Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2676/2021 30.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən müqavilə və kanalizasiya xidmətlərinin göstərilməməsini nəzərə alaraq, 2019-cu ilin avqust ayından hal-hazıradək (01.08.2019-cu ildən 01.05.2021-ci il tarixədək) tullantı sularının axıdılmasına görə cavabdeh tərəfindən onlardan əsassız olaraq tutulmuş və tərəflərindən ödənilmiş 68.830 manat məbləğində pul vəsaitinin, həmin vəsaiti qaytarmadığına görə Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq 4.474 manat məbləğində faizin və 68.830 manat pul məbləğində gecikdirilmiş borc məbləğinin gündəlik 1% həcmində, yəni hər gün üçün 688 manat- 30 gün üçün 20.640 manat pulun dəbbə pulu qismində, cəmi 93.944 manat pul vəsaitinin cavabdehdən tutularaq fərdi sahibkar İddiaçı ödənilməsini, Cavabdeh ASC tərəfindən 10.06.2019-cu il tarixli 41468697 saylı müqaviləyə əsasən tullantı sularının axıdılması xidməti göstərilmədiyi üçün 01.05.2021-ci il tarixdən etibarən 1m3 su üçün 1 manat olmaqla xidmət haqqının hesablanmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə fərdi sahibkar İddiaçı (Abonent kodu 156657) arasında bağlanmış 10.06.2019-cu il tarixli 41468697 saylı müqaviləyə əsasən qeyri-əhali kateqoriyası üzrə istehlak edilmiş 1m3 su üçün ƏDV ilə birlikdə 1 manat, 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0 manat olması müəyyən edilmişdir. Bildirir ki, fəaliyyət göstərdiyi istehsalat sahəsi Sumqayıt şəhəri, Sülh küçəsi-1 ünvanda yerləşir və həmin sahədə Cavabdeh ASC tərəfindən xidmət göstərilən kanalizasiya sistemi mövcud deyildir və tullantı suyunun axıdılması xidməti göstərilmir. Fərdi sahibkar kimi 2019-cu ilədək ödəniş yalnız içməli suya görə tutulmuş, 2019-cu ilin avqust ayından hal-hazıradək 2 ilə yaxın müddət ərzində həm də 1 m3 tullantı suyuna görə 1 manat məbləğində əlavə ödəniş tutulur. Tullantı sularının axıdılması üçün kanalizasiya sistemi mövcud olmadığına görə çirkab suları Cavabdeh ASC-nin balansında olmayan açıq tipli kanal vasitəsi ilə “Acıdərə” adlanan sututarına tökülür. Kanalizasiya sisteminə xidmət göstərilməsi ilə bağlı bir neçə dəfə Cavabdeh ASC-yə müraciət etsələr də, bunun nəticəsi olmamış, həmin kanalın Cavabdeh ASC-nin balansında olmadığı bildirilmişdir. Bundan başqa, Ekologoya Nazirliyinin əməkdaşları tərəfindən tərəfindən tullantı sularının açıq şəkildə axıdılması ilə bağlı müəssisələri inzibati qaydada məsuliyyətə cəlb edilərək barələrində inzibati cərimələr tətbiq edilmişdir. Beləliklə, 2019-cu ilin avqust ayından etibarən hal-hazıradək müqavilə üzrə tullantı sularının axıdılması xidməti nəzərdə tutulmadığı və bu xidmət göstərilmədiyi halda, “Smart” tiplı sayğac vastəsi ilə sudan istifadə nəticəsində 1 m3 içməli suya görə onlardan avtomatik qaydada 2 manat məbləğində ödəniş tutulur. 2019-cu ilin avqust ayından 2021-ci ilin aprel ayının sonunadək olan 1 il 9 ay müddətində tərəflərindən tullantı suyuna görə 68.830 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd edilən dövr üçün Cavabdeh ASC-yə ümumiyyətlə 140.045 manat məbləğində pul vəsaiti ödənilmiş, bunun 68.830 manat hissəsi tullantı suyuna görə, digər hissəsi isə içməli suya görə ödənişlər təşkil etmişdir. Qeyd edilən ödəniş məlumatları abonent haqqında məlumatda (Şəxsi hesab vərəqəsi) əksini tapmışdır. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə bağlanmış 10.06.2019-cu il tarixli 41468697 saylı müqaviləyə əsasən tullantı sularının axıdılması xidməti və həmin xidmət üzrə ödənişin edilməsi nəzərdə tutulmadığına görə 01.05.2021-ci il tarixdən etibarən ış üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək İddiaçı tullantı (kanalizasiya) sularının axıdılmasına görə ödənişin (1m3 üçün - 1 manat) tutulmaması, həmçinin həmin ödənişin sayğacın “Smart-Kart” balansından silinməsinin Cavabdeh ASC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.05.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 14 avqust 2021-ci il tarixədək olan dövr üçün cavabdeh tərəfindən onlardan əsassız olaraq tutulmuş və tərəflərindən ödənilmiş 80.935 manat məbləğində pul vəsaitinin, həmin vəsaiti qaytarmadığına görə Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq 5.260 manat məbləğində faizin və 68.830 manat pul məbləğində gecikdirilmiş borc məbləğinin gündəlik 1% həcmində, yəni hər gün üçün 809 manat, 30 gün üçün 24.280 manat məbləğində dəbbə pulunun, cəmi 110.475 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını, «10.06.2019-cu il tarixli 41468697 saylı müqaviləyə əsasən tullantı sularının axıdılması xidməti nəzərdə tutulmadığı və bu xidmət göstərilmədiyi üçün 2021-ci ilin avqust ayı üçün hesabatın yekunlaşmasını nəzərə alaraq , 01 sentyabr 2021-ci il tarixdən etibarən yalnız 1 m3 içməli su uçün 1 manat olmaqla xidmət haqqının hesablanmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, dəqiqləşdirilmiş iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Cavabdeh ASC ilə İddiaçı arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 10.06.2019-cu il tarixli, 41468697 saylı müqavilədən görünür ki, həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətə görə DÜİST 2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət –içməli və istehsalat məqsədli suyun təchizatı,, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. - 2.1-ci bəndinə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1m3 xammal suya görə hesablaşma ƏDV ilə _____manat, digər məqsədlərlə istifadəyə görə 1m3 su üçün ƏDV ilə 1 manat və və istehlakçıdan qəbul edilən 1m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,00 manat müqabilində aparılır. - İddiaçı abonent haqqında məlumatlarından görünür ki, 2019-cu ilin avqust ayından 14.08.2021-ci il tarixədək abonentə tullantı sularının axıdılmasına görə hesablanmış borc cəmi 80.935 manat təşkil edir. - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10.03.2021-ci il tarixli 69547 saylı akta əsasən müəyyən olunur ki, istehsalatdan və məişətdən çıxan formalaşan çirkab suları “Acıdərə” adlanan kanala axıdırmışlar. Sonradan həmin xətdə qəza baş verdiyindən həmin çirkab suları ərazidə əvvəldən olan su obyektinə axıtmalarını bildirmişdirlər. Bununla da, Azərbaycan Respublikasının Su Məcəlləsinin 18.-ci maddəsinin tələbləri pozulmuşdur. - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17.03.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin direktoru İddiaçı 10.03.2021-ci il tarixli MN0739960 saylı protokola əsasən Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində "xxxx" MMC-nin fəaliyyəti nəticəsində əmələ gələn çirkab suları yaxınlıqda olan su tutarına axıdılmışdır. Nəticədə vəzifəli şəxs Əlizadə X2 Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 2.500 manat məbləğində cərimə edilmişdir. -Cavabdeh ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 28.07.2021-ci il tarixli 01/1/01-7/6/11319 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, Sumqayıt Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 156657 olan, f/ş İddiaçı məxsus obyektin çirkab suları yaxınlıqda olan açıq çirkab su hövzəsinə, oradan isə d=200 mm-lik boru vasitəsilə “Acıdərə” kanalına axıdılır. Həmçinin, Sumqayıt Sukanal İdarəsinin təqdim etdiyi arayışa əsasən çirkab sularının axıdıldığı “Acıdərə” kanalını daşımalardan qorumaq məqsədilə mütəmadi olaraq məişət tullantılarından təmizlənməsi işləri aparılır, gündəlik olaraq beş nəfərlik briqada kanalın üzərində qurulmuş quyuları və barmaqlıqları təmizləyir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Belə ki, İddiaçı 2019-cu ilin avqust ayından 2020-ci il avqust ayının 14-dək olan müddət üçün tullantı sularının axıdılmasına görə Cavabdeh ASC-yə ödədiyi 80.935 manat məbləğində pul vəsaitinin qaytarılmasını, həmin pula hesablanmış faiz və dəbbə pulunun cavabdehdən tutulmasını, eləcə də 01 sentyabr 2021-ci il tarixdən etibarən cavabdeh tərəfindən ona yalnız su təchizatına görə xidmət haqqının (1 m3 su üçün 1 manat olmaqla) hesablanmasını tələb edir. İddiaçı iddia tələbinə əsas kimi Cavabdeh ASC ilə aralarında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 10.06.2019-cu il tarixli müqavilədə tullantı sularının axıdılması xidmətinin göstərilməsinin ümumiyyətlə nəzərdə tutulmadığı, eləcə də Cavabdeh ASC tərəfindən ona məxsus olan obyektə tullantı sularının axıdılması xidmətinin göstərilmədiyi halda ona 2019-cu ilin avqust ayından başlayaraq tullantı sularının axıdılmasına görə borc hesablanmasına və həmin borcun smart kartdan silinməsinə istinad edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək iddiaçıya tullantı sularının axıdılması xidmətinin göstərildiyini və həmin xidmətə görə borcun əsaslı olaraq hesablandığını bildirir. Göründüyü kimi Cavabdeh ASC tərəfindən iddiaçıya tullantı sularının axıdılması xidmətinin göstərilib-göstərilməməsi işin mübahisəli halını təşkil edir. İşin mübahisə edilməyən halları isə ondan ibarətdir ki, iddiaçıya məxsus obyektin çirkab suları yaxınlıqda olan açıq çirkab su hövzəsinə, oradan isə “Acıdərə” kanalına axıdılır. Digər tərəfdən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli 158 saylı Qərarından müəyyən edilir ki, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1.855.000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçının obyekti birbaşa olaraq kanalizasiya sisteminə qoşulmasa da, obyektin tullantı suları Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən Cavabdeh ASC-nin balansında olan kollektora axıdıldığından iddiaçı faktiki olaraq Cavabdeh ASC-nin tullantı suyunun axıdılması xidmətindən istifadə edir. İddiaçının tələbini əsaslandırmaq üçün istinad etdiyi tərəflər arasında bağlanmış müqavilədə tullantı suların axıdılması xidmətinin göstərilməsinin nəzərdə tutulmaması (həmin xidmət üzrə haqqın 0,00 manat məbləğində müəyyən edilməsi) barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, birincisi, tərəflər arasında bağlanmış müqavilədə tullantı suların axıdılmasına görə xidmət haqqı nəzərdə tutulmasa da, həmin xidmətin göstərilməsi ilə bağlı şərtlər yer almışdır. İkincisi, iddiaçı obyektin tullantı sularını Cavabdeh ASC-nin balansında olan su kanalına axıtmaqla faktiki olaraq Cavabdeh ASC tərəfindən ona tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair razılığını ifadə etmişdir. Üçüncüsü, iki il ərzində tullantı sularının axıdılmasına görə cavabdeh tərəfindən hesablanmış borcun iddiaçı tərəfindən ödənilməsi faktı da özü-özlüyündə tərəflərin tullantı xidmətlərinin axıdılması xidmətlərinin göstərilməsi barədə razılığa gəlmələrinə dəlalət edir. Bununla bağlı məhkəmə iddiaçının ondan tullantı xidmətlərinin axıdılmasına görə xidmət haqqının tutulması barədə məlumatlı olmamasına dair dəlillərini əsassız sayır. Belə ki, mübahisəli dövr ərzində iddiaçı tərəfindən ödənilmiş məbləğlərin yüksək olmasını (məhkəməyə müraciət edildiyi vaxtadək olan dövr üçün 68.830 manat) nəzərə alsaq iddiaçı sahibkarlıq fəaliyyətində tələb olunan minimal diqqətlilik göstərdiyi halda ondan tullantı sularının axıdılmasına görə pul tutulmasını bilməli olması açıq-aşkardır. Dördüncüsü, tullantı suların axıdılmasına görə istifadəçilərdən tutulmalı olan haqq dövlət tərəfindən tənzimlənən qiymət olduğundan həmin qiymətin mütləq olaraq müqavilədə göstərilməsi zərurəti yoxdur. Belə ki, Mülki Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Tullantı sularının axıdılmasına görə barəsində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbehin tətbiq edilməsi barədə iddiaçının istinad etdiyi dəlilə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, həmin idarənin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan və inzibati tənbeh tətbiq edilməsi barədə qərardan da göründüyü kimi İddiaçı tullantı sularının Cavabdeh ASC-nin balansında olan “Acıdərə” kanalına deyil, yaxınlıqdakı su hövzəsinə axıdılması, nəticədə həmin su hövzəsinin çirkləndirilməsi ilə bağlı cərimələnmişdir. Yəni inzibati tənbehin tətbiq edilməsi üçün əsas olmuş inzibati xəta tullantı sularının Cavabdeh ASC-nın balansında olan kanala çatana qədər olan məsafədə törədilmişdir. Göstərilən hal isə tullantı suları Cavabdeh ASC-nin balansında olan su kanalına daxil olduqdan sonra ASC tərəfindən iddiaçıya tullantı sularının axıdılması və təmizlənməsi xidmətinin göstərilməməsinə dəlalət etmir. Bununla yanaşı inzibati tənbeh vermə barədə qərardan da göründüyü kimi İddiaçı barəsində inzibati tənbeh tədbiri fiziki şəxs qismində deyil, "xxxx" MMC adlanan hüquqi şəxsin direktoru (vəzifəli şəxs) qismində tətbiq edilmişdir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi Cavabdeh ASC tərəfindən İddiaçı tullantı sularının axıdılmasına görə borcun əsassız olaraq hesablanması və belə olan halda Cavabdeh ASC-nin həmin borcları cavabdehdən tutmaqla əsassız varlanması iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, Cavabdeh ASC-yə ödənilmiş pulun qaytarılması, eləcə də həmin pula hesablanmış faiz və dəbbə pulunu qaytarılması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. Bundan əlavə məhkəmə iddiaçının cavabdehin göstərdiyi tullantı sularının axıdılması xidmətindən faktiki istifadə etməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya 01 sentyabr 2021-ci il tarixdən etibarən yalnız 1 m3 içməli su uçün 1 manat olmaqla xidmət haqqının hesablanması hissəsində də iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddia verilərkən ödənilməli olan dövlət rüsumunun 30 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2676/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2676/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver