Məhkəmə qərarları › İş №e-2-2(113)-2642/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2642/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2642/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «İri şəhərlərin X2 Xidməti» PHŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh «İri şəhərlərin X2 Xidməti» PHŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Su Ehtiyyatları Agentliyinin İri şəhərlərin X2 Xidməti Publik Hüquqi Şəxsi tərəfindən istehlakçı 440639 saylı abonent kodu üzrə hesablanmış 2090 manat məbləğində borcun silinməsi və ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Xaqani küçəsində yerləşən ümumi sahəsi 40.0 kv.m olan icarə müqaviləsi əsasında istifadəmdə olan qeyri-yaşayış sahəsi üzrə xx.xx.2003-cü il tarixdə su təchizatı şəbəkəsinə qoşulma və su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə müqavilə bağlanmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsi gözəllik salonu kimi fəaliyyət göstərir. Fəaliyyət dövründə 2017-ci il ərzində 2090 manat əsassız borc hesablanmışdır. Borcun hesablanması barədə məlumatı olmamışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə ön ödənişli sayğac quraşdırılmış, sayğac kartına yüklənən məbləğ sayğaca tam daxil edilməklə sudan istifadə edilmişdir. Ötən ilin sonlarında cavabdeh təşkilat tərəfindən əməkdaşlar tərəfindən suyun verilməsi dayandırılmışdır. Suyun dayandırılması səbəblərini araşdırıldıqda, borcun olması əsas gətirilmişdir. Belə ki, ünvan üzrə verilmiş suyun dəyəri tərəfindən tam şəkildə ödənilir. Bundan əlavə ön ödənişli sayğaca ödənilən pul vəsaiti müqabilində sudan istifadə edilir. Cavabdeh təşkilatın nümayədləri tərəfindən bu müddət ərzində borc vəsaiti tələb edilməmişdir. Dəfələrlə edilmiş müraciətlər heç bir nəticə vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin müzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, mübahisələndirilən dövrdə X4 İdarəsi cavabdehin kurasiyada olmadığı üçün bu borcun yaranma əsası ona məlum deyil. Bu borc Akt əsasında yaranmış borc olmayıb. Borcun yaranma əsasını göstərə bilmir. İddia tələbinin rədd edilməsini xahiş edir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. xx.xx.2017-ci il tarixli, B-0058 saylı torpaq icarəsi müqaviləsinə əsasən Şirvan şəhəri, Xəqani küçəsində yerləşən ümumi sahəsi 40 kv.m. olan torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün İddiaçı icarəsinə verilmişdir.

9. İddiaçıya məxsus abonent haqqında məlumata əsasən 2017-ci ildə içməli və çirkab suya görə ona cəmi 2090 manat borc yazılmışdır.

10. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

11. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2017-ci il tarixli, B-0058 saylı torpaq icarəsi müqaviləsinə əsasən Şirvan şəhəri, Xəqani küçəsində yerləşən ümumi sahəsi 40 kv.m. olan torpaq sahəri sahibkarlıq fəaliyyəti üçün İddiaçı icarəsinə verilmişdir. İddiaçıya məxsus abonent haqqında məlumata əsasən 2017-ci ildə içməli suya görə 1045 manat və çirkab suya görə ona 1045 manat olmaqla borclar yazılmışdır. İddiaçı hal-hazırda 2090 manat məbləğində hesablanmış borcun silinməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etsə də, lakin borcun yaranma əsasını göstərə bilməmişdir.

13. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cu il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:

17. - 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.

18. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin:

19. - 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

20. - 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.

21. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

22. İşdən göründüyü kimi cavabdeh məhkəmə tərəfindən dəfələrcə şərait yaradılmasına baxmayaraq borcun hansı formada hesablanmasını təsdiq edən sübutları, borcun yaranma dövrünü əhatə edən hesab-fakturaları məhkəməyə təqdim etməmişdir.

23. Qeyd olunanlardan göründüyü kimi cavabdeh qurum yaranmış borcun hansı formada və borcun yaranma əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim etməmiş və iddiaçının irəli sürdüyü faktlara qarşı hər hansı əsaslı əks arqument gətirməmişdir.

24. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçıya yazılmış borcun əsaslı olmasını sübuta yetirə bilmədiyi üçün iddia tələbi təmin edilməlidir.

29. Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 41 manat dövlət rüsumu ödənilmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 41 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh «İri şəhərlərin X3 Xidməti» PHŞ tərəfindən hesablanmış 2090 manat məbləğində borc İddiaçı məxsus 440639 saylı abunə hesabından silinsin. Dövlət rüsumunun əvəzi olaraq 41 manat məbləğində pul vəsaiti cavabdeh «İri şəhərlərin X3 Xidməti» PHŞ-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar