Məhkəmə qərarları › İş №e-2-2(113)-3095/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3095/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3095/2025 25.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Mağtağa qəsəbəsi, Savalan yaşayış massivi, yeni qayda ilə Zabrat-Mağtağa yolu ev-0 ünvanında yerləşən 011081 abonent kodu üzrə hesablanmış 1098 manat borcun silinməsi və 31 manat dövlət rüsmunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, yeni qayda ilə Zabrat Maştağa yolu ev-0 ünvanında yerləşən 011081 nömrəli abonent kodunu istifadə edir. Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2024-cü il tarixli 603115 nömrəli akt tərtib edilmiş və qeyd edilən ünvanın üzrə 1098 manat əsassız borc hesablanmışdır. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, yeni qayda ilə Zabrat Maştağa yolu ev-0 ünvanında yerləşən 011081 nömrəli abonent koduna 1098 manat əsassız borcun silinməlidir. Cavabdehin işciləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Belə ki, həmin borcun heç bir əsası yoxdur, borc məbləği əsassız olaraq yazılmışdır. Tərəfindən əsassız borcun silinməsi ilə bağlı cavabdehə pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh həmin əsassız borcu silməmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

7. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

8. Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

9. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

10. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

11. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

13. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 603115 nömrəli akta əsasən cavabdehin nümayəndələri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolu ünvanında yerləşən, abunə kodu 011081 olan kafeyə baxış zamanı istehlakçının sayğacdan kənar sudan qeyri-qanuni istifadə etməsi (D=15 mm-lik su xətti) aşkar olunmuşdur.

14. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qanunsuz istifadə fakturasından görünür ki, iddiaçıya məxsus 011081 saylı abunə kodu üzrə xx.xx.2024-cü il tarixli 603115 nömrəli akt əsasında 1098 manat məbləğində borc hesablanmışdır.

15. İş materiallarında olan 011081 saylı abonent kodu üzrə iddiaçıya məxsus olan Abonent Saldosundan görünür ki, onun qalıq borcu 1053 manat təşkil edir.

16. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2024-cü il tarixli 603115 nömrəli akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.

17. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

18. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

19. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf xx.xx.2024-cü il tarixli 603115 nömrəli akta əsasən hesablanmış 1098 manat borcun silinməsini xahiş etsə də, hazırda onun qalıq borcu 12.742 manat təşkil edir.

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X4 tərəfindən İddiaçı məxsus 011081 saylı abunə kodu üzrə hesablanmış 1098 manat məbləğində borc silinsin. Ödənilmiş 31 manat dövlət rüsumu “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar