindən tərtib olunmuş icra vərəqindən görünür ki, abonent ofis tikintisi (Sofiya şadlıq sarayı) sayğacın olmadığı məlum olmuş və obyekti qidalandıran naqil şəbəkəyə birbaşa qoşulduğu müəyyən edildiyindən 1095 gün üçün hesablanmamış elektrik enerjisi sərfiyyatı olduğu müəyyən edilmiş və aşağıdakı qaydada borc hesablasnmışdır: 11,50 kvt x 12 saat x 1095 gün=15110 kvts Tarif (0,11 man)-10074 kvts x 0,11=1108,14 man Tarif (0,09 man)-141036 kvts x 0,09=12693,24 man Cəmi=13801,38 manat borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli ********* nömrəli "xxxx" ASC-nin hesab ödəniş vərəqindən görünür ki, həmin tarixdə “Sofiya” şadlıq sarayının 7 manat məbləğində elektrik enerjisi borcu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə ilk öncə iddiaçının məhkəməyə müraciət etməklə bağlı subyektiv hüququnun olması ilə əlaqədar bildirir ki, "xxxx" ASC-də elektrik enenrjisinin alıcısı kimi abonent kodu 07/85/240 olan ofis tikintisi (Sofiya şadlıq sarayı) qeydə alınmış, həmin şadlıq sarayı isə İddiaçı tərəfindən icarəyə götürülmüş və vergi orqanlarında təsərrüfat obyekti kimi qeydiyyata alınmışdır, bu isə o, deməkdir ki, hazırki tələblə iddianın qaldırılmasında İddiaçı subyektiv hüququ vardır. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 040990 nömrəli "xxxx" ASC-nin aktın tərtib edilməsinin səbəbi abonent ofis tikintisinin (Sofiya şadlıq sarayı) elektrik sayğacının aşkar edilməməsi olmuş və buna görə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən əvvəlki 1095 günə sərfiyyat hesablanmaqla 13801,38 manat məbləğində borc yazılmış, halbuki "xxxx" ASC axırıncı dəfə xx.xx.2021-ci il tarixdə məhz sayğac göstəricilərinə istinad edərək ********* nömrəli hesab ödəniş vərəqi tərtib edərək abonentə 7 manat borc yazılmış, bu isə o deməkdir ki, xx.xx.2021-ci il tarixə abonentin sayğacı mövcud olmuş və 55 gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə sayğacın yerində olmaması aşkar edilmişdir. Göründüyü kimi, "xxxx" ASC abonent ofis tikintisinə (Sofiya şadlıq sarayı) sayğacın olmadığı 55 gün əvəzinə, 1095 günə görə hər gün üçün 138 kvt/saat olmaqla onun 91,97%-nı 0,09 manatla, 8,03%-ni isə 0,11 manatla cəmi 13801,38 manat məbləğində borc hesablamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, abonent kodu 07/85/240 olan ofis tikintisinə (Sofiya şadlıq sarayı) hər gün üçün 138 kvt/saat olmaqla 55 gün günə görə 7590 kvt/saat sərfiyyat müəyyən edilməli, daha sonra həmin sərfiyyatın 91,97%-i 0,09 manatla, 8,03%-ni isə 0,11 manatla aşağıdakı qaydada (Azərişıq” ASC-nin icra vərəqində müəyyən edilmiş qaydada) borc hesablanmalıdır: 11,50x12x55=7590 kvt/saat Tarif (0,11 man)- 7590 kvt/saat x 8,03% x 0,11 manat= 67,05 manat. Tarif (0,09 man)- 7590 kvt/saat x 91,97% x 0,09 manat= 628,25 manat. Cəmi 695,30 manat. Göründüyü kimi abonent ofis tikintisinin (Sofiya şadlıq sarayı) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 695,30 manat məbləğində borc yaranmış, halbuki "xxxx" ASC 1095 günə (ondan sayğac olan dövr-1044 gün) 13801,38 manat borc hesablanmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu 07/85/240 olan ofis tikintisinə (Sofiya şadlıq sarayı) hesablanmış 13106,08 (13801,38 manat - 695,30manat) manat məbləğində borcu silinməli, xx.xx.2022ci il tarixdən sonra "xxxx" ASC-yə ödədiyi vəsaitlərin hesabına xx.xx.2022-ci il tarixdən sonra elektrik enerjisinin sərfiyyatı ilə bağlı yaranmış borclar silinməlidir. Odur ki, qeyd olunanları əsasən iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu 07/85/240 olan ofis tikintisinə (Sofiya şadlıq sarayı) hesablanmış 13106,08 manat məbləğində borcu silinməli və abonent kodu 07/85/240 olan ofis tikintisinin (Sofiya şadlıq sarayı) xx.xx.2022-ci il tarixdən sonra "xxxx" ASC-yə ödədiyi vəsaitlərin hesabına xx.xx.2022-ci il tarixdən sonra elektrik enerjisinin sərfiyyatı ilə bağlı yaranmış borclar silinməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu 07/85/240 olan ofis tikintisinə (Sofiya şadlıq sarayı) hesablanmış 13106,08 manat məbləğində borcu silinsin. Abonent kodu 07/85/240 olan ofis tikintisinin (Sofiya şadlıq sarayı) xx.xx.2022-ci il tarixdən sonra "xxxx" ASC-yə ödədiyi vəsaitlərin hesabına xx.xx.2022-ci il tarixdən sonra elektrik enerjisinin sərfiyyatı ilə bağlı yaranmış borclar silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar