Məhkəmə qərarları › İş №e-2-2(113)-2601/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2601/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2601/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən hesablanmış 20000 (iyirmi min) manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı Bakı şəhəri, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində xırda istixanada quşçuluq (Abşeron Broyler) fəaliyyəti ilə məşğul olur. xx.xx.2017-ci il tarixdə onunla “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanaraq istifadəsində olan qeyri-yaşayış sahəsinə qaz sayğacı quraşdırılmış və **********00000 saylı abonent hesabı verilərək təbii qaz verilmişdir. 2021-ci ilin noyabr ayınadək Cavabdeh İB ilə arasında qaz təchizatı ilə bağlı və qaz pulunun ödənilməsi ilə heç bir problem olmamışdır. Lakin, 2021-ci ilin noyabr ayında cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona 20000 manat məbləğində artıq borc hesablanmışdır. Belə ki, abonent saldosuna baxdıqda aydın görmək oar ki, qeyri-yaşayış sahəsində ay ərzində 7-8 min manat məbləğində təbii qazdan istifadə olunduğu halda 2021-ci ilin noyabr ayında guya tərəfindən 29075,64 manat məbləğində təbii qazdan istifadə edildiyi qeyd edilmişdir. Qaz işlədicilərinin sayı, gücü və istixananın ölçüləri dəyişmədiyi halda bir ayda üç dəfə artıq qazın hesablanması heç bir məntiqə sığmır. Qeyd edilən məsələ ilə bağlı qısa araşdırma apardıqdan sonra məlum oldu ki, istifadədə olan tənzimləyici qaz sayğacından sonraya keçirildiyi üçün sayğac sərf edilən qaz həcmini iki dəfə artıq hesablamışdır. Abonent saldosundan da göründüyü kimi tənzimləyici köhnə yerinə yəni qaz sayğacından əvvələ qaytarıldıqdan sonra hesabat ötən aylardakı kimi aparılmağa başlanmışdır. Saldoya baxdıqda görmək olur ki, hər il noyabr ayında qeyri-yaşayış sahəsində ən çoxu 9000 manat məbləğində təbii qazdan istifadə olunub, yalnız 2021-ci ilin noyabr ayında 29075,64 manat, yəni 20000 manat artıq. Belə bir hal mümkün ola bilməyən bir haldır. 2021-ci ilin noyabr ayına qeyd olunan 29075,64 manat borcun 20000 manat hissəsi artıq hesablanmış və silinməlidir. Tənzimləyicinin yeri qanunsuz və əsassız olaraq dəyişdirildiyindən və bunun nəticəsində artıq hesablanmış 20000 manat məbləğində borc tam silinməlidir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmənin baxış iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinə əsasən işə iddiaçı tərəfin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddianın əsaslılığına münasibət bildirilməmişdən əvvəl məhkəmə tərəfindən iddiaçının hazırkı iddianı məhkəməyə təqdim etməyə dair subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumunun S.Ələkbərovanın şikayəti üzrə 03 iyul 2015ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən də göründüyü kimi qaz paylacısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli ***-**-** nömrəli müqavilə Cavabdeh İB ilə X3 arasında bağlanmışdır. Müqavilə Cavabdeh İB-nin Baş direktorun satış və istismar üzrə müavini Ruslan Əliyev və X2 direktoru İddiaçı imzası və müqavilə tərəflərinin möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli, SS № 29/1640-00509-1 nömrəli aktda “Abşeron Broyler” Quşçuluq sexinə məxsus G160 markalı ******* nömrəli rotor tipli “ELSTER” qaz sayğacının yoxlamasının nəticəsi “Minimal sərfiyyatda xəta normaya uyğun deyil. Batareya və təzyiq borusu tələb olunur.” kimi göstərilmişdir. İş materiallarında olan Abonentin Saldosundan da görünür ki, **********00000 abonent kodu “Abşeron Broyler” Quşçuluğa məxsusdur. İddiaçı iddia tələbində də məhz “Abşeron Broyler” Quşçuluq sexinə məxsus **********00000 abonent kodu üzrə 2021-ci ilin noyabr ayı üçün hesablanmış 29.075,64 manat borcdan, 20.000 manat borcun silinməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının silinməsini xahiş etdiyi borc məbləği fiziki şəxs kimi İddiaçı adına deyil, “Abşeron Broyler” Quşçuluq sexinə hesablanmışdır. Ona görə də, hazırkı iddia tələbi üzrə İddiaçı **********00000 abonent kodu üzrə borcun silinməsinə dair iddia tələbi irəli sürmək hüququ yoxdur. Bundan başqa həmçinin də o da qeyd edilməlidir ki, abonent haqqında saldodan da göründüyü kimi, 2021-ci ilin noyabr ayı üçün 29.075,64 manat borc hesablanmışdır. İddiaçı tərəf bu borcun 9.075,64 manat hissəsini qəbul edir, qalan 20.000 manat hissəsinin isə ləğv edilməsini xahiş edir və həmin ay artıq sərfiyyatın hesablanmasını da, tənzimləyici ilə qaz sayğacının yerinin dəyişdirilməsi ilə izah edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə isə orada ümumiyyətlə hər hansı bir ayda tənzimləyici ilə qaz sayğacının yerinin dəyişdirilmədiyini, dəyişdirilsə idi bu barədə akt tərtib olunmalı olduğunu və həmin aktın bir nüsxəsinin də abonentə verilməli olduğunu qeyd edir. Ona görə də, məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf borcun əsassız hesablandığını bildirsə də, qaz sayğacı ilə tənzimləyicinin yerinin dəyişdirilməsi və borcun əsassız hesablandığına dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar