Məhkəmə qərarları › İş №e-2-2(113)-275/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-275/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-275/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 9312,66 manat əsas borc məbləğinin və mediasiya sesiyası üçün ödənilmiş 105 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx.xx.2019-cu il tarixli AMX-9120/19 nömrəli müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2022-ci il tarixinə İddiaçınə 9312,66 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəflərndən elektron portal vasitəsilə pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.6-cı bəndinə əsasən cavabdehə mübahisənin həll olunması üçün ilkin mediasiya sesiyasında iştirak etmək üçün mediasiyaya dəvət məktubu göndərilmişdir. ”Azəriqaz” İB-nin və cavabdehin nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etsə də, razılıq əldə olunmadığı üçün ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/6-0322 nömrəli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. İlkin mediasiya sesiyasında iştirak üçün İddiaçı İB-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının hesabına 105 manat məbləğində ödəniş edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425, 442 və 443.1-ci maddələri göstərilmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İşdə olan İddiaçı İB ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX-9120/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqaviləsinə əsasən:

9. 1. Müqavilənin predmeti

10. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğu olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

11. 2. Tərəflərin vəzifələri və hüquqları

12. 2.1.Paylayıcının vəzifələri

13. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək;

14. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən istehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu Müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz edir;

15. Həmin Müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək;

16. Həmin Müqavilənin 2.1.9-cu bəndinə əsasən istehlakçının tələbi ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək;

17. 3. Qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri

18. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir.

19. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan isehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın paylayıcı tərəfindən təqdim edilməsi tələb olunmur.

20. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bi ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

21. Salyan RQİİ-nin Salyan Xidmət Sahəsinin 12 saylı hesab fakturasına əsasən Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixə borcu 15102,64 manat, 01 saylı hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixə borcu 21202,46 manat, 02 saylı hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixə 12495,58 manat, 03 saylı hesab-fakturaya əsasən xx.xx.2022-ci il tarixə 9312,22 manat və 04 saylı hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixə borcu 9312,66 manat müəyyən edilmişdir.

22. İş materiallarında olan Cavabdeh MMC-nin abonent saldosuna əsasən yekun borc 9312,66 manat müəyyən edilmişdir.

23. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

27. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 9312,66 manat borcu yaranmışdır və həmin borc məbləği cavabdehdən tutularq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Məhkəmə xərclərinə gəldikdə isə iş materiallarından görünür ki, hazırkı iş üzrə 105 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

30. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

31. Digər tərəfdən MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

32. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

33. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 105 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı İB-yə ödənilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 9312,66 manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 105 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar