Məhkəmə qərarları › İş №e-2-2(113)-254/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-254/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-254/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, X1 cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommerisya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: X2 cavabdeh “xxxxxxxx” ASC-yə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu 55 ünvanında 6,25 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (X11 Prokatı zavodu) 135878 kvt. miqdarında, ƏDV ilə birlikdə 12229,02 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinin etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 12229,02 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Xosasən yolu 55 ünvanında 6,25 ha torpaq sahəsində yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyətində olan əmlak kompleksi dövlət əmlakının özəlləşdirilməsi haqqında proqrama uyğun olaraq tərəfindən özəlləşdirilmişdir. Mülkiyyətində olan əmlak kompleksindən istehsal sahəsi kimi istifadə edilir və tərəfindən bağlanmış icarə müqaviləsi əsasında ayrı-ayrı şəxslərə icarəyə verilmişdir. “xxxxxxxx” ASC ilə aralarında xx xxxxxxxx 2018-ci il tarixdə 034389 nömrəli müqavilə bağlanmışdır. Müqavilə “xxxxxxxx” ASC-nin Enerji satışı Departamenti tərəfindən hazırlanmış və onun təklif etdiyi şərtlər əsasında birtipli müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndi ilə müəyyənləşdirilmişdir ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə Qaydaları"nı rəhbər tutacaqlar. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə hesab ödəniş vərəqi göndərilərək ondan 12229,02 manat məbləğində pulun xx.xx.2019-cu il tarixədək ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən ona 135878 kvts. miqdarında elektrik enerjisindən sərfiyyat hesablanmış və enerjidən istifadəyə görə ƏDV ilə birlikdə 12229,02 manat məbləğində pulun ödənilməsi ondan tələb edilmişdir. xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqində elektrik enerji sərfiyyatının Rİ 027871 akta əsasən hesablanması qeyd edilmişdir. “xxxxxxxx” ASC onun barəsində xx xxxx 2019-cu il tarixli, R 027871 nömrəli akt, “Sayğac sxemlərinin yoxlanması, quraşdırılması və dəyişdirilməsi üzrə” xx xxxx 2019-cu il tarixli, 179985 nömrəli akt və xx xxxx 2019-cu il tarixli, 154829 nömrəli protokol tərtib etmişdir. Yoxlama zamanı akşar olunan qüsurlar bunlar olmuşdur: sayğac normal buraxılan xəta ilə işləyir, sayğacın xüsusi proqram əlavəsi (detalı) oxunan zaman xx.xx.2019-cu il tarixdən etibarən sayğacın göstəricisinin dəyişməz olaraq qaldığı aşkar olundu. Yoxlamanın nəticələri komissiyanın sədri, komissiya üzvləri tərəfindən imzalanmış, abonentin nümayəndəsi protokola imza etməkdən imtina etmişdir. xx xxxx 2019-cu il tarixli, R 027871 nömrəli aktla “Elektrik enerjisindən istifadə Qaydaları”nın yoxlanılması zamanı elektrik sayğacının ekranının oxunmadığı, xətdə olan yükü sayğac yüksəkdə quraşdırıldığı üçün ölçmək mümkün olmadığı, sayğacın yoxlanılıb rəy verilməsi və yenisi ilə əvəz edilməsi qeyd edilmişdir. “Sayğac sxemlərinin yoxlanması, quraşdırılması və dəyişdirilməsi üzrə” tərtib edilmiş 179985 nömrəli akta əsasən Qaradağ RETSİ tərəfindən

20. 07. 2019-cu il tarixli R 027871 saylı akt əsasında sayğac ekranı söndürülərək yeni elektron sayğacla əvəz olunmuş və çıxan sayğac qutuya qoyularaq möhürlənib rəyə göndərilmişdir. Hesab edir ki, həmin aktla enerjidən istifadə qaydalarını pozmağına görə 135878 kvts. miqdarında enerji sərfiyyatına görə ona borc hesablanması qanunsuzdur. iddiaçıya məxsus obyektə elektrik enerjisinin verilməsinə dair 2 ədəd sayğac “xxxxxxxx” tərəfindən obyektin ərazisindən kənarda quraşdırılmışdır. Elektrik sayğacları cavabdehin nəzarəti altındadır. Kənar şəxslər tərəfindən elektrik sayğaclarına hər hansı bir müdaxilə edilməsi mümkün deyil və belə bir müdaxilə edilməsi faktı da müəyyən edilməmişdir. Həmin sayğaclar əsasında elektrik enerjisinin sərfiyyatı hesablanır və hər bir şəxs ayrıayrılıqda istifadə etdiyi enerji xərclərini ödəyir. Cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə həmişə əməl edilmiş və təqdim edilmiş hesab ödəniş vərəqi əsasında ödənilmişdir. İstifadə olunmuş elektrik enerjisinin sərfiyyatına dair cavabdeh “xxxxxxxx” ASC tərəfindən hesab ödəniş vərəqi göndərilir və həmin məbləğin 1 ay müddətində, növbəti hesabat dövrünədək ödənilməsi təmin edilir. Qanunsuz hesablanmış borcun silinməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək əsassız olduğundan iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirmişdir ki, o, iddiaçıya məxsus obyektin mühafizəsini təşkil edir. Dəyişdirilmiş sayğaclar “xxxxxxxx” ASC tərəfindən quraşdırılmış xüsusi qutuda və obyektin ərazisindən kənarda yerləşir. Həmin qutunun açarı “xxxxxxxx” ASC-nin əməkdaşlarında olur və sayğacın göstəricisi yoxlanılan zaman onun iştirakı ilə sayğaca baxış keçirilir. Aktlar tərtib olunan vaxt baxış keçirilərkən sayğacların ekranının işləmədiyi müəyyən olundu və sayğaclar möhürlənərək rəy verilməsi üçün laboratoriyaya göndərildi.

Əsaslandırıcı hissə:

Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Xosasən yolu 55 ünvanda 6,25 ha toıpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə elektrik enerjisinin alqı-satqısına dair birtipli müqavilə bağlanmışdır. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə elektrik enerjisinin alqı-satqısına dair birtipli müqavilə bağlanmışdır. xx xxxx 2019-cu il tarixli, R seriyalı, 027868 saylı aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Yasamal yolunun üstü ünvanında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 69207951 nömrəli sayğacın ekranı oxunmur. xx xxxx 2019-cu il tarixli, 182764 nömrəli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktdan görünür ki, xx xxxx 2019-cu il tarixli, R seriyalı, 027868 saylı akta əsasən sayğaca baxış keçirilmiş, 69207951 nömrəli sayğacın ekran tablosu söndüyündən sayğacın işləmədiyi məlum olmuş və sayğac yenisi ilə əvəz olunmuşdur. Çıxarılmış sayğac möhürlənərək rəyə aparılmışdır. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 150520 saylı protokolun surətindən görünür ki, 69207951 nömrəli sayğac istismara yararsızdır. xx xxxx 2019-cu il tarixli, R seriyalı, 027871 saylı aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Yasamal yolunun üstü ünvanında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 69207817 nömrəli sayğacın ekranı oxunmur. xx xxxx 2019-cu il tarixli, 179985 nömrəli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktdan görünür ki, xx xxxx 2019-cu il tarixli, R seriyalı, 027871 saylı akta əsasən sayğaca baxış keçirilmiş, 69207817 nömrəli sayğacın ekran tablosu söndüyündən sayğacın işləmədiyi məlum olmuş və sayğac yenisi ilə əvəz olunmuşdur. Çıxarılmış sayğac möhürlənərək rəyə aparılmışdır. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 154829 saylı protokolun surətindən görünür ki, 69207817 nömrəli sayğacın göstəricisi xx.xx.2019-cu il tarixdən etibarən dəyişməz olaraq qalmışdır. xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx xxxx 2019-cu il tarixli, R seriyalı, 027871 saylı akta əsasən 135878 kvts (362341 kvts : 8 gün x 3 gün = 135878 kvts) elektrik enerjisi sərfiyyatı hesablanmışdır. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıdan 12228,02 manat (135878 kvts) məbləğində borcun xx.xx.2019-cu il tarixədək ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə yoxlama keçirilmiş və “Luna” tipli 69207817 nömrəli elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın ekran tablosunun işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. “Luna” tipli 69207817 nömrəli elektrik sayğacın ekranının oxunmadığı kimi daxili qüsuru müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Sayğacın göstəricisinin xx.xx.2019-cu il tarixdən etibarən dəyişməz olaraq qaldığı müəyyən olunmuş və 135878 kvts (362341 kvts : 8 gün x 3 gün = 135878 kvts) elektrik enerjisi sərfiyyatı hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda sayğaclarda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 12229,02 manat borc hesablanmışdır və məhkəmə hesab edir ki, həmin borc silinməklə iddia təmin edilməlidir. İddiaçı tərəfindən dövlət rüsumunun cavadehdən tutulması barədə tələb olmadığından ödənilmiş rüsum iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə-sinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin X6 hesablanmış 12229,02 manat məbləğində borcun silinməsi vəzifəsi “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar