Məhkəmə qərarları › İş №e-2-2(113)-2842/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2842/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2842/2024 05.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X6” X4 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı “X6” X4 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X6” X7i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6” X7 barəsində Cavabdeh İB tərəfindən hesablanmış mənbəyi məlum olmayan 20.445 manat borcun silinməsinin cavabdehin üzərinə vəzifə qoyulması və mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X6” X7 dövlət adından yaradılan X5b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. Ödənişlər Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquq şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini - yanvarın 1dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X7lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. “X6” X7 istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtı vaxtında ödənişlərini etsədə, bir müddət sonra Bakı Regional Qazın satışı Departamenti Suraxanı XS tərəfindən təqdim olunmuş akta əsasən guya qalıq 20.445 manat mənbəyi məlum olmayan borc olması göstərilmiş və borcun ödənilməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılması bildirilmişdir. Belə ki, qalıq 20.445 manat borc mənbəyi məlum olmayan borcdur. Qazdan aylıq istifadəyə görə sərfiyyata uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən qaiməyə əsasən ödənilir. 20.445 manat məbləğində borcun hansı dövrdən başlandığı və nəyə əsasən hesablandığı məlum deyil. Yəni bu məbləğdə borcun yaranması əsası məlum deyildir. Tələb olunan borc mövcud deyildir.

II.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək mənbəyi/mənşəyi məlum olmayan 20445 manat borcu silərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. 27.11.2017-ci il tarixli akta əsasən 3 saylı doğum evində qaz sayğacı işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatının orta günlük sərfiyyatına uyğun, əvvəlki illərin cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq noyabr 2016-cı ilin sərfiyyatına uyğun hesablanmış məbləğ 1695,40 manat müəyyən edilmişdir.

8. Suraxanı Xidmət Sahəsi ilə istehlakçı X6 PHŞ arasında imzalanmış xx.xx.2024-cü il tarixli, qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən iddiaçı PHŞ xx.xx.2023-cü il tarixə qalıq borcunun 20.445 manat olduğu və həmin borcun keçmiş Suraxanı rayon Səhiyyə şöbəsinin borcu olduğu üçün qəbul edilmədiyi qeyd olunmuşdur.

9. X6 PHŞ-nin xx.xx.2024-cü il tarixli abonet saldosuna əsasən son borcu 1253,34 manat və 3 nömrəli Doğum evinin 01/2023-cü ilə ayın əvvəlinə borcu 20445 manat,05/2024-cü ilə ayın sonuna borcu isə 21096,91 manat müəyyən edilmişdir.

10. 24.06.2024-cü il tarixli, 189 saylı hesab fakturaya əsasən xx.xx.2023-xx.xx.2023cü il tarixlərdə yazılmış fakturaların cəminə əsasən X6 PHŞ-nin qalıq borcu 40,50 manat və 3 nömrəli Doğum evinin borcu 20445 manat olması qeyd edilmişdir.

11. Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

17. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, cavabdeh qaz paylayıcı qurum tərəfindən iddiaçı X7ə 20445 manat məbləğində borc yazılmışdır.

22. İddiaçı qeyd edilən borc məbləğlərinin əsassız hesablandığını, borcun mövcudluğu ilə bağlı hər hansı təsdiqedici sənədlərin olmadığını bildirir və silinməsini tələb edir.

23. Hazırda mübahisələndirilən 20445 manat borcla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

24. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

25. Cavabdeh qeyd edilən borc məbləği ilə bağlı “abonent saldosu” kimi iddia etdiyi sənədləri məhkəməyə təqdim edir. Lakin “abonent saldosu” özü-özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər.

26. Hazırkı işdə isə iddiaçının abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir.

27. Beləliklə, məhkəmə hesab edir ki, 20445 manat borcun əsaslılığı ilə bağlı cavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilmir və bu səbəbdən – həmin borc əsassız olduğundan silinməlidir.

28. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanan borc qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

29. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 20445 manat borc silinməlidir.

30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir.

31. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

33. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

34. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (dövlət rüsumunun hesablanması kalkülyatorunun göstəricisi nəzərə alınmaqla) 152 manat mediasiya xərcinin əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V.Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən “X6” X7inə hesablanmış 20445 manat məbləğində borc məbləği silinsin və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 152 manat Cavabdehndən tutularaq iddiaçı “X6” X7inə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar