Məhkəmə qərarları › İş №e-2-2(113)-3588/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3588/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3588/2023 06.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi və s.) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən LPO İddiaçı ASC-yə əsassız olaraq hesablanmış 8.304,15 manat pulun silinməsi və LPO İddiaçı ASC-dən qanunsuz olaraq tutulmuş 980 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 21 may 2014-cü il tarixli, 440397 nömrəli müqavilə üzrə LPO İddiaçı ASC-nin Şirvan filialına su xətti üzərində Türkiyə istehsalı olan Alfasu-20 markalı, 49805537 nömrəli smart tipli su sayğacı quraşdırılmışdır. 27 yanvar 2021-ci il tarixdə həmin sayğac qanunsuz çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X3 İdarəsinə aparılmış, bankın nümayəndəsinin iştirakı olmadan sayğac üzərində yoxlama keçirilmiş və bununla bağlı 05 fevral 2021-ci il tarixli 05537/0070082 nömrəli rəy tərtib edilmişdir. Cavabdeh ASC tərəfindən nümayəndəmizin iştirakı olmadan sayğacın laboratoriya yoxlamalarını qəbul etmirik. Cavabdeh ümumiyyətlə vəzifə öhdəliklərini yerinə yetirməmişdir, belə ki, ildə bir dəfə sayğac laboratoriyadan keçirilməli və 5 ildən bir dəyişdirilməlidir. ”Azərsu” ASC-nin hərəkətsizliyi nəticəsində baş vermiş texniki nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Cavabdeh ASC tərəfindən LPO Banka su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2927 m3 olmaqla 8304,14 manat borcun olduğu bildirilmişdir. Rəydə göstərilmişdir ki, smart-kart tipli su sayğacın (istehsal tarixi: 2014, Marka:Alfasu/H, Sayğac № 49805537, Plomb № B1/B112192, Sayğacın quraşdırılması tarixi: xx.xx.2015) elektron platası normal işləmir, mexaniki hissəsi isə işlək vəziyyətdədir və hesabat mexaniki göstəriciyə əsasən aparıla bilər. Bildiririk ki, LPO Bankın Şirvan filialına quraşdırılmış su sayğacı smart-kart tipli olduğu üçün Şirvan Sukanal İdarəsi tərəfidən təqdim edilmiş hesab faktura əsasında karta pul köçürülərək su sayğacına yüklənmişdir. Smart-kart tipli su sayğacının elektron platasının işləməməsinə görə Sudan istifadə qaydalarına görə istehlakçıya məsuliyyət nəzərdə tutulmamışdır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, təqsirli hərəkət nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmir və eyni zamanda Şirvan Sukanal İdarəsinin nümayəndələri tərəfindən Türkiyə istehsalı olan Alfasu-20 markalı, 49805537 nömrəli smart tipli su sayğacına baxış keçirilməsi və qanunsuz çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X3 İdarəsinə aparılması yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Bundan başqa Cavabdeh ASC-nin "xxxx" MMC-nin X5 İdarəsinə hər ay LPO İddiaçı ASC-yə hesab faktura təqdim edərək LPO Bankdan içməli suya görə 50 (əlli) manat, kanalizasiya xidmətinə görə 50 (əlli) manat ümumilikdə 100 (bir yüz) manat pul tələb edir. LPOİddiaçı ASC hər ay həmin pulları ödəyir. Lakin, Bank tərəfindən müəyyən olunub ki qeyd olunan pulların 980 (doqquz yüz səksən) manat hissəsi əsassız olaraq borca silinmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

- “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62ci maddəsinin tələblərinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cu il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir.

V. Məhkəmənin mövqeyi və Sübutların tədqiqi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, 21 may 2014-cü il tarixli, 440397 nömrəli müqavilə üzrə LPO İddiaçı ASC-nin Şirvan filialına su xətti üzərində Türkiyə istehsalı olan Alfasu-20 markalı, 49805537 nömrəli smart tipli su sayğacı quraşdırılmışdır. 27 yanvar 2021-ci il tarixdə həmin sayğac çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X3 İdarəsinə aparılmış, sayğac üzərində yoxlama keçirilmiş və bununla bağlı 05 fevral 2021-ci il tarixli 05537/0070082 nömrəli rəy tərtib edilmişdir.

8. İş materiallarına əlavə olunmuş 05 fevral 2021-ci il tarixli 05537/0070082 nömrəli rəydə qeyd olunmuşdur ki, sayğacın elektron platası normal işləmir, mexaniki hissə işləkdir, hesabat mexaniki göstəriciyə əsasən aparıla bilər, batareya işlək deyil, sayğac təmirə yararlıdır, suölçən cihaz istismara yararsızdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, 05 fevral 2021-ci il tarixli 05537/0070082 nömrəli rəy ilə razı olmadıqlarını bildirmişdir.

10. Cavabdeh elektron qaydada məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, abonent bazası ilə sayğac üzərindəki göstəricinin qarşılaşdırılması nəticəsində abonent tərəfindən istifadə olunmuş, lakin abonent bazasında öz əksini tapmamış və abonent tərəfindən haqqı ödənilməmiş 4236 kub metr sərfiyyatın olması aşkar edilmişdir. Bunu nəticəsində abonentə 8472 manat (4236 kub metr x 2 manat = 8472 manat) məbləğində borc hesablanmışdır. Həmin borc iddiaçının faktiki olaraq sudan istifadə etməsi üzrə yaranmış borc məbləğidir. Hal-hazırda da iddiaçı həmin sayğacdan istifadə edərək hesablanmış xidmətlərin dəyərini ödəyir. Abonentin hesabat cədvəlində öz əksini tapmış sərfiyyatlar və həmin sərfiyyatlar üzrə ödənişlər 2015-ci il -771 kub metr (1000 manat ödəniş), 2016-cı il – 326 kub metr (600 manat ödəniş), 2017-ci il – 325 kub metr (710 manat ödəniş), 2018-ci il – 330 kub metr (600 manat ödəniş), 2019-cu il – 300 kub metr (700 manat ödəniş), 2020-ci il – 200 kub metr (350 manat ödəniş) təşkil edir. Bundan başqa, cavabdeh qeyd etmişdir ki, ön ödənişli smart-kart tipli sayğaclardan adından göründüyü kimi qabaqcadan ödəniş edilməklə sudan istifadə etmək mümkündür və ön ödənişli olduğu üçün mexaniki sayğac istehlakçılarından fərqli olaraq Qaydaların tələbinə əsasən hər ay istehlakçıya bildiriş təqdim edilməsi məcburi deyildir. Ön ödənişli smart-kart tipli sayğaclar 2 hissədən ibarət olur: elektron sərfiyyat hissə və mexaniki sərfiyyat hissə. İlk öncə, sayğac kartına müvafiq terminallarda pul yatırılır, sonra dəyəri ödənilmiş su sayğacın elektron hissəsi vasitəsi ilə sayğaca yüklənir. Elektron hissə yüklənmiş su həcmi qədərində sayğacın mexaniki hissəsinə impuls ötürür. Yüklənmiş su həcmi bitdikdə elektron hissə mexaniki hesablama mexanizmi ilə arasında olan klapanı bağlayır. Klapan bağlandığı üçün artıq mexaniki hissəyə su getmir və mexaniki hissə sərfiyyatı hesablamır. Sayğacın elektron hissəsi isə batareya vasitəsi ilə çalışır. Batareyanın gücü bitdikdə və ya sayğacda sistem xətası baş verdikdə elektron hissə işləmir və nəticədə də klapanı bağlamır. Bu zaman elektron hissədə yüklənmiş su həcminin olub-olmamasından asılı olamayaraq klapan bağlanmadığı üçün sayğac avtomatik olaraq mexaniki rejimə keçir və mexaniki hissə işlədilmiş suyun sərfiyyatını hesablayır. İş üzrə də bu hal baş verdiyi üçün iddiaçının istifadə etdiyi xidmətlərin dəyəri sayğacın mexaniki göstərcisinə əsasən hesablanmışdır. Bu halda ön ödənişli smart-kart tipli sayğacın mexaniki sərfiyyat hissəsi ilə adi mexaniki sayğacın heç bir fərqi yoxdur, eyni funksiyanı həyata keçirirlər, yəni ön ödənişli smart-kart tipli sayğacın mexaniki hissəsi adi mexaniki sayğac kimi istifadə edilən suyun həcmini ölçür, hesabat da mexaniki hissəyə uyğun aparılır.

11. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, 2021-ci ilin aprel ayına 4236 kub metr sərfiyyat üzrə 8.522 manat borc hesablanmışdır. Qeyd edilməlidir ki, 27 yanvar 2021-ci il tarixdə həmin sayğac çıxarılarkən sayğacın mexaniki hissəsinin göstəricisi 7093 kub metr qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş ən son nüsxədə olan abonent saldosundan görünür ki, iddiaçının sayğacının mexaniki hissəsinin göstəricisi 7373 kub metr olmuşdur.

12. Yəni hesablanmış borc məbləği məhz sudan istifadə üzrə yaranmış borc məbləğidir. Yəni iddiaçının silinməsini tələb etdiyi borc məbləği hər hansı bir akt əsasında və yaxud hər hansı bir müdaxilə və kənar qoşulma əsasında itirilmiş suyun pulunu deyil, yalnız istifadə olunmuş suyun pulunu təşkil edir.

13. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı tərəf həm də, sayğacın mexaniki hissəsində olan göstəriciyə uyğun olaraq müvafiq ödənişlərin edilməsini də, sübut edə bilməmişdir.

14. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassızdır və rədd olunmalıdır.

VI. Nəticə:

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və pulun geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar