Məhkəmə qərarları › İş №e-2-2(113)-3123/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3123/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3123/2025 09.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qıznın katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İdddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 əməkdaşları tərəfindən tərtib edilmiş 003149 №-li akta əsasən hesablanmış 5,319 manat məbləğində cərimənin əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın X2 əməkdaşları tərəfindən 11 fevral 2025-ci il tarixdə mənim adıma qeydiyyata alınmış **********9 abonent kodlu elektrik sayğacına qanunsuz olaraq akt yazılmışdır. Həmin sayğac mənə məxsus kafenin sayğacıdır. Həmin kafe “Yeməkxana” kimi fəaliyyət göstərir. Buna görədə mən hər ay vaxtlı-vaxtında yaranmış borcumu ödəmişəm. Buna baxmayaraq tərtib edilmiş akta əsasən guya “elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olmuşdur. Belə ki, həmin kənar xətt obyektin həyətində yerləşən güc transformatorun 0,4 kvt-luq çubuğundan bir-başa götürülmüşdür.” Qeyd etmək istəyirəm ki, kafenin qarşısında yəni magistral yolun kənarında rayon rəhbərliyi tərəfindən X6 Əliyevin şəkili olan plakat qoyulmuşdur. Həmin plakatın işıqlandırılması üçün sərf olunan işıq enerjisinin sərfiyyat yükünü işıq idarəsinin əməkdaşları mənim kafemin işıq xəttinə hesablamışdır. Bu səbəbdən də 003149 №-li akt tərtib edilmişdir. Yazılmış aktdan irəli gələrək mənə yekun olaraq 5319 (beş min üç yüz ) manat məbləğində cərimə hesablanmışdır. Hesab edirəm ki, cavabdehin hərəkətləri qanunsuzdur və əsassız hesablanmış cərimə silinməlidir. Mən sözügedən cərimənin əssasız olduğunu işıq idarəsinin əməkdaşlarına bildirsəmdə heç bir əhəmiyyəti olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarında, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir.

3. Cavabdehin nümayəndəsi etiraz ərizəsi verərək, iddia tələbinin rədd edilməsina dair qətnamə üəbul edilməsini xahiş etdi.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı X2 əməkdaşları tərəfindən tərtib edilmiş 003149 №-li akta əsasən hesablanmış 5319 manat məbləğində cərimənin əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddia tələbinə əsasən bildiririk ki, iddianı Cəmiyyət qəbul etmir.Bildiririk ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********9 (Xaçınçay kafe) saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmin kənar xətt obyektin həyətində yerləşən güc tarnsformatorunun 0,4 kvt-luq çubuğundan birbaşa götürülmüşdür. Baxış zamanı xx.xx.2025-ci il tarixli NİQ003149 nömrəli akt tərtib edilmişdir.İcra vərəqəsinə əsasən:Naqilin en kəsiyinə əsasən hesabat verildi:11 kvt x 12 saat x 365 gün= 48180 kVts Tarif (0,11 man)- 42900 kVt.s x 0,11 man = 4719 manat Tarif (0,125man)- 5280 kVt.s x 0,125 man = 660 manat Cəmi 5379 manat Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixdə KY252279737 nömrəli Çıxarış alınmışdır.Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə X1yə görə yaranmış və ödənilməmiş borc məbləğidir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Z.Səmədova iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq suala cavab olaraq qeyd etmişdir ki, hazırki mübahisə üzrə cavabdeh tərəfindən keçirilən yoxlamalavahid məlumat reyestrində qeydə alınmadan aparılmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı cavabdeh "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 194888 saylı “Enerjitəchizatı müəssisəsi ilə qeyri-isehsal müəssisəsi,ticarət,ictimai iaşə vədigər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanılmışdır.

10. 11 fevral 2025-ci il tarixli AKT R № 003149 saylı aktdan görünür ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxışın nəticəsi olaraq abonentin sayğacdan kənar elektrik enerjisinindən istifadə etdiyi aşkarlanmışdır.

11. KY252279737 saylı çıxarışa əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi məqsədilə aparılan yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır.

12. **********9 saylı abunonet haqqında məlumatdan görünür ki, 2025-ci ilin fevral ayında abonentə akta əsasən 660 manat və 4719 manat məbləğində borc hesablanmışdır.

13. Məhkəmə iclasında dindirilmiş 11 fevral 2025-ci il tarixli AKT R № 003149 saylı aktı tərtib edənAbdullayev Bəhruz Bəhlul oğlunun ifadəsində bildirmişdir ki, o 11 fevral 2025-ci il tarində iddiaçı barədə video-çəkilişi də mən həyata keçirərək akt tərtib etmiş, 11 fevral tarixində biz Aran rayonlarına ezam olunmuşduq, həmin vaxt Xaçın çay kafesinə baxış keçirən zaman məlum oldu ki, oraya kənar xətt daxil olmuşdur. Həmin xətt birbaşa obyektə çəkilmişdir, o video-görüntüdə də öz əksini tapmışdır, abonentin özünün də iştirakı olmuşdur.Videodan da görünür ki, həmin kənar xətt birbaşa iddiaçının kafesinə gedir. Möhtərəm hakim, orada plakat və s. yoxdur, kafenin həyətində trafaret yoxdur, trafaret üçün 1 lampa o qədər kv sərf edə bilməz. Biz oraya baxış keçirən zaman sayğac açarla bağlı deyildi. Sayğac abonentin öz balansındadır.

14. Məhkəmə iclasında tərəflərin təqdim etdiyi videoçəkilişlərə baxış keçirilmiş və iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən akt tərtib olunan gün çəkilən vidoçəkilişdən görünür ki, iddiaçı akt tərtib edilən zaman özü həmin yerdə olmuşdur, sayğaca kənar qoşulma mpvcud olmuş, və iddiaçının qeyri yaşayış sahəsi istiqamətində qoşulmuşdur. V. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 1.1-ci bəndində isə təsbit olunmuşdur ki, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır.

15. Həmin Qaydaların 8.1-ci və 8.2-ci bəndlərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

16. Həmin qaydaların 8.8. Enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır.8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8. 34-cü bəndinə görə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.

18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

20. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. VI. Məhkəmənin mövqeyi:

21. Məhkəmə hesab edir ki, qismən təmin edilməlidir.

22. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 5319 manat məbləğində borc iddaçıya məxsus qeyri-yaşayış sahəsində elektrik enerjisindən qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar "xxxx" ASC-yə dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yoxlama qanunun tələblərinə uyğun keçirilərək, qeyri-qanuni qoulma müəyyən edilərək, qanunun tələblərinə uyğun akt tərtib edilərək vahid reyestrdən qeydiyyatdan keçsə də, dəymiş zərər düzgün hesablanmamışdır. Belə ki məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanarkən (11 kvt x 12 saat x 365 gün= 48180 kVts Tarif (0,11 man)- 42900 kVt.s x 0,11 man = 4719 manat Tarif (0,125man)- 5280 kVt.s x 0,125 man = 660 manat Cəmi 5379 manat) 12 ay müddət üçün hesablama etmişdir.Məhkəmə hesab edir ki, cavabdeh bu qaydada hesablanam edərkən, İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacdan kənar xəttin olması və 12 ay müddətində elekrtik enerjisininndan qanunsuz, sayğcdan kənar istifadə olunması və bunun nəticəsində "xxxx" ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən 12 ay müddətində qanunsuz qoşulma barədə iş materiallarında heç bir sübut yoxdur. Qeyd edilən hal nəzərə alınmaqla məhkəmə hesab edir ki, akt əsasında dəymiş zərər hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8-ci bəndi nəzərə alınmaqala 1 aylıq müddət əsas götürülməli idi. Beləliklə mübahisələndirilən akt əsasənda iddiaçıya (11 kvt x 12 saat x 30 gün= 3960 kVts Tarif (0,125man)- 3960 kVt.s x 0,125 man = 495 manat) 495 manat cərimə yazılmalı idi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, (5379- 495=4884 manat) 48884 manat məbləğində borc İddiaçı məxsus (abonent kodu: **********9) abonent hesabından silinməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus (abonent kodu: **********9) qeyri-yaşayış sahəsinə hesablanmış 4884 (dörd min səkkiz yüz səksən dörd) manat məbləğində borc silinsin. İddia digər hissədə təmin edilməsin. . Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar