Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2583/2020 21.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçınə su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 8784 manat məbləğində borcdan iddiaçının abonent hesabında (Abonent kodu: 090290) qalan hissəsi – 8742.97 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən iddiaçı barəsində 2018-ci ilin oktyabr ayında istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə 8784 manat borc məbləği hesablanmışdır. Buna səbəb isə Cavabdeh ASC tərəfindən cavabdehin istifadə etdiyi suyun xammal kimi nəzərə alınması və qiymətin buna əsasən hesablanması olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 6 saylı, xx xxx 2016-cı il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” qərarının 3-cü bəndinə əsasən, “Sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8,0 manat təsdiq edilmişdir. İddiaçı müəssisə kənd təsərrüfatı məhsullarının konservləşdirilməsi, müxtəlif növ mürəbbələrin, habelə narşərab və təbii nar şirələrinin hazırlanması ilə məşğul olur. 2018-ci ilin avqust ayından etibarən müəssisə həmçinin kompot istehsalı ilə məşğul olmağa başlamışdır. Lakin bu fəaliyyət müəssisənin ümumi istehsal həcminin çox cüzi, təxminən 4-6 faizini təşkil etməkdədir. Məhz bunu əsas götürərək Cavabdeh ASC tərəfindən müəssisəyə baxış keçirilmiş və müəssisədə istifadə olunan bütün suyun dəyərinin 8 manat tarifi ilə ödənilməli olduğu bildirilmişdir. Bunun əsasında xx.xx.2018-ci il tarixli, ********* saylı hesab-faktura tərtib olunmuş və istifadə olunan 1098 m3 su sərfiyyatına görə 8 manat tarif dərəcəsi ilə hesablanaraq müəssisəyə ƏDV daxil 8784 manat borc tətbiq olunmuşdur. Bu borc məbləği bugünə qədər müəssisənin hesabında qalmaqdadır. Kompot istehsalı sudan xammal kimi istifadə edən istehsalçılar qrupa aid deyildir. Belə ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli, 500 №-li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, kompot məhsulları 20-ci qrup olan “tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları” mal kateqoriyasına aid edilmişdir. Bu qərarda alkoqollu və alkoqolsuz içkilər isə 22- ci qrupa aid edilməklə fərqləndirilmişdir. Bununla da bir daha təsdiq olunur ki, qanunvericilik baxımında kompotun tərkibinin zəruri elementi içki məhsullarından fərqli olaraq su hesab olunmur. Buna baxmayaraq, kompot istehsalını digər içkilərlə eyniləşdirib sudan xammal kimi istifadən istehsalçılara tətbiq olunan dərəcələri iddiaçıya şamil etmək qanunsuz və əsassızdır. Digər tərəfdən, xx xxxx 2014-cü il tarixli, № 262 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Sudan istifadə Qaydalarına” 2 nömrəli əlavə - Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1-ci bəndinə əsasən, 4.1. İstehlakçının aşağıdakı hüquq və öhdəlikləri vardır: 4.1.3. istehlakçı sudan xammal kimi istifadə etdikdə, xammal istifadəsi üzrə su sərfinin dəqiqliyini təmin etmək üçün xammala gedən su xətlərinin əvvəlinə suölçən cihazların Müəssisə ilə razılaşdırılmış qaydada qoyulmasını təmin edir. Göründüyü kimi qanunvericilik sudan xammal kimi istifadə olunduqda belə, məhz həmin su sərfiyyatının ayrıca hesablanmasını tələb etməkdədir. Bu halda isə hətta cavabdehin mövqeyi ilə razılaşıb kompot istehsalını sudan xammal kimi istifadə edən istehsalçılar kateqoriyasına aid etsək belə, yuxarıda qeyd olunduğu kimiddiaçının istehsal həcminin 4- 6 faizini təşkil etməsinə baxmayaraq, cavabdeh bütöv su sərfiyyatını eyni dərəcə ilə hesablamış, bu barədə hər hansı fərqləndirmə aparmamışdır. Bu isə hesablanmış borc məbləğinin əsassız olmasını tam sübuta yetirir. Həmçinin xüsusi olaraq vurğulamaq lazımdır ki, cavabdeh tərəfindən təqdim olunmuş ********* saylı hesab-fakturada xx.xx.2018 və xx.xx.2018-ci il tarixləri arasındakı su sərfiyyatı 1098 m3 olaraq göstərilmişdir. İddiaçı müəssisə smart tipli sayğacdan istifadə etməklə istifadə etdiyi su sərfiyyatına görə pulu smart kart vasitəsilə ödəmişdir. Müəssisənin fəaliyyətdə olduğu hər hansı dövr ərzində nəinki 17 gün ərzində, ümumilikdə 1 ay ərzində 1098 m3 sərfiyyatı olmamışdır. Cavabdeh ASC tərəfindən bu sərfiyyatın necə hesablanması, hansı meyarlar əsasında bu rəqəmin çıxarılması onlara məlum deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.4.--cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda məhkəmə həmin ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsində su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 8784 manat məbləğində borcun silinməsi tələbin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, tələbetmə hüququ barədə mübahisə olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263 və 264-cü maddələrinə əsasən, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçınə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2583/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2583/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver