Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-342/2024 18.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi, sayğacsız dövrdə hesablamanın qaydası, sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (əri) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus **********00000 saylı abonent koduna hesablanmış 471,20 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektini kafe kimi işlədir. Həmin qeyri-yaşayış obyektinə qaz xətti çəkilmişdir və iddiaçı ilə cavabdehin Binəqədi Qaz istismar idarəsi arasında qeyri-yaşayış obyektinə qaz xəttinin çəkilməsinə dair xx.xx.2007-ci il tarixli 989 nömrəli təbii qaz təchizatı haqqında müqavilə bağlanmışdır. Həmçinin cavabdeh tərəfindən obyektin bayır hissəsinə mexaniki qaz sayğacı quraşdırılmış və **********00000 saylı abonent kodu verilmişdir. 2.2. 2018-ci ilin oktyabr ayında cavabdehin əməkdaşları iddiaçı xəbəri və iştirakı olmadan obyektə gələrək ona məxsus **********00000 saylı abonent kodu olan qaz sayğacına texniki baxış keçirmiş, sayğacı çıxararaq aparmışlar və qazın verilişini boru vasitəsilə həyata keçirmişlər. 30 noyabr 2018-ci il tarixində sayğacı gətirib quraşdırmış və sayğacın çıxarıldığı gündən quraşdırıldığı günə qədər 1 aylıq təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib etmiş və guya müəyyən etmişlər ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən obyektdə qaz sayğacına baxış keçirən zaman sayğacın işləmədiyi aşkar edilmişdir. Buna görə də 2356 kub metr qaz sərfiyyatının olduğu və 471,20 manat qaz borcu olduğunu qeyd etmişlər. 2.3. Cavabdeh tərəfindən verilmiş abonentin saldosuna əsasən iddiaçıya məxsus **********00000 saylı abonent kodunun 2018-ci ilin 11-ci ayı üçün 471,20 manat qaz borcu vardır. Lakin 2018-ci ildən bu günə qədər cavabdeh 471,20 manat qaz borcunun iddiaçıdan alınması üçün məhkəmədə iddia qaldırmamışdır. Göstərilənlərə əsasən, cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus **********00000 saylı abonent koduna hesablanmış 471,20 manat borc silinməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Qaz təchizatı haqqında” Qanun) 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 373.2-ci maddəsi göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – əri Nümayəndə2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ayrı-ayrı şəxslərə icarəyə verilərək kafe kimi fəaliyyət göstərirdi. 2018-ci ilin oktyabr ayında sayğac çıxarılmış və yoxlamaya aparılmışdır. Təqribən bir ay müddətində iddiaçının icarəçisi qazdan sayğacsız istifadə etmişdir. Sayğac yenidən quraşdırıldıqdan sonra məlum olmuşdur ki, cavabdeh akt əsasında 471,20 manat məbləğində borc hesablamışdır. Halbuki iddiaçının əvvəlki aylardakı sərfiyyatı o qədər təşkil etməmişdir, bir aylıq dövr üçün 471,2 manat sərfiyyat ağlasığmazdır. Bundan sonra iddiaçı bir neçə dəfə cavabdehə müraciət etmiş, hər dəfə borcun silinəcəyi bildirilmişdir. Lakin borc silinməmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsi satılmışdır, lakin iddiaçının qaz təchizatı üzrə borcu qaldığından alıcının adına qeydiyyat aparıla bilmir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, 2018ci il tarixdə sayğac çıxarıldıqdan yenidən quraşdırılanadək qazdan istifadə edilmişdir.
7. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllə: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Borcun silinməsi tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. Məhkəməyə təqdim edilən iddiaçı (Paylayıcı qismində) ilə İddiaçı (İstehlakçı qismində) arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2012-ci il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
12. Həmin müqavilənin 4.4-cü bəndindən görünür ki, iddiaçının qaz sayğacı xx.xx.2018-ci il tarixdə quraşdırılmış “G-4” markalı 05025268 nömrəli (plomb nömrəsi – ********) sayğacdır.
13. İş materiallarına əlavə edilən xx.xx.2018-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçının istifadəsində olan “Elster” tipli “G-4” markalı 05025268 nömrəli sayğac (çıxarılma tarixinə mexaniki göstəricisi – 36623 kub metr) sərfiyyatı qeyd etmədiyi üçün çıxarılmışdır.
14. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, “İtron” tipli “G-4” markalı 1402AZ**********81 nömrəli sayğac (quraşdırılma tarixinə mexaniki göstərici – 05141, plomb nömrəsi ********) müvəqqəti olaraq quraşdırılmışdır.
15. Məhkəməyə təqdim edilən iddiaçı (Paylayıcı qismində) ilə cavabdeh (İstehlakçı qismində) arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
16. Həmin müqavilənin 4.4-cü bəndindən görünür ki, iddiaçının qaz sayğacı xx.xx.2018-ci il tarixdə quraşdırılmış “G-4” markalı 1402AZ**********81 nömrəli (plomb nömrəsi – ********) sayğacdır.
17. Məhkəməyə təqdim olunan 30 noyabr 2018-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, qaz sayğacı işləmədiyinə görə çıxarılmış, müvəqqəti rezin borcu ilə bərpa olunmuş, sayğacsız dövrdə hesablanmış qaz sərfinin miqdarı 2356 kub metr, məbləği isə 471,2 manat təşkil edir.
18. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qaz kəmərlərinə texniki baxışın keçirilməsi haqqında bildirişdən (bildiriş iddiaçı tərəfindən imzalanmışdır) görünür ki, iddiaçıdan balansında olan qaz kəmərlərinə və üzərindəki avadanlıqlarına 30 təqvim günü ərzində texniki baxışın keçirilməsini, bu sahədə fəaliyyəti müvafiq standartlara cavab verən və ixtisaslaşmış, xüsusi icazəsi (lisenziyası) olan hüquqi və ya fiziki şəxs tərəfindən təmin etməyi, texniki baxışın nəticələrinə dair aktı 10 təqvim günü ərzində Cavabdeh İBnin müvafiq şöbəsinə təqdim etmə tələb olunmuş, əks təqdirdə qaz təchizatının dayandırılacağı bildirilmişdir.
19. Cavabdehin iddiaçıya ünvanladığı 09 oktyabr 2023-cü il 14-2-2/2-4999/2023 nömrəli məktubdan görünür ki, iddiaçının qaz sayğacının xx.xx.2018-ci il tarixdə növbəti dövlət yoxlamasına göndərildiyi, qaz sayğacının dövlət yoxlamasında olduğu dövrdə akt tərtib edilərək 417,2 manat qaz sərfiyyatının hesablandığı və hesaba daxil edildiyi göstərilmişdir.
20. **********00000 nömrəli abonentin saldosundan (xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixli çıxarışlardan) görünür ki, 2018-ci ilin 11-ci ayında akt əsasında iddiaçıya 471,20 manat məbləğində borc hesablanmış, 2018-ci ilin 9-cu ayı üçün mexaniki göstərici 36623, 10-cu ayı üçün mexaniki göstərici 5141, 11 -ci ay üçün mexaniki göstərici 0 olmuşdur.
21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçıya məxsus sayğac xx.xx.2018-ci il tarixdə sərfiyyatı qeyd etmədiyi əsası ilə dövlət yoxlamasına aparılmış, sonuncuya 30 noyabr 2018-ci il tarixli aktla “sayğacın olmadığı dövr üçün” 471,2 manat məbləğində borc hesablanmışdır.
22. İddiaçı qeyd edilən borc məbləğinin əsassız hesablandığını, əvvəlki sərfiyyata uyğun olmadığını bildirir və silinməsini tələb edir.
23. Cavabdeh mübahisə ilə bağlı onda olan sübutları təqdim edir, lakin məhkəmə iclaslarında iştirak etmir, təqdim etdiyi sübutlarla bağlı izahatlar vermir.
24. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Əvvəla qeyd edilməlidir ki, “Elster” tipli “G-4” markalı 05025268 nömrəli sayğacın çıxarılması səbəbi kimi xx.xx.2018-ci il tarixli ******* nömrəli aktda sərfiyyatın qeydə alınmaması, 09 oktyabr 2023-cü il 14-2-2/2-4999/2023 nömrəli məktubda isə növbəti dövlət yoxlaması göstərilmişdir.
26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
27. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
28. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.
29. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
30. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
31. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
32. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
33. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
35. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
36. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalıdır. Lakin cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Təqdim edilən xx.xx.2018-ci il tarixli qaz kəmərlərinə texniki baxışın keçirilməsi haqqında bildiriş isə sayğaca 30 gün ərzində texniki baxışın keçirilməsini təklif etməklə bərabər təqdim edildiyi tarixdə sayğac artıq 11 gün idi ki, dövlət yoxlaması üçün çıxarılmışdı.
37. Bundan başqa, Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edilən Qanunda və Qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır.
38. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
39. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması zamanı qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsinin dayandırılmadığı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması nəzərdə tutulmuşdur.
40. Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, cavabdehin təqdim etdiyi sübutlar özü-özlüyündə biri-biri ilə ziddiyyət təşkil edir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* nömrəli aktla çıxarılan “Elster” tipli “G-4” markalı 05025268 nömrəli sayğacın əvəzinə xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında “İtron” tipli “G-4” markalı 1402AZ**********81 nömrəli sayğac quraşdırılmış, sonuncunun quraşdırılması həmin tarixdən bir həftə sonra bağlanan xx.xx.2018-ci il tarixli müqavilənin 4.4-cü bəndi ilə də təsdiqlənmişdir. “İtron” tipli “G-4” markalı 1402AZ**********81 nömrəli sayğac quraşdırılarkən sayğacın mexaniki göstəricisi 05141 olmuş, bu göstərici abonent saldosunda da 2018-ci ilin 10-cu ayı üçün olan sətrin müvafiq xanasında göstərilmişdir. Lakin 30 noyabr 2018-ci il tarixli ******* nömrəli aktla hesablanmış qaz sərfinin məbləğinin nə üçün “İtron” tipli “G-4” markalı 1402AZ**********81 nömrəli sayğaca əsaslanmadığı və ya nəyə əsaslandığı, ümumiyyətlə, əks olunmamışdır. Halbuki cavabdehin təqdim etdiyi sənədlərdən iddiaçının qeyri-yaşayış sahəsinin cəmi 4 gün, yəni xx.xx.2018 – xx.xx.2018ci il dövrlərində sayğacsız qaldığı müəyyən olunur. Belə olan halda 08 oktyabr 2018-ci il tarixdən qaz sərfi “İtron” tipli “G-4” markalı 1402AZ**********81 nömrəli sayğac əsasında hesablanmalı, yalnız 4 gün üçün sayğacdan kənar hesablama tətbiq edilməli idi.
41. 30 noyabr 2018-ci il tarixli ******* nömrəli akt üzrə hesablanan 471,2 manat qaz sərfinin hüquqi əsasının olmaması abonent saldosundan da açıq-aşkar görünür. Belə ki, 2010-cu ayın 6-cı ayından etibarən saldoya nəzər saldıqda görünür ki, heç bir əvvəlki iki ayda sərfin məbləği bu qədər təşkil etməmişdir.
42. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdehin nümayəndələri də hər hansı məhkəmə iclasında iştirak edərək 30 noyabr 2018-ci il tarixli ******* nömrəli akt üzrə hesablamanın hüquqi və faktiki əsası ilə bağlı hər hansı arqument irəli sürməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
43. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
44. Qeyd edilən səbələrdən məhkəmə 30 noyabr 2018-ci il tarixli ******* nömrəli aktı qanunsuz və əsassız, həmin akt əsasında hesablanan borc məbləğini də hüquqi qüvvəsi olmayan hesab edir.
45. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi izahatdan məlum olur ki, xx.xx.2018 – xx.xx.2018-ci il tarixlərində təbii qazdan istifadəyə davam edilmişdir.
46. Belə olan halda məhkəmə hesab edir ki, 2017-ci ilin analoji dövrünə uyğun olaraq qaz sərfi hesablanmalıdır. Bu mənada **********00000 nömrəli abonentin saldosundan görünür ki, 2017-ci ilin 10-cu ayı üçün sərfin məbləği 69,20 manat, 11 ayı üçün 25,6 manat olmuşdur. Bu halda iddiaçının xx.xx.2018 – xx.xx.2018-ci il tarixlərini əhatə edən qaz sərfinin məbləği 88,1 manat təşkil edir (62,9/31*28+25.6=88,1).
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 noyabr 2018-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 383,10 (471,2-88,1) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
48. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00829 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 20 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
51. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
52. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
53. Bundan başqa, elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 5 manat, ********** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 5 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 16 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00000 nömrəli abonent koduna 30 noyabr 2018-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 383 (üç yüz səksən üç) manat 10 (on) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8 (səkkiz) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 16 (on altı) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova