Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-295/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta müqaviləsi, subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 5906 (beş min doqquz yüz altı) manat pul və 100 (yüz manat) manat mediasiya xərci məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X1 razılığı və "xxxx" ASC tərəfindən ona BA saylı, 715695 nömrəli, xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsi blankının verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 235A ünvanında yerləşən X2 məxsus kitab mağazası da həmin ünvanda yerləşən binanın zirzəmisində baş vermiş partlayış nəticəsində yanğının təsirinə məruz qalmışdır. Baş vermiş hadisə nəticəsində sığorta predmetinə 6056 (altı min əlli altı) manat məbləğində real zərər dəymişdir. AKT0743/CFİ- 0022/2018-2019 saylı sığorta aktına və RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 150 (yüz əlli) manat azadolma məbləği çıxıldıqdan sonra 5906 (beş min doqquz yüz altı) manat məbləğində sığorta ödənişi sığortalı X1 bank hesabına köçürülmüşdür. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)- 15/2019 saylı hökmündə qeyd olunmuşdur ki, iş materiallarında olan "Azəriqaz" İB-nin 7 fevral 2018-ci il tarixli, 00098 saylı məktubundan görünür ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi ilə Fikrət Əmirov küçələrinin kəsişməsində, Azadlıq prospekti ilə Süleyman Rəhimov küçələrində yerləşən əhali və qeyri-əhali istehlakçılarını təbii qazla təchiz edən, istismarda olan diametri 159 mm-lik yeraltı, aşağı təzyiqli qaz xəttindən ayrılan və 237 saylı yaşayış binasını təbii qazla təchiz edən qaz xəttinin keçdiyi ərazidə (partlayış baş verən ərazi) "xxxx" ASC-nin nümayəndələri tərəfindən qazıntı işləri aparılan zaman qaz xəttinə dəymiş zərbə nəticəsində xətt qaynaq birləşməsindən sındırılmış və bu səbəbdən qaz sızması baş vermişdir. İstismarda olan qaz kəmərlərinə texniki baxış işləri təsdiqlənmiş qrafikə əsasən "xxxx" MMC tərəfindən həyata keçirilir. "xxxx" MMC-nin əməkdaşları tərəfindən partlayış baş vermiş ərazidən keçən diametri 159 mm-lik qaz xəttinə və kommunikasiya quyularına qrafikə əsasən 25 dekabr 2017-ci il tarixdə baxış keçirilmiş və qaz sızması aşkar edilməmişdir Həmçinin iş materiallarında olan Cavabdeh2 ASC Nəsimi Sukanal İdarəsinin 12 fevral 2018-ci il tarixli, İT-01/1-01/102 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən ərazilərin kanalizasiya şəbəkəsi keçən əsrin 30-40-cı illərində qurulmuş və bugünkü günə qədər istismar olunur. Mövcud kanalizasiya xətlərində tez-tez tutulmalar baş verir. Tərəflərindən kanalizasiya xətlərində tutulmalar mexaniki üsulla (polad məftil salmaburma) və ya xüsusi texnika cəlb olunmaqla (təyziqli su ilə yumaq) aradan qaldırılır. Nəzarət-baxış quyularında isə profilaktik təmizləmə işləri aparılır. Bu işlər yerinə yetirilən zaman torpaq-qazıntı işlərinin aparılmasına zərurət yaranmır. Kanalizasiya xətlərində və nəzarət baxış quyularında profilaktik təmizləmə və yuma işləri aparılan zaman ünvana operator tərəfindən daxil olan məlumata əsasən iş əmri açılır, işlər tamamlandıqdan sonra iş əmri müvafiq qaydada bağlanır. “Nəsimi 12” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, ərazidə torpaq qazıntı işlərinin aparılması yeraltı elektrik, intelektual idarəetmə, rabitə və s. təyinatlı kabellərin mövcud olması səbəbindən mümkün olmamışdır. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Ödənilmiş 5906 (beş min doqquz yüz altı) manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1097.3 və 1099.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh1 tərəfindən iddiaya etiraz ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1nə qarşı irəli sürülmüş tələb tam olaraq əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı Cavabdeh1 İB-ni sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs kimi görür, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının iddiasının əsasını təşkil edən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-15/2019 saylı hökmündən də göründüyü kimi, xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 235A ünvanında yerləşən X2 məxsus kitab mağazasında baş vermiş hadisə ətraflı olaraq araşdırılmış və baş vermiş hadisəyə görə Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin sahə rəisi müavini X8 təqsirli bilinmişdir. Cavabdeh1 İB tərəfindən hadisəyə səbəb olacaq qanunazidd hərəkət və ya hərəkətsizlik müəyyən edilməmişdir. Qeyd olunanlardan və iş materiallarına əlavə edilmiş sübutlardan aydın görünür ki, baş vermiş hadisədə Cavabdeh1 İB-nin əməkdaşı olmamış və olmayan X8 təqsirli bilinib, belə olan halda isə iddiaçının Cavabdeh1 İB-nə münasibətdə subroqasiya hüquququnun olmadığı öz təsdiqini tapır. Qeyd edilənləri nəzərə alaraq, "xxxx" ASC-nin Cavabdeh1 İB qarşı irəli sürdüyü iddia tələbi rədd edilməlidir.
5. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar
7. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəçi X3 ilə icarəverən X7 arasında xx.xx.2013-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarəyə verən ona məxsus olan ünvan 1 ünvanında yerləşən üçmərtəbəli binanın zirzəmisindəki ümumi sahəsi 132,2 m2 olan qeyri-yaşayış sahəsini icarəçinin müddətli istifadəsinə verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarə müddəti xx.xx.2018-ci il tarixədək olmaqla, aylıq icarə haqqı 150 manat məbləğində müəyyən edilir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 117.4 m2 olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 adına xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 13824 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
10. BA seriyalı, 715695 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən görünür ki, sığortalı qismində X3 olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 235A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (kitab mağazası) xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 100 manat, sığorta məbləği 36184 manat, azadolma məbləği 150 manat miqdarında müəyyən edilmişdir.
11. xx.xx.2018-ci il tarixli hadisə barədə məlumatdan görünür ki, binanın zirzəmisində qaz borusunun partlaması nəticəsində qonşuluqda olan kitab mağazasının təxminən 130 m2 ərazisində divarlar dağılmış və tavanın lambrini yararsız hala düşmüşdür.
12. xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, qeyri-yaşayış sahəsinə ümumilikdə 6056 manat məbləğində ziyan dəymişdir.
13. xx.xx.2019-cu il tarixli sığorta aktında qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi (partlayış) nəticəsində sığorta obyektinə 6056 manat məbləğində zərər dəymişdir. Müəyyən edilmiş zərərdən 150 manat azadolma məbləği çıxılaraq 5906 manat məbləğində sığorta ödənişi ödənilir.
14. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X6 5906 manat məbləğində sığorta ödənişi edilmişdir.
15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-15/2019 saylı hökmünə əsasən Cavabdeh2 ASC Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisinin müavini vəzifəsində işləyən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, qazıntı işlərinin aparılması ilə bağlı Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 İB-yə rəsmi qaydada müraciət olunmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
19. İddia tələbi iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 İB və Cavabdeh2 ASC-dən tutulmasından ibarətdir.
20. Məhkəmə hesab edir ki, iddia Cavabdeh2 ASC-yə münasibətdə yəmin olunmalı, Cavabdeh1 İB-yə münasibətdə isə təmin edilməməlidir.
21. Belə ki, işin faktiki hallarından göründüyü kimi, icarəçi X3 ilə icarəverən X7 arasında xx.xx.2013-cü il tarixli icarə müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən üçmərtəbəli binanın zirzəmisindəki ümumi sahəsi 132,2 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixədək icarəçinin müddətli istifadəsinə verilmişdir. Həmin daşınmaz əmlak "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 100 manat, sığorta məbləği 36184 manat, azadolma məbləği 150 manat miqdarında müəyyən edilmişdir.
22. "xxxx" ASC-nin işçiləri tərəfindən 2018-ci ilin yanvar ayında qeyd olunan ünvanda qazıntı işləri aparılan zaman qaz xəttinə dəymiş zərbə nəticəsində xətt qaynaq birləşməsindən sındırılmış və bu səbəbdən qaz sızması baş vermiş və nəticədə göstərilən ünvanında yerləşən binanın zirzəmisində partlayış baş vermiş və bu da ağır nəticələrə, o cümlədən hazırkı sığorta predmetinə zərər dəyməsinə səbəb olmuşdur (həmin faktlar Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-15/2019 saylı hökmü ilə müəyyən edilmişdir). Hazırkı sığorta müqaviləsi üzrə sığorta predmetinə dəymiş 6056 (altı min əlli altı) manat məbləğində real zərər üzrə iddiaçı tərəfindən 150 manat azadolma məbləği çıxılaraq, 5906 manat məbləğində sığorta ödənişi edilmişdir.
23. Beləliklə, məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının subroqasiya qaydasında həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia Cavabdeh2 ASC-yə münasibətdə təmin olunmalı, Cavabdeh2 ASC-dən 5906 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməli, Cavabdeh1 İB-yə münasibətdə isə rədd olunmalıdır. Belə ki, Cavabdeh2 ASC öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıdığından və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməli olduğundan məhkəmə göstərilən nəticəyə gəlmişdir. Cavabdeh1 İB-nin və ya işçisinin mülki hüquq pozuntusu törətməsi müəyyən olunmadığından o, mülki hüquqi məsuliyyət daşıya bilməz.
24. Eləcə də, iddiaçı 100 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, 100 (yüz) manat mediasiya xərci Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən 5906 (beş min doqquz yüz altı) manat məbləğində pul və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 6006 (altı min altı) manat məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia Cavabdeh1nə münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova