Məhkəmə qərarları › İş №e-2-2(113)-2834/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2834/2021

31.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2834/2021 31.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı MMC-nin cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kreditorlar siyahısına daxil edilmə və s. tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış 01.06.2018-ci il tarixli “tələb hüququnun güzəştinə dair” müqaviləyə əsasən qeydə alınmış kreditor tələbindən 1751312,00 (bir milyon yeddi yüz əlli bir min üç yüz on iki manat 00 qəpik) manat məbləğinin İddiaçı MMC-nə güzəşt edildiyi üçün, İddiaçı MMC-nin LPO “xxxx” ASC-nin kreditorlar siyahısına daxil edilməsi, İddiaçı MMC-nin tələb hüququ yarandığı məbləğdə ləğv prosesində olan «xxxx» ASC-yə olan kredit borcunun əvəzləşdirilməsini və girovda olan 30 (otuz) ədəd “Daewoo BS090” markalı avtobusların girov (ipoteka) müqaviləsinə xitam verilməsi, nəqliyyat vasitələrinin LPO “xxxx” ASC-nin ipoteka ilə yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, 1 saylı Bakı inzibati iqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2-1(81)- 1404/2016 saylı qərarı ilə “xxxx” ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası qanununun: 72.1.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 76.1-ci maddəsinə əsasən, bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 77.1-ci maddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 77.5-ci maddəsinə əsasən qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. 77.6-cı maddəsinə əsasən hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. 77.7-ci maddəsinə əsasən məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq, aydınlaşdırmaq məqsədi ilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin kütləvi informasiya vasitələrində dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.8-ci maddəsinə əsasən məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.9-cu maddəsinə əsasən, ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı məhkəmə icraatına başlanılmır və banka qarşı göstərilən tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. İddia ərizəsinin məzmunundan isə görünür ki, həmin ərizədə cavabdeh qismində ləğv prosesində olan bankı məhkəmədə təmsil edən şəxs olan ləğvedici göstərilsə də, iddianın predmetini İddiaçı MMC-nin ləğv prosesində olan “xxxx” ASC-nin kreditorları siyahısına daxil edilməsi və iddiaçının tələb hüququ ilə “xxxx” ASC-yə olan borcunun əvəzləşdirilməsi təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyü iddia üzrə tələb ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan iddia ərizəsinə məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddia ərizəsinin icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı tələbləri iflas proseduru çərçivəsində irəli sürmək hüquqları izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 155, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kreditorlar siyahısına daxil edilmə və s. tələbinə dair iddia ərizəsinin məhkəmənin icraata qəbulundan imtina edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar