Məhkəmə qərarları › İş №e-2-2(113)-358/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-358/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-358/2021 05.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndələri X5 və X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, akt əsasında itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 5.555 manat məbləğində əlavə sərfiyyat məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə iddiaçının “X15” filialında cavabdehin nümayəndələri tərəfindən 007624 saylı akt tərtib edilmişdir. Akta əsasən filialda 0,4 KV-luq qapalı qurğulara quraşdırılmış kompensasiya qurğularının işlək olması səbəbindən filialın elektrik uçot hesabat sayğacının sərfiyyatının az hesablanması və nəticədə 110/35/6 KV-luq Şirvan şəhəri “Cənub” Y/stansiyanın 35 KV-luq çıxışına quraşdırılmış sayğacda qeyri-balansın yaranması müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktı əsassız hesab edir. Belə ki, 110/35/6 KV-luq “Cənub” Y/stansiyasından çıxan 757 və 758 saylı KV-luq hava xətləri iddiaçının “X15” filialına məxsus sərbəst xətlər deyil, həmin hava xətləri Sabirabad rayonunun ərazisinə qədər uzanır. Halbuki iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş xx.xx.2008-ci il tarixli balans mənsubiyyəti sərhədi aktında “X15” filialının 757 və 758 saylı 2 dövrəli 35 KV-luq hava xəttinin 22-ci anker dayağından budaqlanma götürməklə şəbəkəyə qoşulduğu göstərilmiş və elektrik uçot hesabat sayğacı aktla müəyyən olunmuş balans mənsubiyyəti sərhədində quraşdırılmışdır. Yəni 110/35/6 KV-luq “Cənub” Y/stansiyasının 35 KV-luq bölməsinə quraşdırılmış uçot hesabat sayğacının hesabladığı sərfiyyatın və istehlakçı ilə enerji təchizat müəssisə arasında yaranmış qeyri-balansın cavabdehə heç bir aidiyyatı ola bilməz. Beləliklə, 35 KV-luq 757 və 758 saylı hava xətləri “X8 Elektrik Şəbəkəsi”-nin balansında olduğu üçün, xətdə yaranmış bütün texnoloji itkilərin, qeyri-balansın məsuliyyətini “X8 Elektrik Şəbəkəsi” daşıyır. Bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3” Qaydalarında öz əksini tapmışdır. Belə ki, həmin Qaydaların 7.13-cü bəndinə əsasən, hesablaşma elektrik sayğacları elektrik şəbəkələrin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə görə xətdə yaranmış qeyri-balansın məsuliyyəti “X15” filialının üzərinə düşə bilməz. Eyni zamanda, hazırki iddia ərizəsinə əlavə edilmiş 2019-cu ilin mart ayından 2020-ci ilin avqust ayına qədər olan “Cənub” Y/stansiyası ilə “X15” filialının elektrik uçot hesabat sayğacları arasındakı sərfiyyət fərqlərindən müəyyən etmək olar ki, 2020-ci il may ayına qədər sayğaclar arasında qeyri-mənfi balans olub və iddiaçının balansında mövcud olan sayğac cavabdehin sayğacından çox sərfiyyat yazıb. Onda, belə çıxır ki, cavabdehin X11 Şəbəkəsinin filialımıza borcu yaranmışdır. Həmçinin, sərfiyyatda mənfi qeyri-balans ola bilməz. Belə ki, bu onu göstərir ki, şəbəkənin sayğacı xəta ilə işləyir. Eyni zamanda, iddiaçının balansında olan xəttə qeyri-balansın mövcudluğu ilə bağlı bu günə qədər şəbəkənin balans mühəndisi və hava xəttinin sayğaclar üzrə mühəndisi tərəfindən rəsmi qaydada iddiaçıya xəbərdarlıq olunmayıb və araşdırma aparılmayıb. İddiaçının filialında yerləşdirilmiş kompensasiya qurğuları tam qaydasında fəaliyyət göstərir və bunun aktiv sayğacın bucaqlarına təsiri mümkünsüzdür. Belə ki, cavabdeh iddiaçının filiallarında kompensasiya qurğularının quraşdırılması ilə bağlı rəsmi xəbərdar olduğu zaman, öz işçiləri vasitəsilə fəaliyyət göstərən kompensasiya qurğusunu şəbəkədən açır və bu barədə zəruri akt tərtib edir. Beləliklə, kompensasiya qurğuları işlək vəziyyətdə reaktiv enerjini şəbəkəyə geri itələdiyi üçün, cərəyan enir və sərfiyyatda müsbət fərq əmələ gəlir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiaçıya elektrik enerjisinin verilməsinin dayandırılmasının “xxxx” ASC-yə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı MMC-nin “X15” Filialına (abonent kodu **********8) elektrik enerjisinin verilməsinin hazırkı iddianın predmeti olan xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 5555 manat məbləğində borcla bağlı dayandırılması cavabdeh “xxxx” ASC-yə qadağan olunmuş, qalan hissədə ərizə rədd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - xx.xx.2008-ci il tarixli aktdan görünür ki, 110/35/6 kv-luq Cənub y/st-dan çıxan 35kvluq Yağ-piy (MEZ) y/st-sı və həmin y/st-nı doyduran budaqlanmanın istehlakçı ilə enerji təchizatçı arasındakı balans sərhədi 35 kv-luq 757 və 758 saylı iki dövrəli h/x-nin 22 saylı anker dayağında budaqlanmanın xəttə birləşən bolt birləşməsindən təyin edilir. Belə ki, bolt birləşməsindən 35/6 kv Yağ-piy (MEZ) y/st-dək “xxxx” ASC-nin balansındadır. 35 kvluq 757 və 758 saylı iki dövrəli h/x-ləri isə “X8 Elketrik Şəbəkəsi” MMC-nin balansındadır. - “xxxx” ASC ilə İddiaçı MMC arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 8-ci bəndinə görə enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. 10-cu bəndinə görə hesablaşmalar yalnız tərəflərin elektirk şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişlərinə əsasən aparılır. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyət sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC-nin “Şirvan-Yağ Piy” Filialının Əsasnaməsi ilə müəyyən edilir ki, “Şirvan- Yağ Piy” Filialı İddiaçı MMC-nin tərkibində fəaliyyət göstərən struktur bölməsidir. - xx.xx.2020-ci il tarixli, NDQ 007624 saylı aktdan görünür ki, Şirvan şəhərində yerləşən İddiaçı MMC-yə məxsus Yağ-piy zavodunda elektrik enerjisi uçotu və “X3 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın qoşulma sxemində 0,4 kvts. hissədə kompensasiya qurğusu quraşdırılıb. Kompensator qurğusu avtomat rejimdə quraşdırılsa da, tam kompensasiya vəziyyətində işləyir. Bu səbəbdən sayğac sxemində dəyişikliklər əmələ gəlirdi. Müəssisənin faktiki fəaliyyəti nominal gücünə uyğun olmadığından kompensasiya qurğusu işlək vəziyyətdə qaldığından sayğac keçən yükü düzgün qeyd etmirdi. Xətdə yaranmış itkinin qarşılıqlı hesabatda abonentə təqdim edilməsi tələb edilmiş, kompensasiya qurğusu şəbəkədən ayrılmışdır. - xx.xx.2020-ci il tarixli, NDQ 007624 saylı akt əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli İcra Vərəqindən görünür ki, abonentə 61731 kvt sərfiyyata görə 5.555,00 manat tələb edilməsi qərara alınmışdır. - 110/35/6 kv-luq Cənub y/s-dan çıxan 35 kv-luq 757 saylı hava xəttinin sxemindən müəyyən edilir ki, Cənub y/s-dan çıxan 35 kv-luq 757 saylı hava xətti iddiaçının “X15” filialına məxsus sərbəst xət deyil, iddiaçının “X15” filialından keçdikdən sonra xəttdən bir neçə budaqlanma ayrılır. -“xxxx” ASC tərəfindən göndərilmiş xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, müəssisənin istifadə edilmiş elektrik enerji sərfinə görə 5.555,79 manat məbləğində debitor borcu vardır. Ödənilməmiş borca görə müəssisənin enerji təchizatı xəbərdarlıq edilmədən xx xxxxxx 2020-ci il tarixdən etibarən dayandırılacağı bildirilmişdir. - “xxxx” ASC tərəfindən tərtib edilmiş balans hesabından görünür ki, xx.xx.2020xx.xx.2020-ci il aralığında alınan enerji 55.524 kvt, çıxılan enerji 38.920 kvt, fərq 16.604 kvt; xx.xx.2020-xx.xx.2020-ci il aralığında alınan enerji 55.608 kvt, çıxılan 39.760 kvt, fərq 15.848 kvt, xx.xx.2020-xx.xx.2020-ci il aralığında alınan enerji 61.803 kvt, çıxılan enerji 47.600 kvt, fərq 14.203 kvt təşkil edir. - İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, REF/2184/20 saylı məktubdan görünür ki, “xxxx” ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktın ləğv olunması və akta əsasən hesablanmış sərfiyyat məbləğinin silinməsi xahiş edilmişdir. - “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0199/2657 saylı cavab məbtubundan görünür ki, filialın adına bağlı hesablama elektrik sayğacın qoşulma sxemində 0,4 kv. hissədə kompensasiya qurğusu quraşdırılmışdır. Kompensator qurğusu avtomat rejimdə quraşdırılsa da tam kompensasiya vəziyyətində işləmişdir. Bu səbəbdən sayğac sxemində dəyişikliklər əmələ gəlirdi. Müəssisənin faktiki fəaliyyəti nominal gücünə uyğun olmadığından və kompensasiya qurğusu işlək vəziyyətdə qaldığından sayğac keçən yükü düzgün qeyd etməmişdir. -Abunə haqqında məlumatdan görünür ki, abonent İddiaçı MMC-yə xx xxxxxx 2020ci il tarixdə “X3 Qaydaları”nın pozulmasına görə NDQ 007624 saylı akta əsasən 5.555,79 manat məbləğində borc hesablanmışdır. -X2 oğlu məhkəmə verdiyi ifadəsində göstərmişdir ki, “xxxx” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsində aparıcı mühəndis vəzifəsində işləyir. Şirvan şəhərində İddiaçı MMC-yə məxsus sayğaca baxış keçirən zaman qüsur aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Xətdə faydasız enerjini faydalı enerjinə çevirmək üçün kompensasiya qurğusu quraşdırılmışdır. Kompensasiya qurğusu yanılı vəziyyətdə olduğundan sayğacın sxemində dəyişiklik baş vermiş və sayğac sərfiyyatı düzgün qeydə ala bilməmişdir. Kompensasiya qurğusu avtomatik rejimdə işləmirdi, əl ilə yandırılmışdır. Əlavə olaraq bildirdi ki, kompensasiya qurğusu bağlandıqdan sonra sərfiyyat normaya düşdü. Xəta kompensasiya qurğusuna görə yaranmışdır. Kompensasiya qurğusu söndürülməli olduğu halda, yanılı qalmışdır. Mühərrrik işə düşdükdə kompensasiya qurğusu qoşulur. İtki cədvələ görə 4 ay hesablanmışdır. Yarımstansiyadan gedən xətt iddiaçıdan başqa heç bir abonentə getmir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan borc məbləği sayğacın qoşulma sxemində quraşdırılmış kompensasiya qurğusunun tam kompensasiya vəziyyətində işləməsi, nəticədə sayğacın elektrik enerji sərfiyyatını düzgün qeydə almaması ilə əlaqədar yaranmış enerji itkilərinə görə hesablanmışdır. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh “xxxx” ASC iddiaçıya məxsus sayğacın sərfiyyatı düzgün qeydiyyata almaması ilə bağlı yaranmış elektrik enerjisi itkilərini 110/35/6 kv-luq Cənub yarımstansiyasının 35 KV-luq çıxışına quraşdırılmış sayğacın göstəriciləri ilə iddiaçının balansında olan yarımstansiyada quraşdırılmış sayğacın göstəriciləri arasında fərqlərə əsasən hesabladığı halda, Cənub yarımstansiyasından çıxan 35 kv-luq 757 saylı və 758 saylı hava xətlərinin yalnız iddiaçını elektrik enerjisi ilə təmin etməsini, həmin xətt üzərində iddiaçıdan başqa abonentin olmamasını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 110/35/6 kv-luq Cənub y/s-dan çıxan 35 kv-luq 757 saylı hava xəttinin sxemindən müəyyən edilir ki, sözügedən hava xətti iddiaçının “X15” filialının qoşulduğu 22-ci dayaqdan sonra davam edir və xətdən bir neçə budaqlanma ayrılır. Belə olan halda isə həmin xətdən keçən elektrik enerjisindən yalnız “X15” filialının istifadə etməməsi açıq-aşkardır. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 7.13-cü bəndinə görə hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. İş materiallarından olan balans sərhədi aktından isə görünür ki, Cənub yarımstansiyasından çıxan 35 kv-luq 757 və 758 saylı iki dövrəli h/x-ləri abonent “xxxx” filialının deyil, “X8 Elektrik Şəbəkəsi” MMC-nin balansındadır. Belə olan halda isə həmin xətlərdə baş vermiş elektrik enerji itkilərinin abonentdən tələb edilməsi "X3 Qaydaları”nın 7.13-cü bəndinə və tərəflər arasında bağlanmış elektrik enerjisi alqı-satqı müqaviləsinin 10-cu bəndinə də ziddir. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 8. 34-cü bəndinə görə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi “xxxx” ASC elektrik enerjisi ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “xxxx” ASC-nin əməkdaşları tərəfindən xətdə itkilərin səbəblərini müəyyən etmək məqsədilə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC-nin “X15” Filialına cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, NDQ N007624 saylı akta və xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən hesablanmış 5555 (beş min beş yüz əlli beş) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin “X15” Filialına cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, NDQ N007624 saylı akta və xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən hesablanmış 5555 (beş min beş yüz əlli beş) manat məbləğində borc silinsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar