Məhkəmə qərarları › İş №e-2-2(113)-2875/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2875/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2875/2021 11.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMM-in cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMM cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 16 aprel 2021-ci il tarixli, NDQ № 009312 saylı və NDQ № 009313 saylı aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış ümumilikdə 21.401,37 manat borcun İddiaçı MMM-in 12/1-993, ********** saylı abunə hesabından silinməsinin "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “Bakı Əyləncə Mərkəzi” idman, əyləncə və digər xidmətləri göstərərək, əhalinin səmərəli istirahəti üçün bütün lazimi xidmətləri həyata keçirir. “Bakı Əyləncə Mərkəzi”nin fəaliyyətinin idarə olunması İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən həyata keçirilir. “Bakı Əyləncə Mərkəzi”nin və ətrafda olan bir çox binaların elektrik təczihatı elektrik təchizatını həyata keçirmək üçün transformator məntəqəsi tikilib istifadəyə verilmişdir. “Bakı Əyləncə Mərkəzi”nin elektrik sayğaclarının yerləşdiyi transformator məntəqəsinə mütəmadi olaraq cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilir və bundan sonra aylıq işıq sərfiyyatlarına dair hesab ödəniş vərəqələri onlara təqdim olunur ki, tərəflərindən həmin ödəniş həyata keçirilsin. İddiaçı MMM-nin rəhbərliyi tərəfindən isə təqdim olunmuş həmin hesab ödəniş vərəqələrinə əsasən müvafiq ödənişlər heç bir gecikdirilmə olmadan hər ay cavabdeh təşkilatın hesabına keçirilir. "xxxx" ASC tərəfindən onlara təqdim edilən hesab-ödəniş vərəqələri İddiaçı MMM-nin adına göndərilmiş və ödənişləri də həmin müəssisənin adına aparılmışdır. 16 aprel 2021-ci ci tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları R.Hüseynov, M.Quliyev və Ç.Süleymanov tərəfindən transformator məntəqəsinə yaxınlaşılaraq “Bakı Əyləncə Mərkəzi”nə məxsus elektrik sayğaclarına baxış keçirmək istədikləri bildirilmişlər. Qeyd edirlər ki, TM ayrıca tikilidir və kənar şəxslərin giribçıxmaması üçün qapısı bağlı vəziyyətdə saxlanılır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları baxış keçirərkən “Bakı Əyləncə Mərkəzi”nin elektrik təchizatını həyata keçirən elektrik sayğaclarında texniki nasazlıq olduğunu bildirərək, 009312 və 009313 saylı aktları tərtib etmişlər. Onlara surəti təqdim olunmuş 009312 saylı aktı nəzərdən keçirərkən həmin aktın **********35600 saylı sayğacın sxeminin səhv olduğu, sayğacın sxemində gərginlik fazalarının BCA rejimində olması, cərəyan fazalarının isə ABC rejimində olması və ABC gərginlik fazalarının ardıcıllığı pozulması ilə bağlı tərtib olunduğu müəyyən edilmişdir. Həmçinin həmin aktda ABC gərginlik fazalarının ardıcıllığı fazalaşdırıldığından sayğacın normal fəaliyyəti bərpa edilmişdir. 009313 saylı aktda da **********35599 saylı sayğacda yük olmadığı, yük götürüldükdən sonra sayğac sxeminin yoxlanıldığı, sayğacın sxemində gərginlik fazalarının CBA rejimində olduğu, ABC gərginlik fazalarının ardıcıllığının pozulduğu göstərilmişdir. Həmçinin həmin aktda da qeyd edilənlərdən görünür ki, ABC gərginlik fazalarının ardıcıllığı fazalaşdırıldığından sayğacın normal fəaliyyəti bərpa edilmişdir. Halbuki “Bakı Əyləncə Mərkəzi”nə məxsus elektrik sayğaclarının yerləşdiyi transformator məntəqəsinə cavabdeh təşkilatın nümayəndələri tərəfindən mütəmadi baxışlar keçirilmiş, sonuncu dəfə isə 14.12.2020-ci ildə baxış keçirilmiş və həmin sayğaclarda elektrik enerjisi qaydalarının pozulması faktına rast gəlinməmiş, cavabdeh təşkilata olan borclarının olmadığı müəyyən edilmişdir. Sonradan "xxxx" ASC tərəfindən İddiaçı MMM-ə təqdim olunan hesab-ödəniş vərəqlərində onlara ümumilikdə 21.401,37 manat əlavə enerji haqqı borcunun olduğunu göstərilmişdir. Cavabdeh təşkilat tərəfindən təqdim olunmuş İddiaçı MMM-ə aid abunə haqqında invoysda və digər sənədlərdə elektrik enerjisi qaydalarının pozulmasına görə 009312 saylı akt əsasında 17.371,83 manat, 009313 saylı akt əsasında isə 764,92 manat əlavə enerji haqqı borcunun hesablandığı müəyyən olunmuşdur. Bildirir ki, bu borcdan sonra dəfələrlə "xxxx" ASC-nin əməkdaşları tərəfindən və həmin borc tezliklə ödənilmədiyi halda elektrik verilişinin əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. Qeyd olunan borcun silinməsi ilə bağlı cavabdeh təşkilata tərəflərindən yazılı müraciət edilsə də, onlara həmin borcun silinməsinin mümkün olub-olmaması barədə hər hansı bir cavab verilməmişdir. Yenə də məlumat üçün bildirir ki, tərtib edilmiş aktlarda göstərilənlər və 21.401,37 manat məbləğində əlavə sərfiyyatın hesablanması tamamilə əsassızdır. Həmçinin həmin aktlar tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, elektrik sayğacına baxışın keçirilməsi haqqında qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış nümayəndələrinə təqdim edilməmiş və MMM-in nümayəndəsi aktla razı olmadığını bildirməklə imza etməkdən imtina etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırkı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək cavabdeh və 3-cü şəxslərə ünvan 1 ünvanında yerləşən “Bakı Əyləncə Mərkəzi”nə verilən işıq təchizatının dayandırılmasının (kəsilməsinin) qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, F.Bayramov 1130-1133-cü məhəllə ünvanında yerləşən abonent İddiaçınə elektrik enerjisinin verilməsinin dayandırılması cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxslərə qadağan olunmuşdur. Sonradan cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 16 aprel 2021-ci il tarixl, NDQ № 009312 saylı və NDQ № 009313 saylı aktlar əsasında hesablanmış ümumilikdə 21.401,37 manat məbləğində borcun İddiaçı MMM-in 12/1-993, ********** saylı abunə hesabından silinməsinin "xxxx" ASC-yə həvalə edilməsi, vurulmuş maddi ziyana görə 1.120 manat maddi ziyanın və iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - "xxxx" ASC ilə İddiaçı MMM arasında bağlanmış 23.06.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, həmin müqavilənin: 7-ci bəndinə görə enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. 9-cu bəndinə görə hesablaşmalar yalnız tərəflərin elektirk şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişlərinə əsasən aparılır. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyət sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,09 manat tarif üzrə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 16.04.2021-ci il tarixli, NDQ 009312 saylı aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən İddiaçı MMM-də (Bakı Əyləncə Mərkəzində) elektrik enerjisi uçotu və “X2 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış zamanı sayğacın sxemində gərginlik faz ardıcıllığının pozulması aşkar edilmişdir. - 16.04.2021-ci il tarixli, NDQ 009312 saylı akt əsasında tərtib edilmiş 26.04.2021-ci il tarixli icra vərəqindən görünür ki, abonentə 10029 kvt sərfiyyata görə 20.498,76 manat tələb edilməsi qərara alınmışdır. - 16.04.2021-ci il tarixli, NDQ 009313 saylı aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən İddiaçı MMM-də elektrik enerjisi uçotu və “X2 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış zamanı sayğacın sxemində gərginlik faz ardıcıllığının pozulması aşkar edilmişdir. - 16.04.2021-ci il tarixli, NDQ 009313 saylı akt əsasında tərtib edilmiş 26.04.2021-ci il tarixli icra vərəqindən görünür ki, abonentə 10029 kvt sərfiyyata görə 902,61 manat tələb edilməsi qərara alınmışdır. -“Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” barədə 08.12.2020ci il tarixli 210268 saylı aktdan görünür ki, sayğac və sxemə baxış keçirilmiş, sxemin normal vəziyyətdə işləməsi qeyd edilmişdir. - İddiaçı MMM-in (Bakı Əyləncə Mərkəzinin) abunə haqqında məlumatından görünür ki, abonentə 26 aprel 2021-ci il tarixdə “X2 Qaydaları”nın pozulmasına görə NDQ 009312 saylı akta əsasən 20.498,76 manat və NDQ 009313 saylı akta əsasən 902,61 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən abunəçi İddiaçı MMM-ə təqdim edilmiş hesab-fakturalardan görünür ki, NDQ009312, NDQ009313 EİQ pozulması aktlarına əsasən cəmi 21.401,37 borc hesablanmışdsır. "xxxx" MMC-nin satış çeklərindən müəyyən edilir ki, 27.05.2021-ci il tarixdə MMCdən cəmi 215 manat məbləğində dizel yanacağı alınmışdır. "xxxx" ASC tərəfindən İddiaçı MMM-ə ünvanlanmış 27.04.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 16.04.2021-ci il tarixə istifadə olunmuş elektrik enerjisi üçün 28.481,38 manat borcun ödənilməsi tələb edilmiş, əks halda borcun məcburi qaydada tutulması üçün qüvvədə olan mülki qanunvericiliyinin tələblərinə uyğun qaydada tədbir görüləcəyi bildirilmişdir. "xxxx" MMM-in direktoru tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 30.04.2021-ci il tarixli D-05 saylı məktubdan görünür ki, həmin məktubda MMM tərəfindən sayğaca müdaxilə edilmədiyi bildirilm iş və "xxxx" ASC-dən məsələ ilə bağlı araşdırılma aparılması xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanmasını iddiaçı "xxxx" MMM-ə məxsus elektrik enerjisi sayğaclarının texniki nasazlıq–fazların ardıcıllığının pozulması ilə əlaqədar elektrik enerjisi sərfiyyatını düzgün qeydə almamaları, bunun nəticəsində "xxxx" ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, mübahisəli sayğacların elektrik enerjisi sərfiyyatını düzgün qeydə almaması, eləcə də düzgün qeydə almadığı halda elektrik enerjisi itkilərinin nə qədər təşkil etməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş “X2 Qaydaları”nın pozulmasına dair NDQ 009312 saylı və NDQ 009313 aktlara münasibətdə məhkəmə əvvəla qeyd edir ki, həmin aktlar cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərəfindən tərtib edildiyindən aktlarda göstərilən qüsurun həqiqətdə mövcud olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyillər. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8. 34-cü bəndinə görə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi "xxxx" ASC elektrik enerjisi ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc məbləğləri hesablamaqla haqlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMM-ə 16.04.2021-ci il tarixli 009312 saylı akta və 26.04.2021-ci il tarixli icra vərəqinə əsasən hesablanmış 20.498,76 manat, eləcə də 16.04.2021-ci il tarixli 009313 saylı akta və 26.04.2021-ci il tarixli icra vərəqinə əsasən hesablanmış 902,61 manat məbləğində borc silinməlidir. İddianın iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 1.120 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları, yəni "xxxx" ASC tərəfindən elektrik enerjisi verilişinin dayandılması ilə əlaqədar generatorun işlədilməsi üçün 1.120 manat dəyərində dizel yanacağı sərf etməsini sübuta yetirə bilməmişdir. Həmin halları sübuta yetirmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi cəmi 215 manat dəyərində dizel yanacağının alınması barədə çeklərə münasibətdə məhkəmə qeyd edir ki, həmin çeklər alınmış dizel yanacağının cavabdeh "xxxx" MMM tərəfindən generatorun işlədilməsi üçün istifadə edilməsi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Odur ki, maddi zərərin əvəzinin tutulması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə 16.04.2021-ci il tarixli 009312 saylı akta və 26.04.2021-ci il tarixli icra vərəqinə əsasən hesablanmış 20.498,76 manat (iyirmi min dörd yüz doxsan səkkiz manat yetmiş altı qəpik), eləcə də 16.04.2021-ci il tarixli 009313 saylı akta və 26.04.2021-ci il tarixli icra vərəqinə əsasən hesablanmış 902,61 manat (doqquz yüz iki manat altmış bir qəpik) məbləğində borclar silinsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar