Məhkəmə qərarları › İş №e-2-2(113)-338/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-338/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-338/2021 16.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İstehsalat X1 qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilkin, X4 İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi barədə qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 təbii qazdan istifadəyə görə yaranmış 214204,20 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı İB xx xxxxxx 2017-ci il tarixli, ***-**-** saylı müqavilə əsasında cavabdehə məxsus müəssisəni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx xxxx 2020-ci il tarixə 214204,20 manat borcu yaranmışdır. Mübahisənin həll olunması məqsədi ilə məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir X6 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İB tərəfindən qazdan istifadəyə görə əsassız hesablanmış 214204,20 manat borcun hesabdan silinməsi və cavabdehin qazdan istifadəyə borcun ödənilməsinə dair ilkin iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən məbləğin haradan, nə vaxt və necə yaranması barədə iddiaçı heç bir məlumat yoxdur. Çünki bu barədə ona hesab-faktura təqdim olunmayıb. Həmçinin 2019-cu ilin ortalarında İddiaçı İB-nin təkidi ilə mövcud qaz xəttinin olmasına baxmayaraq ona məxsus Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində yeləşən istilikxanaya uzaq məsafədən böyük xərc tələb edən qaz xətti çəkməli olduğunu və lazımsız yerdə cavabdehin günahı ucbatından 142000 manat vəsait xərclənmişdir. Yeni qaz xətti çəkildikdən və sayğac onlar tərəfindən öz istədikləri yerə qoyulduqdan sonra qaz sərfiyyatında iddiaçının istifadə etdiyindən xeyli çox sərfiyyat görünməyə başlamışdır. 2018-ci ildə bütünlükdə 128481,40 manatlıq qaz sərf edilməsinə baxmayaraq, 2019-cu ilin iki ayı ərzində sayğaca müdaxilə edildikdən sonra 219192,20 manatlıq, 2020-ci il dörd ayı ərzində isə pandemiya dövründə 159945,00 manatlıq qaz sərf edildiyi göstərilmişdir ki, bu da mümkün deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddia tələbinin qanunsuz və əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - xx xxxxxx 2017-ci il tarixli, ***-**-** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. - abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya xx xxxx 2020-ci il tarixə olan borcu 214204,20 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 214204,20 manat borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə borcun silinməli olması 2 xüsusatla əsaslandırılmışdır: istilikxanaya uzaq məsafədən böyük xərc tələb edən qaz xətti çəkilməsinə cavabdehin təqsiri üzündən 142000 manat vəsait xərclənməsi və qaz sərfiyyatının artıq hesablanması. Qarşılıqlı iddia yuxarıda göstərilən hallarla əsaslandırılsa da, X6 tərəfindən məhkəməyə istilikxanaya uzaq məsafədən böyük xərc tələb edən qaz xətti çəkilməsinə 142000 manat vəsaitin xərclənməsi, bu xərcin İddiaçı İB-nin təqsiri üzündən çəkilməsi, borcun qalan hissəsinin (72204,2 manat) hansı səbəbdən əsassız hesablanması, artıq sərfiyyatın hansı dövrləri əhatə etdiyi kimi hallar əsaslandırılmamış və bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallarla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilkin iddia tam təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia rədd oldunduğuna görə həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İstehsalat X1 qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilkin iddiası təmin edilsin. 214204,20 manat məbləğində pul vəsaiti X3 tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti X3 tutularaq İddiaçınə ödənilsin. X4 İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar