Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2725/2023 06.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi- Tədqiqat İnstitutunun Cavabdeh ASC-yə qarşı “inventar aktı əsasında hesablanmış borcun silinmməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt əsasında hesablanmış borcun silinməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cavabdeh ASC-yə qarşı “inventar aktı əsasında hesablanmış borcun silinmməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (bundan sonra İddiaçı) Cavabdeh ASC-yə (bundan sonra Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Bağlar Sukanal İdarəsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu barəsində tərtib olunmuş 11 avqust 2020-ci il tarixli 007553 №-li inventar aktın ləğv edilməsi, aktın əsasında İnstituta hesablanmış 27540 manat borcun silinməsi və mediasiya sessiyasında iştiraka görə ödədiyimiz 200 manatın cavabdehdən tutularaq İnstitutun bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Bağlar Sukanal İdarəsinin işçiləri tərəfindən qeyri-qanuni olaraq 11 avqust 2020-ci il tarixində 007553 №-li akt tərtib edilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi- Tədqiqat İnstitutuna 27540 manat borc hesablanmışdır. X13 İdarəsinin xidməti ərazisində yerləşən Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2 ünvanında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində d=1200 mm-lik magistral su xəttindən hesabatı aparılmayan d=150 mm-lik birləşmə aşkar olunduğu, həmin birləşmədən d=100 mm-lik metal boru vasitəsilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində əkinlərin suvarılması məqsədilə sudan qeyri-qanuni istifadə olunduğu qeyd olunub. Akt İnstitutun işçilərinin iştirakı olmadan tərtib edilmiş və imzalanmışdır. Həmçinin aktda qeyd olunan d=150 mm-lik birləşmə vasitəsilə ayrılan xətt İnstitutun ərazisindən keçməklə İnstitutun ətraf ərazilərində yerləşən yaşayış evlərində yaşayan sakinləri içməli su ilə təmin edir. Hər il İnstitutda aparılan elmi-tədqiqat işlərində, təcrübələrin qoyulmasında istifadə olunan suvarma suyunun haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sudan istifadə qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq bağlanmış müqavilə əsasında hesablanır və ödənilir. İnstitut içməli su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=50 mm olan boru (birləşmə) vasitəsilə həyata keçirir və istifadə olunan suyun haqqı normativ hesablamalara əsasən sudan istifadəyə görə ayrılmış təyinatı vəsait hesabına ödənilir. Qeyd olunan cərimə ilə bağlı Cavabdeh ASC 14 dekabr 2020-ci il tarixli, 344 saylı məktubla müraciət olunsa da, rəsmi müraciətə cavab verilməmişdir. Eyni məsələ ilə əlaqədar 29 dekabr 2021-ci il tarixində 405 saylı məktubla yenidən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət olunmuşdur. Cavabdeh ASC-nin 22 fevral 2022-ci il tarixli 01/4/01/-7/6/2534 saylı cavab məktubunda İnstitutun su təchizatından qeyri-qanuni istifadəyə görə borcunun olduğu qeyd olunmuş və borcun ödənilməsi tələb olunmuşdur. Hal-hazırkı dövrə qədər hələ də bu məsələ açıq şəkildə qalmaqdadır. Əlavə olaraq mediasiya sessiyasında iştiraka görə iddiaçı tərəfindən Bakı 4 X8 bank hesabına 200 manat ödənilmişdir.
3. 16 iyun 2023-cü il tarixdə İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək, Cavabdeh ASC-nin Bağlar Sukanal İdarəsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi- Tədqiqat İnstitutu barəsində tərtib olunmuş 11 avqust 2020-ci il tarixli 007553 №-li inventar aktın əsasında İnstituta hesablanmış 27540 manat borcun silinməsi və mediasiya sessiyasında iştiraka görə ödənilmiş 200 manatın cavabdehdən tutularaq İnstitutun bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. II. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Cavabdeh ASC Sabunçu rayon Sukanal İdarəsi və Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 01 yanvar 2021-ci il tarixli 19354422 nömrəli müqavilədən görünür ki, həmin müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 saylı dövlət standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Azərsu ASCnin “suadan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1 m3 xammal suya görə hesablaşma ƏDV ilə 0 manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1.00 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1.00 manat müqabilində müəyyən edilir. 2.2-ci bəndinə əsasən, su təchizatı və tullantı sularının axıdılma xidmətinin qiyməti AR Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. 6.1-ci bəndinə əsasən, müqavilə 01 yanvar 2021-ci il tarixdə qüvvəyə minir. 6.2-ci bəndinə əsasən, müqavilə 01 yanvar 2023-cü ilədək qüvvədədir. 6.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti növbəti 3 il üçün uzadılmış hesab olunur.
8. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 007553 saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq Bağlar Sukanal İdarəsinin xidməti ərazisində yerləşən 2 nömrəli sovxoz ünvanında Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun ərazisində aparılan araşdırma zamanı d=1200 mm-li magistral su xəttindən hesabatı aparılmayan d=150 mm-lik birləşmə aşkar olunmuşdur. Aşkar olunan d=150 mm-lik birləşmə d=100 mm-lik metal boru vasitəsi ilə əkinçilik institutunun ərazisinə əkinçiliyin suvarılması məqsədi ilə qeyri-qanuni istifadə olunur.
9. 11 avqust 2020-ci il tarixli 007553 nömrəli qeyri-qanuni istifadə nəticəsinə itirilmiş su hesabatı barədə fakturadan görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edilən su borusunun diametri 100 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 06 ay götürülməklə hesabat aparılmış və sudan qeyriqanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq X1 27540 (27540 m3) manat məbləğində borc hesablanmışdır.
10. Azərsu ASC (təqdim edən) tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutuna (alıcı) ünvanlanan EBAQ seriyalı 549387 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, cəmi ödənilməli məbləğ 27540 manat təşkil edir.
11. Abonent haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanında yerləşən X1 ümumilikdə 26391.59 manat borc hesablanmışdır.
12. 21 noyabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, X11 İnstitutu tərəfindən Bakı 4 X8 hesabına 200 manat ödəniş həyata keçirilmişdir.
13. Göründüyü kimi, hazırkı mübahisə xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 2 nömrəli Sovxoz ünvanında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan X1 məxsus obyektə keçirilmiş baxış nəticəsində tərtib edilmiş 007553 saylı akt əsasında İddiaçıya hesablanmış 27540 manat məbləğində borcla əlaqədardır. İddiaçı, Cavabdehin ona hesabladığı 27540 manat borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
14. Belə ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır.
15. "Su təchizatı və tullantı suları haqqında" Qanunun 30-cu maddəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
18. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərəin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
19. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Cavabdeh İddiaçının hərəkətləri nəticəsində ona ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
20. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir.
21. Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş Aktda İddiaçının törədmiş mülki hüquq pozuntusunun halları, sənədlərə istinadən bu halları təsdiq edən (foto, video) digər məlumatlar göstərilməlidir. Zəruri məlumatlar nə yoxlama aktında, nədə ki ona edilən əlavələrdə əks olunmadığı üçün, X2 törətmiş mülki hüquq pozuntusu kimi hər hansı konkret faktı tövsif etmək iş üzrə mümkün olmamışdır.
22. Azərbaycan Respublikası MPM-in - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”-nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
25. Beləliklə Cavabdeh ASC təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri, o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
26. Lakin iş materiallarından görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə qanunvericiliyin tələbinə əsasən, həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
27. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və heç bir hüquqi nəticə yaratmadığından, Cavabdeh həmin yoxlamanın nəticəsi olaraq İddiaçıya 27540 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
28. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
29. Məhkəmə hazırkı halda iddiaçının mediasiya xərclərini ödəməklə dövlət rüsumunu ödəməkdən azad edildiyini, eyni zamanda hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçının çəkdiyi mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Azərsu ASC-nin Bağlar Sukanal İdarəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu barəsində tərtib olunmuş 11 avqust 2020-ci il tarixli 007553 nömrəli İnventar Akt əsasında hesablanmış 27540 manat borc silinməli, mediasiya sessiyasında iştiraka görə ödənilmiş 200 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bank hesabına ödənilməlidir. V Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərsu ASC-nin Bağlar Sukanal İdarəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu barəsində tərtib olunmuş 11 avqust 2020-ci il tarixli 007553 nömrəli İnventar Akt əsasında İnstituta hesablanmış 27540 (iyirmi yeddi min beş yüz qırx) manat borc silinsin. Mediasiya sessiyasında iştiraka görə ödənilmiş 200 manat (iki yüz) pul məbləği Cavabdeh Azərsu ASC-dən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bank hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlham Əhmədov