Məhkəmə qərarları › İş №e-2-2(113)-2931/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2931/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2931/2024 11.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya mübahisəsi (açar sözlər: elektrik enerjisindən istifadə, borcun əsaslılığını sübutetmə vəzifəsi, əsassız hesablanmış borcun silinməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının **********21 saylı abonent kodu üzrə hesablanmış 8150,02 manat məbləğində borcun silinməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Şirvan Ticarət Mərkəzi **********1 abonent kodu əsasında elektrik enerjisindən istifadə edir. İddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi (müqavilə nömrəsi 044524) xx.xx.2021-ci il tarixdə yenilənmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015ci il tarixli Sərəncamı ilə Respublika ərazisində elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti Maraqlı şəxs ASC-dən alınaraq yeni yaradılan "xxxx" ASC-yə həvalə edilmişdir. Şirvan şəhərində yerləşən iddiaçının fəaliyyət göstərdiyi Şirvan Ticarət Mərkəzinin elektrik enerjisindən istifadəsi ilə əlaqədar 10 aprel 2015-ci il tarixdən etibarən pul vəsaitləri 2015-ci ilin aprel, may, iyun, iyul ayları üzrə "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Belə ki, bu vəsait cavabdehin hesabına ödənilməli olduğu halda, səhvən Maraqlı şəxs ASC-nin strukturu olan "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 2.2. Məsələ ilə əlaqədar 2015-ci ilin iyul, avqust aylarında cavabdehin Şirvan RETSİ-nə müraciət edilmiş, qeyd edilən aylar üzrə köçürmələrin surətləri təqdim edilmişdir. Təqdim olunan sənədlərə baxıldıqdan sonra iddiaçıya şifahi olaraq məlumat verilmişdir ki, narahat olmağa ehtiyac yoxdur, məsələ tez bir zamanda öz müsbət həllini tapacaq və həmin vəsait "xxxx" MMC tərəfindən Şirvan RETSİ-nin hesabatlarında iddiaçının hesabına köçəcəkdir. Lakin bu günə qədər həmin məsələ öz müsbət həllini tapmamış, borc debitor olaraq iddiaçının balansında əks olunmuş və sonuncudan tələb olunur. 2.3. Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar fəaliyyəti "xxxx" ASC-yə təhvil verilənədək (yəni xx.xx.2015-ci il tarixədək) Şirvan şəhərində yerləşən iddiaçının fəaliyyət göstərdiyi Şirvan Ticarət Mərkəzi tərəfindən 2015ci ilin aprel-iyul ayları üzrə istifadə edilmiş elektrik enerjisinin 16680 manat dəyəri Maraqlı şəxs ASC-nin **********21 saylı abonent koduna ödənilmişdir. Sərəncamın icrası ilə əlaqədar “Azərenerji" ASC-nin **********21 saylı abonent koduna ödənilmiş 16680 manat məbləğində istifadə edilmiş elektrik enerjisinin dəyərindən bir hissəsi "xxxx" ASC-yə ödənilməklə istehlakçının 8150,05 manat borc məbləği yaradılmışdır. İddiaçı tərəfindən cavabdehə, cavabdehin struktur vahidi olan "xxxx" MMC-yə və Maraqlı şəxs ASC-yə müvafiq sorğular göndərilmiş, istehlakçı tərəfindən köçürülmüş məbləğlərin tam şəkildə "xxxx" ASC-nin balansına köçürülməsi ilə əlaqədar mübahisəyə aydınlıq gətirilməsi məqsədi ilə "xxxx" ASC-nin struktur vahidi olan "xxxx" MMC-də və Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin X3 Təchizatı müəssisəsində məsul şəxslərlə görüşlər keçirilmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Şirvan Ticarət Mərkəzi tərəfindən 2015-ci ilin aprel-iyul ayları üzrə istifadə edilmiş elektrik enerjisinin 16680 manat dəyəri Maraqlı şəxs ASC-nin vahid ödəniş bazasına keçirilmiş, bu müddət ərzində "xxxx" ASC-nin ETAİS bazasında ödənişlər barədə məlumatlar öz əksini tapmışdır. Bundan əlavə müqavilə yenilənərkən borcun olması barədə məlumat verilməmiş, əlavə olaraq borcun tələb edilməsi (mövcudluğu) barədə üzləşmə aparılmamışdır. Lakin hazırda borcun olması müvafiq texniki sahədə (sayğac dəyişdirilməsi və ya əlavə avadanlığın quraşdırılması və s.) işlərin aparılması zamanı iddiaçını hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. 2.4. Ödənilmiş vəsait, aylar üzrə aşağıdakı kimidir: xx.xx.2015-ci il üçün ödəniş tapşırığı N-05/s, məbləğ 604.07 ƏDV, xx.xx.2015-ci il üçün ödəniş tapşırığı N-06/s məbləğ 3355,93 əsas, xx.xx.2015-ci il üçün ödəniş tapşırığı N-07/s məbləğ 567,46 ƏDV, xx.xx.2015-ci il üçün ödəniş tapşırığı N-08/s məbləğ 3152,54 əsas, xx.xx.2015-ci il üçün ödəniş tapşırığı N-09/s məbləğ 475,93 ƏDV, xx.xx.2015-ci il üçün ödəniş tapşırığı N-10/s məbləğ 2644,7 əsas, xx.xx.2015-ci il üçün ödəniş tapşırığı N-11/s məbləğ 896,95 ƏDV, xx.xx.2015-ci il üçün ödəniş tapşırığı N-12/s məbləğ 4983,05 əsas. Lakin iddiaçının hesabında 8150,02 manat borc məbləği silinmədən saxlanılmışdır. Dəfələrlə edilmiş müraciətlər heç bir nəticə vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Bu səbəbdən də Maraqlı şəxs ASC-nin X3 Təchizatı və Satışı İdarəsi tərəfindən **********21 nömrəli abonent kodu üzrə 8150,02 manat məbləğində hesablanmış borcun məhkəmə qaydasında silinməsi üçün əsaslar yaranmışdır.

3. İddianın dəqiqləşdirilməsi barədə ərizədə iddianın faktiki əsasına əlavə olaraq qeyd olunmuşdur ki, məhkəməyə təqdim edilmiş 2015-ci il ərzində istifadə edilmiş elektrik enerjisinin dəyərinin hər ay ödənilməsinə dair sənədlərdən (qaimə faktura, ödəniş tapşırığı, akt, elektron hesablama fakturası və s.) görünür ki, istehlakçı tərəfindən ödənilən məbləğlər cavabdeh "xxxx" ASC-nin abonent haqqında məlumatında xx.xx.2015-ci il tarixdən etibarən qeydiyyat və hesablamalar aparılmışdır. Cavabdeh "xxxx" ASC-nin hesabına 2015-ci il ərzində ödənilmiş və qeydə alınmamış məbləğlərin abonent bazasına əlavə edilməklə nəzərə alınması zəruridir.

4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.5, 8.7-ci və s. bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 560.1 və 560.2-ci maddələrinə istinad edilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, 2015-ci ilin iyul ayının sonundan etibarən ödənişlər cavabdehə, həmin tarixədək isə Maraqlı şəxs ASC-yə edilmişdir. Hər ay vaxtında elektrik enerjisi haqqı ödənilsə də, cavabdeh inteqrasiya dövrü kimi borc hesablamış, həmçinin yalnız 2015-ci ilin oktyabr ayından etibarən edilmiş ödənişləri nəzərə almışdır.

7. Cavabdehin nümayəndəsi X2 iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, iddiaçı tərəfindən Maraqlı şəxs ASC-yə edilmiş ödənişlərin cavabdehə hər hansı aidiyyəti yoxdur.

8. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, elektron qaimələrdə yalnız cari ayın borcu, hesab-fakturalarda isə əvvəlki dövrün də qalıq borcu əks olunur. İddiaçının abunə haqqında məlumatında inteqrasiya dövr borcu kimi əks olunan məbləğ 2015-ci ilin may ayınadək olan borcdur. Sadəcə olaraq sistemə həmin məbləğ 2015-ci ilin oktyabr ayında daxil edildiyindən həmin borcun qarşısında xx.xx.2015ci il yazılmışdır. 2015-ci ilin sentyabr ayı üçün saldoya daxil edilmiş borcun cavabdeh tərəfindən ödənilməsinin ödənişlər hissəsində əks olunmaması texniki xəta ilə bağlı ola bilər. İddiaçıya məxsus abunə haqqında məlumatdan görünür ki, inteqrasiya dövr borcu kimi əks olunan 10256,6802 manat borcdan 6776,64 manat hissəsi 2019-cu ildə silinmişdir.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2021-ci il tarixli 044524 nömrəli enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh enerjitəchizatı müəssisəsi kimi iddiaçıya elektrik enerjisinin verilişini təmin etməyi, iddiaçı isə tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxsus **********1 nömrəli abunə haqqında məlumata əsasən, xx.xx.2023-cü il tarixə iddiaçının cavabdehə olan borcu 8150,02 manat təşkil edir.

14. İddiaçı bütün borc məbləğini ödədiyini, lakin cavabdeh tərəfindən əsassız olaraq 8150,02 manat borcun abonent haqqında məlumata daxil edildiyini bildirir.

15. Cavabdeh iddiaya etiraz edir və Maraqlı şəxs ASC-yə edilmiş ödənişlərin onlara aidiyyətinin olmadığını, abunə haqqında məlumatda inteqrasiya dövr borcu kimi əks olunan məbləğin 2015-ci ilin may ayınadək olan borc olduğunu, sistemə həmin məbləğ 2015-ci ilin oktyabr ayında daxil edildiyindən həmin borcun qarşısında xx.xx.2015-ci il yazıldığını qeyd edir.

16. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. Ətraf mühitə qayğı göstərərək sosial iqtisadi cəhətdən enerjinin istehsalını və istehlakçının marağına uyğun olaraq enerji bazarına çıxarılmasını təmin etməklə enerji resurslarından səmərəli istifadə etmək və enerji effektivliyinə nail olmaq məqsədi ilə elektrik və istilik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının, alqı-satqısının və istehlakının hüquqi əsaslarını “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununu müəyyən edir.

18. Həmin Qanunun 11-ci maddəsinə əsasən, elektrik və istilik enerjisinin alqısatqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

20. Qaydaların 8.1-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Qaydaların 8.3-cü bəndinə görə, ... enerjitəchizatı müəssisəsi ilə abonent arasında ... elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır.

22. Qaydaların 8-ci bəndinin digər yarımbəndlərinə görə, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir (8.4). Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır (8.13). İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir (8.14). Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir (8.15).

23. Göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlarda istifadə edilmiş elektrik enerjisinin dəyərinin sayğac göstəricilərinə əsasən bir aylıq hesablaşma dövrü ərzində enerjitəchizatı müəssisəsi tərəfindən təqdim edilən ödəniş sənədləri əsasında ödənilməsi nəzərdə tutulmuş, ödəmə sənədlərində səhv olarsa, enerjitəchizatı müəssisəsinin hesablaşma barədə məlumat vermək vəzifəsi təsbit edilmişdir.

24. Sadalanan qanunvericilik normalarından çıxış edərək məhkəmə qeyd edir ki, elektrik enerjisinin istifadəsinə görə borcun hesablanması ilə bağlı olan məlumatları, o cümlədən sayğac göstəricilərinin oxunması, onlar əsasında müvafiq tariflərin hansı qaydada tətbiq edildiyi, texnoloji sərfiyyatın hesablanması əsaslarını təqdim etmək (sübut etmək) vəzifəsini enerjitəchizatı müəssisəsi daşıyır.

25. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Başqa sözlə, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

26. Bu mənada abunə haqqında məlumatdan görünür ki, xx.xx.2015-ci il tarixdə 10256,6802 manat inteqrasiya dövri borcu əlavə edilmiş, xx.xx.2019-cu il tarixdə həmin borcdan 6776,64 manat silinmiş, 3480,04020 manat hissəsi isə borc kimi qalmışdır. Cavabdehin nümayəndəsi izahatında həmin borcun 2015-ci ilin may ayınadək olan borc olduğunu, sistemə 2015-ci ilin oktyabr ayında daxil edildiyindən xx.xx.2015-ci il tarixi ilə əks olunduğunu göstərmişdir.

27. Bundan başqa, abunə haqqında məlumata əsasən, cavabdeh elektrik enerjisi sərfiyyatı üzrə borcları xx.xx.2015-ci il tarixdən etibarən, ödənişləri isə xx.xx.2015-ci il tarixdən etibarən abounə haqqında məlumata daxil etməyə başlamışdır.

28. İddiaçının təqdim etdiyi elektron qaimələr, hesab-fakturalar və ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin yanvar ayı üçün 5640 manat elektrik enerjisi sərfiyyatı hesablanmış, 09 fevral 2015-ci il tarixdə həmin məbləğ Maraqlı şəxs ASC-yə ödənilmişdir, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin fevral ayı üçün 4440 manat elektrik enerjisi sərfiyyatı hesablanmış, 10 mart 2015-ci il tarixdə həmin məbləğ Maraqlı şəxs ASC-yə ödənilmişdir, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin mart ayı üçün 3960 manat elektrik enerjisi sərfiyyatı hesablanmış, 16 aprel 2015-ci il tarixdə həmin məbləğ Maraqlı şəxs ASC-yə ödənilmişdir, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin aprel ayı üçün 3720 manat elektrik enerjisi sərfiyyatı hesablanmış, 12 may 2015-ci il tarixdə həmin məbləğ Maraqlı şəxs ASC-yə ödənilmişdir, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin may ayı üçün 3120 manat elektrik enerjisi sərfiyyatı hesablanmış, 11 iyun 2015-ci il tarixdə həmin məbləğ Maraqlı şəxs ASC-yə ödənilmişdir, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin iyun ayı üçün 5880 manat elektrik enerjisi sərfiyyatı hesablanmış, 20 iyul 2015-ci il tarixdə həmin məbləğ Maraqlı şəxs ASC-yə ödənilmişdir, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin iyul ayı üçün 6360 manat elektrik enerjisi sərfiyyatı hesablanmış, 29 iyul 2015-ci il tarixdə həmin məbləğ "xxxx" ASC-yə ödənilmişdir, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin avqust ayı üçün 7320 manat elektrik enerjisi sərfiyyatı hesablanmış, 31 avqust 2015-ci il tarixdə həmin məbləğ "xxxx" ASC-yə ödənilmişdir, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin sentyabr ayı üçün 5280 manat elektrik enerjisi sərfiyyatı hesablanmış, 29 sentyabr 2015-ci il tarixdə həmin məbləğ "xxxx" ASC-yə ödənilmişdir.

29. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda mübahisələndirdiyi borcun tərkibi iki hissədən ibarətdir: inteqrasiya dövrünə əsaslanan 3480,0402 manat və sərfiyyata əsaslanan 4669,9798 manat borc.

30. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qaimələr, hesab-fakturalar və ödəniş tapşırıqlarından da göründüyü kimi, 2015-ci il ilin yanvar ayından etibarən hər ay üçün hesablanmış bütün borclar ödənilmiş, cavabdehin məhkəmə iclasında bildirdiyinə əsasən yalnız cari deyil, əvvəlki dövr üçün də bütün borcların göstərildiyi hesabfakturaların heç birində hər hansı digər borca istinad edilməmişdir. Cavabdeh isə enerjitəchizatı müəssisəsi kimi həmin borcun əsaslılığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki abunə haqqında məlumatda hər hansı borcun göstərilməsi hələ onun həqiqi olmasını ehtiva etmir. Yalnız həmin borcun əsasında duran sənədlərə hüquqi qiymət verilməklə borcun əsaslılığına istinad edilməsi mümkündür. Hazırda isə belə sübutlar təqdim edilmədiyindən 3480,0402 manat borcun əsaslı olması qənaətinə gəlinməsi mümkün deyildir. Əksinə, təqdim edilən sübutlar iddiaçı tərəfindən ödənişlərin vaxtlı-vaxtında edildiyini təsdiq edir.

31. Digər tərəfdən, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin sentyabr ayı üçün 5280 manat elektrik enerjisi sərfiyyatı hesablanmış, 29 sentyabr 2015-ci il tarixdə həmin məbləğ "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh isə xx.xx.2015-ci il tarixdən etibarən (sentyabr ayı üçün hesablanan 5280 manat borc da daxil olmaqla) elektrik enerjisi üzrə borcları saldoya daxil etsə də, ödənişləri yalnız xx.xx.2015-ci il tarixdən əks etdirmişdir. Nəticədə isə 29 sentyabr 2015-ci il tarixdə ödəniş tapşırığı əsasında 2015-ci ilin sentyabr ayı üçün ödənilən 5280 manat sərfiyyat haqqı saldoda borc kimi qalmaqda davam etmişdir. İnteqrasiya dövrü borcunun 2015-ci ilin may ayınadək olan dövri əhatə etdiyi nəzərə alındığında cavabdeh tərəfindən 2015-ci ilin sentyabr ayı üçün ödənilən 5280 manat borcun öhdəliyin icrası kimi nəzərə alınmadığı görünür. Belə olan halda, məhkəmə hesab edir ki, 4669,9798 manat (5280 manatın bir hissəsi təkrar ödənildikdən sonra qalan hissəsi) məbləğində borc iddiaçı tərəfindən ödənildiyindən əsaslı hesab edilə bilməz.

32. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya məxsus **********1 nömrəli abunə koduna hesablanmış 8150,02 manat borc əsassız olduğundan silinməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

33. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş edir.

34. Lakin iş materialları əsasında müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən 100 manat məbləğində mediasiya xərcini ödəmişdir.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

36. İddiaçı da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəasına uyğun olaraq dövlət rüsumundan azad edildiyindən iddia ərizəsini verərkən hər hansı məbləğdə dövlət rüsumu ödəmişdir.

37. Belə olan halda isə ödənilməyən dövlət rüsumunun iddiaçının tələb etdiyi kimi cavabdehdən tutulması mümkün deyildir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçınə məxsus **********1 nömrəli abonent koduna hesablanmış 8150 (səkkiz min bir yüz əlli) manat 02 (iki) qəpik məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar