Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2867/2022 16.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mənə məxsus olan, ünvan 1-də yerləşən qeyri-yaşayış sahəsinin (çörək sexi) **********00000 saylı hesabında təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı akta görə əsassız qeydə alınmış 6480 kub metr qaz sərfinin və 1296 manat borcun silinməsi, həmçinin ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar kimi VN 13 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2008-ci il tarixdən qeydiyyata alınmaqla ********** saylı VÖEN-lə sahibkarlıq fəaliyyəti göstərir və fəaliyyəti ilə bağlı bütün vergi ödənişlərini vaxtlı-vaxtında ödəyir. Fəaliyyəti isə ünvan 1 ünvanında özünə məxsus qeyri-yaşayış sahəsində çörək sexi quraşdırmaqla, çörək istehsalı ilə məşğuldur və şəhərin bir qisim əhalisinin çörək təlabatını ödəyir. Çörək sexi aidiyyətı layihə institutu tərəfindən texniki icra sənədləri tərtib edilməklə və Cavabdeh ilə müvafiq alqı-satqı müqaviləsi bağlanılmaqla qazlaşdırılmışdır. Məqsəd isə Çörək sexində istehsalatı təşkil etməkdir. İstifadəsində olan sayğaca cavabdeh müəssisənin nəzarətçisi hər ay baxış keçirmiş, sayğacın göstəricisi qeydiyyata alınaraq, göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. 2021-ci ilin təxminən iyul ayında cavabdeh təşkilatın nümayəndələri çörək sexinə məxsus G6 markalı, 28254274 nömrəli qaz sayğacını səbəbsiz yerə şəbəkədən açaraq başqası ilə əvəz etmiş və həmin sayğacı aparıb getmişlər. Bir müddət sonra iddiaçıya təqdim olunan hesabda 1296 manat əlavə borc göstərilən zaman cavabdeh təşkilatın yerli idarəsi ilə əlaqə saxlamışdır. Həmin vaxt iddiaçıya məlum olmuşdur ki, 2021-ci ilin iyul ayında çörək sexinə məxsus qaz sayğacı açıldıqdan sonra onun də məlumatı olmadan cavabdeh təşkilata məxsus Metrologiya Departamentində xx.xx.2021-ci ildə sayğaca baxış keçirilmişdir. Baxış zamanı sayğaca “müdaxilə” halı müşahidə olunmuş, sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar edilmişdir. Bu barədə birtərəfli qaydada qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında MS-29/1640-01651-31 saylı akt tərtib olunmuşdur. Daha sonra cavabdeh təşkilatın nümayəndələri tərəfindən yenə də birtərəfli şəkildə xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt əsasında isə cavabdehin istehlakçılara satılan qaza nəzarət şöbəsi xx.xx.2021-ci il tarixdə “dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edərək fəaliyyət göstərdiyi çörək sexinə 6480 kub metr itirilmiş qaz sərfiyyatı hesablamış və itirilmiş qazın həcmini 0.20 qəpiyə vurmaqla, 1296 manat cərimə yazılaraq iddiaçıdan tələb edilmişdir. Xüsusən qeyd edilır ki, 28254274 nömrəli qaz sayğacının aktda göstərildiyi kimi, daxilinə müdaxilə edilərək borusunun deşilməsi üçün hökmən onun plomblarının qırılaraq açılması lazımdır. Lakin həmin sayğac quraşdırılarkən ona vurulmuş, plomblar sayğac açılarkən onun üzərində və saz vəziyətdə olmuşdur. Belə bir vəziyyətdə sayğac iddiaçıya məxsus qeyri-yaşayış sahəsində istismarda olarkən ona hər hansı müdaxilə edilməsindən söbət belə gedə bilməz. Əgər sayğaca hər hansı müdaxilə faktı varsa, onda sayğac iddiaçının ünvanından açıldıqdan sonra cavabdeh təşkilatın özü tərəfindən edilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar aparılan sənədləşmələrin heç birindən məlumatı olmamış, cavabdeh bitərəfli qaydada iddiaçıya cərimə yazmışdır. Aktdan da göründüyü kimi, sonradan qeydiyyat aparılmışdır. İddiaçının sayğaca hər hansı müdaxilə etməyi mümkün deyildir. İddiaçıya məxsus obyektin yerləşdiyi küçədə sayğaclara baxan nəzarətçi hər ay sayğaca baxmış, sayğac göstəricisini qeydiyyata alaraq bildiriş vermişdir. Sayğacda hansısa qüsur olmamışdır. Hazırkı mərhələyə qədər cavabdeh təşkilatın yerli idarələrinə dəfələrlə yazılı və şifahi müraciət edərək mübahisənin həll olunmasına çalışsa da, heç bir fayda əldə olunmamışdır. Ən son isə qarşı tərəfə xx.xx.2022-ci ildə məktub, xx.xx.2022-ci il tarixdə Mediasiya prossesinin tətbiqi barədə təklif göndərsə də, yenə də cavabdeh mübahisənin həllindən yayınmaqdadır. Əksinə qanunsuz sənədləri ilə müəyyən edilən 1296 manat cərimə ödənilmədiyi halda, çörək sexinin qaz təminatının qeyd-şərtsiz dayandırılacağı bildirilmişdir. çörək sexinin qaz təminatının dayandırılması isə iddiaçının sahibkar kimi külli miqdarda maddi ziyana düşməsi və sahibkarlıq fəaliyyətinin dayandırılması ilə nəticələnəcəkdir. Eyni zamanda şəhər əhalisinin çörəklə təminatında çatışmamazlıqlar ortaya çıxacaqdır. Cavabdeh İB iddiaçının konstitusion hüquqlarını kobud surətdə pozaraq, sahibkarlıq fəaliyyətini həyata keçirməyinə qanunsuz və əsassız manelər yaradır. Bundan əvvəl akt əsasında hesablanmış cərimənin silinməsinə dair pretenziya qaydasında sonuncu dəfə elektron kabinet vasitəsilə (e-pretenziya) cavabdeh təşkilatı məlumatlandırmış, lakin heç bir nəticə əldə edilməmiş və borc silinməmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə mediasiya qaydasında məsələnin həll edilməsinə çalışsa da, yenə heç bir nəticə verməmişdir. Ona görə də iddiaçıya xx.xx.2022-ci il tarixli, MŞİH-16697 saylı arayış verilmiş və 60 manat mediasiya xərci ondan tutulmuşdur. Hazırda cavabdeh tərəfindən çörək sexinə qarşı qərəzli hərəkətlər davam etdiyindən və qanunsuz cərimə iddiaçıdan tələb edilməklə qaz təminatını dayandırmaq təhlükəsi olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, cavabdeh təşkilat iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə cərimə yazarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət etməmiş və yoxlamanın keçirilməsi müvafiq reyestrdə qeydə alınmamışdır. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin **********00000 saylı qaz hesabında xx.xx.2022-ci il tarixə 2346,62 manat borc vardır, həmin borcun 726,62 manat hissəsi hazırda istismarda olan G-6T markalı 40380505 nömrəli qaz sayğacının 18695 m3 göstəricisinə, 1620 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir və iddiaçı məhz həmin hissədə olan borc məbləğini mübahisələndirməkdədir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsində istismara verilmiş G-6 markalı 28254274 nömrəli qaz sayğacı baxış keçirilməsi üçün ünvanından açılmış və G-6T markalı 40380505 nömrəli sayğac quraşdırılmışdır. Sözügedən sayğaca xx.xx.2021-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və baxış zamanı sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi müəyyən olunmuşdur. Bu barədə qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli, MSK-29/1640-01654-31 saylı akt tərtib edilmişdir. Bundan sonra mövcud istismarda olan qaz cihazları nəzərə alınmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, lakin istehlakçı aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra Cavabdeh İB-nin İSQNŞ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsi ilə qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın həcmi 6480 m3 və ya onun pul dəyəri olan 1620 manat həcmində müəyyən edilmiş və iddiaçıdan tələb olunmuşdur. Tərəflərə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MS-29/1640-01651-31 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktda qeyd edilmişdir ki, "Azəriqaz" İB-nin 15 iyul 2021-ci il tarixli, SOCAR**********31791640X01651 saylı məktubuna əsasən 05 avqust 2021-ci il tarixində Zaqatala RQİİ-dən Dövlət yoxlamasına aparılmış G6 markalı mexanika tipli qaz sayğacına 29 sentyabr 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirildi və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi və xətaların normaya uyğun olmadığı müəyyən edildi. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, “Azərqaz” İBnin 29/1640-01651-31 saylı rəyinə əsasən sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmiş, xətalar normaya uyğun deyildir. - Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən 18 oktyabr 2021-ci il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında ünvan 2 ünvanında yerləşən çörək sexində sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli, MSK-29/1640-01651-31 nömrəli aktına əsasən G-6 markalı, 28254274 nömrəli sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar olunmuşdur. G-6 markalı qaz sayğacının nominal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (6x12x90=6480m3) - xx.xx.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (abonent kodu: **********00000) qeyd edilən tarixə ümumilikdə borcu 2362,46 manat (sayğac oxunması: 32179,10 manat + aktlar: 2030,36 manat – ödəmələr: 31847 manat = son borc: 2362,46 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2021ci ilin oktyabr ayında akt üzrə 1620 manat məbləğində borc hesablanmışdır. - İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən hesablanmış borcun 3 gün müddətində silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən çörək sexinə cavabdeh tərəfindən iddiaçının adına **********00000 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, akt tərtib olunmuş və aktda sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, xətaların normaya uyğun olmadığının aşkar olunduğu qeyd olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6480 m3 həcmində qazın itirildiyi müəyyən edilmişdir. Sözügedən akt əsasında isə iddiaçıya 1620 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini, borcun ona əsassız olaraq hesablandığını bildirmiş və 6480 m3 itirilmiş qazın həcmini 0,20 qəpiyə vurmaqla, 1296 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyeklərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir; 3.5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Beləliklə, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya yuxarıda göstərilən akt üzrə 1620 manat məbləğində cərimə yazılsa da, iddiaçının iddia tələbi xx.xx.2021-ci il tarixli akta görə əsassız qeydə alınmış 6480 kub metr qaz sərfinin və 1296 manat borcun silinməsi təşkil edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci maddəsini tələblərini nəzərə alaraq hesab edir ki, borcun silinməsinə dair iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00000 abonent kodu üzrə hesablanmış 1296 (min iki yüz doxsan altı) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin olunmamalıdır. Belə qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, iddiaçının hazırkı iddianı qaldırmaqda əsas məqsədi əlavə qaz sərfiyyatına görə məhz əsassız hesablanmış pul məbləğinin onun hesabından silinməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1296 (min iki yüz doxsan altı) manat məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinsin. Cavabdehndən 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2867/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2867/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver