Məhkəmə qərarları › İş №e-2-2(113)-339/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-339/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-339/2024 08.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Respublika Perinatal Mərkəzi” X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı “Respublika Perinatal Mərkəzi” X2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı “Respublika Perinatal Mərkəzi” X3 (“Respublika Perinatal Mərkəzi” PHŞ) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Respublika Perinatal Mərkəzi” X3 barəsində Cavabdeh İB tərəfindən hesablanmış mənbəyi məlum olmayan 56214,15 manat borcun silinməsinin cavabdehin üzərinə vəzifə qoyulması, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Respublika Perinatal Mərkəzi” X3 dövlət adından yaradılan publik hüquqi şəxs olub, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. Ödənişlər Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər publik hüquqi şəxslər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. “Respublika Perinatal Mərkəzi” X3 istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtlıvaxtında ödənişlərini etsə də, bir müddət sonra Xətai xidmət sahəsi əməkdaşları tərəfindən təqdim olunmuş akta əsasən iddiaçının guya 2020-ci ilə qalıq 56214,15 manat mənbəyi məlum olmayan borcunun olması göstərilmiş və borcun ödənilməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılması bildirilmişdir. Qeyd edilən mənbəyi məlum olmayan 56214,15 manat borcun silinməsi üçün cavabdehə müraciət olunsa da, cavab verilməmişdir. Halbuki, qazdan istifadəyə görə ödənişlər vaxtlı-vaxtında olduğundan bu qədər borcun yaranmasının əsasının nə olduğu iddiaçıya məlum deyildir. İddiaçı hesab edir ki, tələb olunan borc mövcud deyildir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi X1 5.2 və 5.5-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3, 560.3.5.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, abonent saldosunda 2010-cu il tarixdən sonra yaranan borclar barədə ətraflı məlumatlar öz əksini tapsa da, proqram təminatı olmadığı zamanlarda yaranmış borc məbləği ilə bağlı detallı məlumat verə bilmirlər. Həmin borc məbləğləri istifadə edilmiş təbii qazın dəyəridir. Borclar sayğac üzrə və sayğac olmadığı dövrdə isə müvafiq qaydada hesablanmış borclardır. Borcun silinməsi üçün hər hansı bir əsas mövcud deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində “Respublika Perinatal Mərkəzi” PHŞ arasında xx.xx.2018-ci il tarixli, AMX-2/1110 nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

8. Tərəflər arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, xx.xx.2020-ci il tarixə “Respublika Perinatal Mərkəzi” PHŞ-nin Cavabdeh İB-yə borcu 56214,17 manat təşkil edir. Lakin sözügedən aktda “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixinə olan kreditor borc qalığı ləğv olunmuş, Respublika Doğum Evinə aid olmayan borc məbləğidir. Həmin borcun PHŞ-yə aid olmadığı üçün öhdəlik kimi qəbul edilmir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə “Respublika Perinatal Mərkəzi” PHŞ-nin Cavabdeh İB-yə borcu 60719,44 manat təşkil edir. Lakin sözügedən aktda “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixinə olan kreditor borc (xx.xx.2021-ci il tarixinə olan borc 56214,17 manat) qalığı ləğv olunmuş, Respublika Doğum Evinə aid olmayan borc məbləğidir. Həmin borcun PHŞ-yə aid olmadığı üçün öhdəlik kimi qəbul edilmir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarından görünür ki, xx.xx.2021-ci il tarixə “Respublika Perinatal Mərkəzi” PHŞ-nin Cavabdeh İB-yə borcu 56214,17 manat təşkil edir. Lakin sözügedən aktda “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixinə olan kreditor borc qalığı ləğv olunmuş, Respublika Doğum Evinə aid olmayan borc məbləğidir. Həmin borcun PHŞ-yə aid olmadığı üçün öhdəlik kimi qəbul edilmir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı tərəfindən iş materiallarına elektron qaimələr, hesab-fakturalar və ödəniş tapşırıqları əlavə edilmişdir.

12. xx.xx.2023-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, “Respublika Perinatal Mərkəzi” PHŞ-nin (abonent kodu: **********00000) qeyd edilən tarixə ümumilikdə borcu 56507,41 manat (sayğac oxunması: 203840,65 manat + aktlar: 75611,40 manat – ödəmələr: 222944,64 manat = son borc: 56214,16 manat) təşkil edir. Eləcə də, sözügedən abonent saldosundan görünür ki, 2010-cu ilin iyun ayının əvvəlinə qalıq borc 56878,10 manat təşkil edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

16. İddia tələbi cavabdeh tərəfindən iddiaçıya hesablanan mənbəyi məlum olmayan 56214,15 manat borcun silinməsindən ibarətdir.

17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, məhkəməyə təqdim olunmuş abonent saldosundan görünür ki, 2010-cu il iyun ayının əvvəlinə sərfiyyata görə borcun məbləği 56878,10 manat olaraq qeyd edilmişdir. İllər üzrə təbii qaz sərfiyyatı hesablanaraq, mütəmadi olaraq ödənişlər edilsə də, 2010-cu il iyun ayının əvvəlinə qalıq borc kimi göstərilən məbləğ müəyyən fərqlərlə hazırkı vaxtadək ödənilməmiş qalmışdır. “Respublika Perinatal Mərkəzi” PHŞ sonradan yaradılsa, tərəflər arasında sonradan müqavilə bağlansa da, həmin borc abonentə məxsus hesabda əks olunmuş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış hesab-fakturalarda iddiaçıdan cari ay üzrə borcla yanaşı, həmin qalıq borc məbləğinin ödənilməsi də iddiaçıdan tələb edilmişdir.

19. Tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarında iddiaçı tərəfindən mübahisəli borc qalığının ləğv olunmuş, Respublika Doğum Evinə aid olmayan borc məbləği olduğu, həmin borcun PHŞ-yə aid olmadığı üçün öhdəlik kimi qəbul edilmədiyi qeyd olunmuş, sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. Cavabdeh tərəf məhkəmə iclasında iddia tələbini qəbul etməyərək mübahisəli borc məbləğinin debitor borc olduğunu bildirmiş, lakin məhkəmə icraatının gedişində həmin borc məbləğinin yaranma mənbəyi, dövrü barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

21. Belə olan təqdirdə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair iddia qismən təmin edilməli, qaz sərfiyyatına görə hesablanmış 54893,36 manat (əlli dörd min səkkiz yüz doxsan üç manat otuz altı qəpik) məbləğində borc “Respublika Perinatal Mərkəzi” X2 **********00000 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.

22. Məhkəmə belə qənaətə gələrkən nəzərə almışdır ki, mübahisəli borc məbləğindən müəyyən vaxtlarda bir sıra ödənişlər edilmiş, 2017-ci ilin sonuna qalıq borc məbləği 54893,36 manat təşkil etmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, yaranma mənbəyi, dövrü müəyyən olmayan borcdan qalan 54893,36 manat məbləğində borc “Respublika Perinatal Mərkəzi” X2 **********00000 saylı abonent hesabından silinməlidir.

23. Eləcə də, iddiaçı 400 manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, Cavabdehndən 400 (dörd yüz) manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 54893,36 manat (əlli dörd min səkkiz yüz doxsan üç manat otuz altı qəpik) məbləğində borc “Respublika Perinatal Mərkəzi” X2 **********00000 saylı abonent hesabından silinsin. Cavabdehndən mediasiya xərci olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul iddiaçı “Respublika Perinatal Mərkəzi” X2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar