Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3353/2021 16.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 13857,57 (on üç min səkkiz yüz əlli yeddi manat əlli yeddi qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********1 saylı kod üzrə əsassız olaraq hazırda istifadə olunmayan qeyri yaşayış obyektinə 13857,57 manat əsassız borc yazılmışdır və həmin obyekt hazırda işləmir və borc hesablanarkən ona məlumat verilməyib. Yazılan borcun əsası bilinmir və bugünə qədər ona heç bir məlumat verilməmişdir. Başqa heç bir qərar və ya sair sənəd təqdim edilməyib və həmin borcla bağlı çağırış və bildiriş verilməmişdir. Sayğaca baxış keçirilib akt tərtib edilərkən nə onun, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olmuş olsa belə bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, aktın dövlət reyestrində qeydə alınmadığını bildirmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək, qeyd olunan borcun akt əsasında deyil, sayğacın göstəricisi üzrə borcun olduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İşdə olan sənədlər əsasında işin müəyyən olunmuş halları ondan ibarətdir ki, ilk dəfə iddiaçıya məxsus ünvana Azərişıq ASC-nin nümayəndələri tərəfindən 08.05.2018-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin işləmədiyi müəyyən edilmiş, sayğacın laborator muayinəsi zamanı sayğacın keçən yükü qeyd etməməsi müəyyən edilmişdir. 08.05.2018-ci il tarixli akt əsasında iddiaçıya 473,76 manat borc hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, 05.06.2018-ci il tarixədək iddiaçı tərəfindən bütün ödənişlər edilmiş olduğundan borcu qalmamış və abunə haqqında məlumatda bu “0” borc kimi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər qeyd edilmiş sənədləri iş materiallarına əlavə etsələr də, hazırki mübahisənin həlli baxımından sadalanmış sənədlərin əhəmiyyəti yoxdur. Belə ki, mübahisələndirilən borc həmin vaxt yaranmamışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin predmetini 13.09.2020-ci il tarixdə iddiaçıya hesablanmış 13.730,58 manat və sonrakı tarixlər üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış borc məbləği təşkil edir. Belə ki, iş üzrə tərəflərin məhkəmə iclası zamanı verdikləri izahat əsasında müəyyən edilmişdir ki, 13.09.2020-ci il tarixdə Azərişıq ASC-nin əməkdaşı sayğac üzərində göstərici əsasında abonentə borc barədə bildiriş-xəbərdalıq yazılarkən sayğac üzərində göstəricinin 158159 kvt olduğu müəyyən edilmişdir, bunun isə əvvəlki ayın göstəricisindən fərqi 152562 kvt təşkil etmişdir. Qeyd edilmiş 13.730,58 manat 152562 kvt elektrik enerjisindən istifadəyə görə hesablanmış borcdur. İddiaçının isə iddia ərizəsində qeyd etmiş olduğu iş materiallarına əlavə edilmiş 14.09.2020-ci il tarixli 215663 saylı aktın dövlət reyestrində qeydə alınmaması barədə dəlili əsassızdır. Belə ki, hesablanmış borc akt əsasında yox, sayğacın göstəricisi üzrə hesablanmış borcdur. Bundan əlavə borc məbləği 13.09.2020-ci il tarxidə hesablanmış, akt isə 14.09.2020-ci il tarixdə tərtib edilmiş və mövcud sayğacın yeni sayğacla əvəz edilməsi ilə bağlı tərtib edilmişdir. Adı çəkilən aktdan da göründüyü kimi, sayğac yenisi ilə əvəz olunarkən sayğacın üzərindəki göstərici 158159 kvt təşkil etmişdir. Sayğac yenisi ilə əvəz edilərkən tərtib edilmiş 14.09.2020-ci il tarixli, 215663 saylı aktı abonentin nümayəndəsi kimi göstərilmiş Abdullayev İ. tərəfindən də imza edilərək qəbul edilmişdir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borcun 13.730,58 manat hissəsi 13.09.2020-ci il tarixdə sayğacın üzərindəki göstərici əsasında, qalan hissəsi isə sonrakı tarixlərdə yaranmış elektrik enerjisindən istifadə üzrə sayğacın göstəricisi üzrə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3353/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3353/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver