Məhkəmə qərarları › İş №e-2-2(113)-252/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-252/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-252/2024 08.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Xızı Rayon Mərkəzi Xəstəxanası” X9 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: təbii qazla təchiz edən paylayıcının hesabladığı borcun mübahisələndirilməsi, subyektiv hüquq, sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı “Xızı Rayon Mərkəzi Xəstəxanası” X9 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Xızı Rayon Mərkəzi Xəstəxanası” X12 Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış mənbəyi məlum olmayan 32233 manat borcun və 2021-ci ilin 11 və 12-ci aylarına yazılan borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı “Xızı Rayon Mərkəzi Xəstəxanası” X12 dövlət tərəfindən yaradılan X12dir və dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ona ödənilir. Ödənişlər Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X12lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X12lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. 2.2. iddiaçı istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtlı-vaxtında ödənişlərini etsə də, bir müddət sonra X10 İstismar İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə şifahi olaraq guya 2010-cu ilin 12-ci ayına 32233 manat mənbəyi məlum olmayan borc olması göstərilmiş və borcun ödənilməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılacağı bildirilmişdir. İddiaçı tərəfindən həmin borcun nəyə əsaslandığı barədə məlumat istənilsə də, açıqlaması verilməmişdir. Həmçinin keçən 13 il ərzində həmin borcun tələb edilməməsinin səbəbləri də qeyri-müəyyəndir. Hətta cavabdeh hesab edirsə ki, müvafiq borc mövcuddur, onda həmin məbləği tələb etməyə iddia müddəti ötürülmüşdür. 2.3. Bundan başqa, 2021-ci ilin 11 və 12-ci aylarında istifadə edilən qaz sərfiyyatından artıq hesabat aparılmışdır. Halbuki bunu da təsdiq edən heç bir sənəd cavabdeh tərəfindən təqdim edilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 372, 560-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2 və 5.5-ci bəndləri və s. göstərilmişdir.

4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaya yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. Azərbaycan Respublikasında əhali və qeyri-əhali abonentlərinin təbii qaz ilə təchiz edilməsi sahəsində münasibətləri qanunvericilik yolu ilə tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndində istehlakçıya qazın verilməsinin dayandırılmasının əsaslarından biri də “qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə” göstərilmişdir. Deməli, abonentə istehlak etdiyi təbii qazın hesabı qaz paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində ödənilməsə, həmin abonentin təbii qaz təchizatı dayandırılmalıdır. Lakin cavabdehin Xızı xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi ilə həssas qrupa aid olduğunu, Xızı rayonunun dağlıq ərazidə yerləşməklə hava iqliminin sərt, soyuq olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Beləliklə, abonentin təbii qazdan istifadəyə görə borcu ilbəil artmışdır. 5.2. Cavabdehin X1 Sistemində (AQİS) 2010-cu ilin sonuna borcu 32233,23 manat göstərilmişdir. 2023-cü ilin sentyabr ayına isə cavabdehin təbii qaza görə borcu 23949,79 manat təşkil edir. Lakin iddiaçının bu borcun Cavabdeh İB tərəfindən tələb edilməsi üçün iddia müddətinin keçməsi fikri səhvdir. Belə ki, birincisi iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün, yəni müqavilə öhdəliklərindən irəli gələn borcun qaytarılması üçün iddia qaldırmamışdır ki, bu iş üzrə iddia müddəti tətbiq edilsin. İkincisi, Mülki Məcəllənin 380-cı maddəsinə əsasən, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdehin 2010-cu ilin sonuna 32233,23 manat olan borcu hazırda 23949,79 manatdır. Deməli, debitor borcdan bu illər ərzində iddiaçı tərəfindən 8283,44 manat məbləğ ödənilmişdir. Məsələn 2023-cü ilin mart ayında təbii qazdan 3364 m3 və ya 841 manat məbləğində istifadə edilmişdir. Lakin həmin ay 1980,50 manat qaza görə ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı 2023-cü ilin mart ayında mübahisələndirilən debitor borcundan 1139,50 manat ödəmişdir ki, bu ödəniş də borcu etiraf edən hərəkətdir. 5.3. İddiaçının iddia tələbinin ikinci hissəsi qeyri-müəyyən olduğu üçün həmin hissə haqqında hər hansı mülahizə irəli sürmək mümkün deyildir.

6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 372, 380-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndi göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş və X12 statusu almışdır. O həm icbari tibbi sığorta qaydasında, həm də pullu xidmət göstərir. 32233 manat borc isə Xızı Rayon Mərkəzi Xəstəxanasının borcu kimi iddiaçıya keçmişdir. Lakin həmin borcun yaranma əsasları barədə hər hansı məlumat yoxdur. Digər tərəfdən, cavabdeh iddiaçı ilə yeni müqavilə bağlamaqdan imtina edir, sonuncu müqavilə Xızı Rayon Mərkəzi Xəstəxanası ilə bağlanmışdır. 2021-ci ilin 11 və 12-ci aylarına yazılan borcun da hansı qaydada hesablandığı qeyri-müəyyəndir. Bununla yanaşı, “Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 avqust 2010-cu il tarixli 148 nömrəli Qərarı ilə təbii qazdan istifadə ilə bağlı büdcə təşkilatlarının borcları silinməli olduğu halda, 32233 manat borc silinməmişdir.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, iddiaçı 32233 manat borcdan hər hansı ödəniş etməmişdir. Lakin iddiaçı müəyyən dövrlərdə avans şəklində ödənişlər etmişdir ki, həmin ödənişlər mübahisələndirilən borca silinmişdir. Belə ki, büdcədən vaxtında vəsaitin ayrılması ilə bağlı problemlər olduğundan iddiaçının hər ay üçün ödənişlər etməsi çətindir, bu səbəbdən vəsait olduqca növbəti aylar üçün də avans olaraq pul ödənilir.

9. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri X5 və X3 iddiaya etirazın məzmununa uyğun izahat verdilər və iddia tələbinin bir hissəsini təşkil edən 32233 manat borcun silinməsi hissəsində bildirdilər ki, həmin borc məbləği iddiaçının 2010-cu il tarixinədək olan sərfiyyata uyğun debitor borcdur. Lakin X1 Sisteminə (AQİS) keçidlə bağlı borc məbləği abonent saldosunun “qalıq və aktlar” sütununda yazılmışdır. Həmçinin müvafiq mütəxəssis vasitəsilə AQİS-dən əvvəlki sistemdən əldə edilmiş 2009 və 2010-cu illər üçün saldo da təqdim edilmişdir. Sözügedən saldodan borcun qaz sərfiyyatı əsasında yazıldığı görünür. Belə ki, həmin dövrdə sayğac göstəricisi cavabdehin əməkdaşları tərəfindən oxunur, akt tərtib edilir, həmin akt da sistemə daxil edilirdi. Həmin aktlar barədə məlumatlar da 2009 və 2010-cu illərin saldosunda “sayğacın göstəricisi” sütununda əks olunmuşdur.

10. Cavabdehin nümayəndələri iddia tələbinin 2021-ci ilin 11 və 12-ci aylarına yazılan borcun silinməsi hissəsi ilə bağlı göstərdilər ki, iddiaçıya məxsus “G-25” markalı 75117541 nömrəli qaz sayğacı yoxlama məqsədilə çıxarılmış, iddiaçının 12 noyabr 2021ci il tarixli məktubu əsasında qaz cihazlarının saatlıq sərfinə uyğun olaraq müvafiq borclar hesablanmışdır. Lakin həmin aktlar hal-hazırda cavabdehdə mövcud deyildir.

11. Məhkəmənin suallarına cavab olaraq cavabdehlərin nümayəndələri bildirdilər ki, uzun müddət keçdiyindən və cavabdehin on minlərlə abonenti olduğundan 2010-cu il üçün borcun hesablanmasına əsas olan sənədləri tapmaq, demək olar ki, mümkün deyildir. İddiaçı büdcə təşkilatı olduğu üçün isə hazırkı müddətə qədər borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda sayğacsız istifadə edilən təbii qazın dəyərinin əvvəlki aya uyğun hesablanması nəzərdə tutulsa da, 2021-ci ilin 11-ci ayından əvvəl iddiaçının sərfiyyatı olmadığından xüsusi hesablama qaydası nəzərdə tutulmuşdur.

12. Bundan başqa, cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yazılı mülahizə təqdim edərək göstərmişdir ki, “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 nömrəli Fərman adından da müəyyən olunduğu kimi yalnız əhali abonentlərinə şamil edilir. Bu Fərmanda hər hansı hüquqi şəxsin, təsərrüfat subyektinin və ya büdcə təşkilatının təbii qazdan istifadəyə görə yaranmış borclarının silinməsi barədə heç bir bənd yoxdur. İkincisi, Fərmanın 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə” 09 avqust 2010-cu il tarixli 148 nömrəli Qərarının 2-ci bəndinin 12-ci abzasına əsasən xx.xx.2010-cu il tarixə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 10,9 milyon manat "xxxx" ASC-nin borcunun silinməsi qeyd edilmişdir. Burada da təbii qazdan istifadəyə görə yaranan Cavabdehnə olan borcun deyil, "xxxx" ASC-yə olan borcun silinməsindən bəhs edilir. Bütün bunlardan müəyyən olunur ki, iddiaçının qaldırdığı iddianın təmin edilməsi üçün məhkəməyə təqdim etdiyi hüquq normalarına istinad etməsi tamamilə yanlışdır.

III. Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllə: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Borcun silinməsi tələbi ilə bağlı

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. İş materiallarında olan cavabdeh (Paylayıcı qismində) ilə Xızı Rayon Mərkəzi Xəstəxanası (İstehlakçı qismində) arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 06 aprel 2018-ci il tarixli müqavilənin şərtlərindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

17. Həmin müqaviləyə 1 saylı əlavə olan protokoldan görünür ki, Xızı Rayon Mərkəzi Xəstəxanasının qaz sayğacı “Elster G-25” markalı 75117541 nömrəli sayğacdır və istehlakçıya aid digər 6 müəssisənin qaz sayğacının marka və zavod nömrəsi, qaz işlədiciləri razılaşdırılmışdır.

18. Məhkəməyə təqdim edilən iddiaçı tərəfindən cavabdehə ünvanlanan 12 noyabr 2021-ci il tarixli 329 nömrəli məktubdan görünür ki, iddiaçının Tibbi bərpa şöbəsinin qaz xətti üzərinə quraşdırılmış “G-25” markalı 75117541 nömrəli qaz sayğacının növbəti dövlət yoxlamasında olması nəzərə alınaraq qaz təminatının verilməsinin mövcud cihazların saatlıq qaz sərfiyyatına uyğun olaraq hesablanmaqla verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.

19. Xızı Rayon Mərkəzi Xəstəxanasına məxsus **********00030 nömrəli abonentin saldosundan görünür ki, 2010-cu ilin 12-ci ayı üçün “qalıq və aktlar” sütununa 32233,23 manat, 2021-ci ilin 11-ci ayı üçün “qalıq və aktlar” sütununa 2880 manat, 12-ci ayı üçün “qalıq və aktlar” sütununa 3720 manat məbləğində borc daxil edilmişdir. xx.xx.2024-cü il tarixə isə qalıq borc məbləği 24553,01 manat təşkil edir.

20. İş materiallarına əlavə edilən 2009-cu və 2010-cu il tarixə Xızı Rayon Mərkəzi Xəstəxanasının saldosundan görünür ki, 2009-cu ilin əvvəlinə 22584,63 manat borc olmaqla həmin il üzrə ümumilikdə 17940 manat sərfiyyat qeydə alınmış, ilin sonuna borc isə 32776,63 manat olmuşdur. 2010-cu ilin əvvəlinə 32776,63 manat borc olmaqla həmin il üzrə ümumilikdə 2355,4 manat sərfiyyat qeydə alınmış, ilin sonuna borc isə 32233,23 manat olmuşdur.

21. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli 01-AA/05-HŞ-02 nömrəli arayışdan görünür ki, iddiaçı X10 İstismarı İdarəsinin Xızı xidmət sahəsində abonent kimi (istehlakçının ödəyici kodu – 260030) qeydiyyatdadır, onun xx.xx.2024-cü il tarixinə 24894,54 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış, ödənilməmiş debitor borcu vardır. Bu borcun 7678,25 manat hissəsi iddiaçının direktoru Bəhdaş Nəbiyevin “obyektin sayğacının dövlət yoxlamasında olduğu dövr ərzində qaz işlədici cihazların saatlıq qaz sərfiyyatına uyğun hesablanması barədə” xx.xx.2021-ci il tarixli 329 saylı məktubuna əsasən hesablanmışdır (2021-ci ilin noyabr ayı üçün 2880 manat; dekabr ayı üçün 3720 manat; 2022-ci ilin yanvar ayı üçün 1078,25 manat cəmi – 7678,25 manat), 17216,29 manat hissəsi isə təbii qazdan istifadəyə görə yaranmış sayğacla müəyyən edilən debitor borcudur. Əlavə olaraq qeyd olunur ki, 24894,54 manat borc hər hansı ziyan aktına görə deyil, iddiaçının qaz işlədici cihazlarında istifadə olunmuş təbii qaza görə yaranmış, ödənilməmiş debitor borcudur

22. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, Xızı Rayon Mərkəzi Xəstəxanası ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Sonuncu ilə cavabdeh arasında qazın alqı-satqısı barədə həmin müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Xızı Rayon Mərkəzi Xəstəxanasını keyfiyyətli qazla təmin etməyi, Xızı Rayon Mərkəzi Xəstəxanası isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Xızı Rayon Mərkəzi Xəstəxanasının abonent saldosunun “qalıq və aktlar” sütununa 2010-cu ilin 12-ci ayı üçün 32233 manat məbləğində, 2021-ci ilin 11-ci ayı üçün 2880 manat, 12-ci ayı üçün 3720 manat məbləğində borc yazılmışdır.

23. İddiaçı qeyd edilən borc məbləğlərinin əsassız hesablandığını, borcun mövcudluğu ilə bağlı hər hansı təsdiqedici sənədlərin olmadığını bildirir və silinməsini tələb edir. İddiaçı həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə” 09 avqust 2010-cu il tarixli 148 nömrəli Qərara istinad edərək 32233 manat məbləğində borcun hökumət tərəfindən silindiyini qeyd edir.

24. Cavabdeh 32233 manat məbləğində borcun X1 Sistemindən (AQİS) əvvəlki dövrə aid sərfiyyata əsaslanan borc olduğunu, lakin uzun müddət keçdiyindən təsdiqedici sənədləri tapmağın mümkün olmadığını bildirir. 2021-ci ilin 11-ci ayı üçün 2880 manat, 12-ci ayı üçün 3720 manat məbləğində borcun isə iddiaçının müraciəti əsasında akta əsaslanmaqla yazıldığını, lakin aktların hal-hazırda cavabdehdə olmadığını qeyd edir və iddianın rədd olunmasını xahiş edir.

25. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

26. Əvvəla göstərilməlidir ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilmiş, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “X12lər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən X9 təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirməsi qərara alınmışdır.

27. Cavabdehlə sonuncu müqavilə 06 aprel 2018-ci il tarixdə, iddiaçı TƏBİB-in tabeliyinə verilmədən bağlanılmış, hazırda da iddiaçı həmin müqavilə əsasında qazla təchiz edilir, Xızı Rayon Mərkəzi Xəstəxanasına məxsus abonent kodu (**********00030) üzrə ödənişlər edir.

28. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən əladə edilmiş vergi məlumatlarından görünür ki, “Xızı Rayon Mərkəzi Xəstəxanası” X9 qeydə alındığı VÖEN (**********) xx.xx.2005-ci il tarixdə verilmişdir.

29. Belə olan halda, məhkəmə hesab edir ki, “Xızı Rayon Mərkəzi Xəstəxanası” X12 Xızı Rayon Mərkəzi Xəstəxanasının hüquqi varisidir və hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malikdir.

30. Digər tərəfdən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 24-cü bəndinə əsasən, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, X12lərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyrihökumət təşkilatları və X12lər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır.

31. “X12lər haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci bəndinə əsasən, X12lər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.

32. Məhkəmə qeyd edir ki, iddiaçının 12 fevral 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsində də qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olması imkanı istisna edilməmişdir.

33. Məhkəmə iddiaçının tibb müəssisəsi kimi vətəndaşlara icbari tibbi sığortadan kənar da ödənişli əsaslarla tibbi xidmət göstərdiyini, iddiaçının istehlak etdiyi təbii qazın onun bütün fəaliyyətinin təmininə – həm xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsinə, həm də sahibkarlıq fəaliyyətinə yönəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə kommersiya məhkəmələrinin aidiyyətidir. Məhkəmə bu zaman nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

34. Məhkəmə 2010-cu ilin 12-ci ayı üçün abonent saldosuna daxil edilmiş 32233 manat borcun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə silinibsilinməməsi barədə qeyd edir ki, “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 dekabr tarixli 207 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə” 09 avqust 2010-cu il tarixli 148 nömrəli Qərarının 1-ci bəndinə əsasən, 2010-cu ilin 1 yanvar tarixinə "xxxx" QSC-nin 99,0 mln. manat və "xxxx" ASC-nin 1555,4 mln. manat məbləğində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və onun qurumlarına yaranmış borclarının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2010-cu ilin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilməklə silinməsi qərara alınmış, xx.xx.2010-cu il tarixə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə 10,9 mln. manat məbləğində borcun silinməsi isə "xxxx" ASC-nin debitor borclarına aid olmuşdur.

35. Göründüyü kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə silinməsi qərara alınan borc məbləği təbii qazın istehlakı ilə bağlı olmayıb, enerjinin istehlakı ilə əlaqədardır. Adıçəkilən Qərarın birinci bəndi ilə məhz təbii qaz üzrə borcların silinməsini tənzimləmiş, yalnız "xxxx" QSC və "xxxx" ASC-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və onun qurumlarına yaranmış borclarının silinməsi qərara alınmışdır.

36. Bu mənada iddiaçının 32233 manat məbləğində borcun Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı ilə silinməsi barədə arqumentləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə” 09 avqust 2010-cu il tarixli 148 nömrəli Qərarı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə təbii qazın istehlakı nəticəsində yaranmış borclara şamil edilməmişdir.

37. Hazırda mübahisələndirilən 32233 manat borcla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

38. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

39. Cavabdeh qeyd edilən borc məbləği ilə bağlı 2009 və 2010-cu illər üçün “abonent saldosu” kimi iddia etdiyi sənədləri məhkəməyə təqdim edir. Lakin “abonent saldosu” özü-özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər.

40. Hazırkı işdə isə 2009 və 2010-cu illəri üçün abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir.

41. Digər tərəfdən, məhkəmə müddətin keçməsi səbəbindən borcun əsasında duran sənədlərin artıq mövcud olmadığı barədə cavabdehin arqumentləri ilə də razı deyildir. Belə ki, qeyd edilən borc məbləği tam ödənilmədiyi halda, onun mübahisələndirilməsi və ya məhkəmə qaydasında tələb edilməsi ehtimalı mövcud olduğundan həmin sənədlərin məhv olması və ya itirilməsinin riskini də cavabdeh daşıyır. Hətta nəzərə alınmalıdır ki, 2010-cu ildən etibarən qaz təchizatının dayandırılmaması məqsədilə ödənilən ödənişlər iddiaçının etirafedici hərəkətləri hesab oluna bilməz. Cavabdeh Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirən təbii inhisar subyektidir və istehsalatın müvafiq sahəsində rəqabət mümkün deyildir. Belə olan halda, borc məbləği ilə razı olunmasa da, edilən ödənişlər etirafedici hərəkətlər kimi yozula bilməz.

42. Beləliklə, məhkəmə hesab edir ki, 32233 manat borcun əsaslılığı ilə bağlı cavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilmir və bu səbəbdən – həmin borc əsassız olduğundan silinməlidir.

43. Məhkəmə iddia tələbinin 2021-ci ilin 11 və 12-ci aylarına yazılan borcun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir.

44. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

45. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

46. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması zamanı qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsinin dayandırılmadığı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması nəzərdə tutulmuşdur.

47. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli aktdan, abonent saldosundan və iddiaçı tərəfindən cavabdehə ünvanlanan 12 noyabr 2021-ci il tarixli 329 nömrəli məktubdan aydın olur ki, iddiaçıya məxsus “G-25” markalı 75117541 nömrəli qaz sayğacı xx.xx.2021-ci il tarixdə dövlət yoxlamasına aparılmış, iddiaçı 12 noyabr 2021-ci il tarixdə cavabdehə müraciət edərək iddiaçının Tibbi bərpa şöbəsinin qaz xətti üzərinə quraşdırılmış “G-25” markalı 75117541 nömrəli qaz sayğacının növbəti dövlət yoxlamasında olması nəzərə alınaraq qaz təminatının verilməsinin mövcud cihazların saatlıq qaz sərfiyyatına uyğun olaraq hesablanmaqla verilməsinə köməklik göstərilməsini xahiş etmiş, bundan sonra qazın verilişi bərpa edilmiş və qaz sayğacının olmadığı dövr – 2021-ci ilin noyabr və dekabr ayları üzrə istifadə edilmiş qazın dəyəri hesablanaraq abonent saldosuna daxil edilmişdir.

48. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndələri mübahisələndirilən – sayğacsız dövrdə borcun hesablanması barədə aktları məhkəməyə təqdim edə bilməmişdir. Lakin həmin dövrdə qazdan istifadə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən – 2021-ci ilin 11 və 12-ci aylarına qaz sərfi hesablanmalıdır. Lakin “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərini nəzərə alan məhkəmə qeyd edir ki, sayğac çıxarıldığı gündən əvvəlki ay sərfiyyat qeydə alınmamış, sonuncu sərfiyyat 2021-ci ilin aprel ayında qeydə alınmışdır. Belə olan halda qeyd olunan normanın tələbinə əsasən hesablamanın aparılması mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, sayğacsız istifadə edilmiş dövr üzrə qazın dəyəri 2020-ci ilin analoji dövrünə uyğun olaraq hesablanmalıdır.

49. Bu mənada abonentin saldosundan görünür ki, 2020-ci ilin 11-cİ ayı üçün sərfin məbləği 661,20 manat, 12 ayı üçün 958,20 manat olmuşdur. Bu halda iddiaçının 2021-ci ilin noyabr və dekabr ayları üzrə qaz sərfinin məbləği müvafiq olaraq 661,20 manat və 958,20 manat təşkil edir.

50. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi 37213,6 manat (akt əsasında hesablanmış aylar üzrə sərfiyyat (2880+3720) – məhkəmə tərəfindən müəyyən edilən sərfiyya (661,20+958,20); silinməli borc məbləği = 32233+4980,60) manat borcun silinməsi hissəsində əsaslıdır.

51. Bununla yanaşı məhkəmə qeyd edir ki, silinməsi tələb edilən və məhkəmə tərəfindən əsassızlığı müəyyən edilən borc məbləğindən ödənişlər edilmişdir. Belə olan halda, iddia tələbinin obyektini təşkil edən borc ödənildiyindən həmin hissədə məhkəmə tərəfindən silinmənin aparılması mümkün deyildir. Belə ki, iddiaçının tələbini borcun silinməsi təşkil edir və bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən **********00030 nömrəli abonent koduna 2010-cu ilin 12-ci ayı, 2021-ci ilin 11-ci və 12-ci ayı üzrə akt əsasında hesablanmış ümumilikdə 24553,01 manat məbləğində borc silinməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

53. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/xx/xx/0186 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.

54. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

55. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

56. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

57. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 127 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq iddiaçı “Xızı Rayon Mərkəzi Xəstəxanası” X11 ödənilməli, mediasiya xərci qalan hissədə iddiaçıya aid edilməlidir.

V. Nəticə:

60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən **********00030 nömrəli abonent koduna 2010-cu ilin 12-ci ayı, 2021-ci ilin 11-ci və 12-ci ayı üzrə akt əsasında hesablanmış ümumilikdə 24553 (iyirmi dörd min beş yüz əlli üç) manat 01 (bir) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı “Xızı Rayon Mərkəzi Xəstəxanası” X8 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar