Məhkəmə qərarları › İş №e-2-2(113)-268/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-268/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-268/2023 24.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Acıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi (abonent kodu 011685) ünvanına 4000 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 avqust 2021-ci il tarixli akta görə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi (abonent kodu 011685) ünvanına 4000 manat əsassız borc hesablanmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti işçiləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Belə ki, həmin borcun heç bir əsası yoxdur, borc yaranmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 30 avqust 2021-ci il tarixli, 600805 nömrəli Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, ev-1 ünvanında yerləşən İddiaçı məxsus obyektə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, obyektdə diametri d=20 mm-lik plasmas boru vasitəsilə sudan, sayğacdan kənar olaraq qeyri-qanuni istifadə olunur. Abonet kodu 011685 olan İddiaçı məxsus abonent haqqında məlumatdan görünür ki, İddiaçı istifadə etdiyi suya görə sayğaca 2020-ci il üzrə sudan istifadəyə görə Cavabdeh ASC tərəfindən sentyabr ayında 2052 manat məbləğində, həmçinin 30 avqust 2021-ci il tarixli akta əsasən də 2052 manat məbləğində borc yazılmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində (yoxlama ilə bağlı) qeydə alınmamış və həmin yoxlama nəticəsində 30 avqust 2021-ci il tarixli akta əsasən 2052 manat məbləğində borc yazılmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, 2015-2017 və 2019-cu illərdə abonentə müvafiq olaraq illər üzrə 60, 116, 21 və 80 manat məbləğində su satılsa da, həmin borclar İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Göründüyü kimi həmin dövrdə hər il satılmış suyun dəyəri 120 manatdan artıq olmamış, lakin buna baxmaraq 2020-ci ildə abonentə 2117 manat borc yazılmış, ondan 2052 manat borc məhz sentyabr ayında yazılmışdır, belə ki, 2020-ci il iyun, iyul və avqust aylarında suyun sərfiyyatına görə təxminən 10 manat borc yazılsa da, sentyabr ayında 10 manat borcla yanaşı 2052 manat məbləğində əlavə borc yazılmış, həmin əlavə borcun yazılması səbəbini isə Cavabdeh ASC-nin nümayəndəsi açıqlaya bilməmişdir. 30 avqust 2021-ci il tarixli akta əsasən abonentə 2052 manat məbləğində borcun yazıldığını və 2020-ci ilin sentyabr ayında eyni məbləğdə borcun yazıldığını nəzərə alan məhkəmə hesab edir ki, sonuncu borcda məhz qanunsuz yoxlama zamanı yazılmışdır, belə ki, Cavabdeh ASC 2020-ci ilin sentyabr ayında aylıq satışından təxminən 200 dəfə çox olan 2052 manat məbləğində borcun yoxlama nəticəsində deyil, məhz sayğacın göstəriciləri əsasında yazılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmadan 30 avqust 2021-ci il tarixli akta əsasən 2052 manat və 2020-ci ilin sentyabr ayında hesablanmış 2052 manat məbləğində cəmi 4104 manat məbləğində borclar əsassız hesablanmış, iddiaçı isə yalnız 4000 manat məbləğində borcun silinməsini tələb etdiyinə görə iddia həmin həcmdə də tam edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları, həmçinin iddiaçının 4000 manat məbləğində borcun silinməsini tələb etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı adına rəsmiləşdirilmiş 011685 nömrəli abonent koduna hesablanmış 4000 manat məbləğində borc Cavabdeh ASC tərəfindən silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı adına rəsmiləşdirilmiş 011685 nömrəli abonent koduna hesablanmış 4000 manat məbləğində borc Cavabdeh ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar