Məhkəmə qərarları › İş №e-2-2(113)-3619/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3619/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3619/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Sumqayıt Su-Kanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 600610 nömrəli akta əsasən hesablanmış 3740 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsi ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (kafe) su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 44031001 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsində sudan sayğac vasitəsilə istifadə etmiş və dəyərini ödəmişdir. 2022-ci ilin oktyabr ayında Sumqayıt Su-Kanal İdarəsinin nümayəndələri sudan istifadəyə görə xx.xx.2022-ci il tarixə 5032 manat borcun olduğunu bildirmişdir. Qeyd olunan borc məbləğinin araşdırılması üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinə müraciət etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları sudan qanunsuz istifadə etdiyi üçün xx.xx.2022-ci il tarixdə 600610 nömrəli aktı tərtib edildiyini, bu səbəbdən də cərimə hesablandığını bildirdilər və qeyd olunan aktın surətini ona verdilər. Təqdim olunan aktda guya qeyri-yaşayış obyektində d=20 mm-lik plasmast boru vasitəsilə sayğacdan keçmədən sudan qanunsuz istifadə etməyi qeyd olunmuşdur. Akt tərtib olunarkən məlumatı olmamış və iştirakı təmin edilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş akta əsasən 3740 manat cərimə hesablanmışdır. Cavabdeh hesablanmış məbləği ödəməyi tələb edərək, su təchizatını dayandıracağını bildirir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

4. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunun maddələrinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad olunmuşdur.

Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi və izahatında bildirdi ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı xidmətlər göstərilmişdir. Cavabdeh ASC-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus obyektə baxış keçirən zaman su xəttinə qanunsuz qoşulmanın olduğunu aşkarlamışlar və bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı tərəf həmin aktı imzalamaqdan imtina etmişdir. Akta əsasən itirilmiş su sərfiyyatının dəyəri müəyyən edilmişdir. İddia tələbi əsassızdır və itirilmiş su sərfiyyatının dəyəri iddiaçı tərəfindən ödənilməlidir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi və İddiaçı arasında imzalanmış “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının təlabatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartlarının tələblərinə uyğun, məişət (təsərrüfat)- içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. 3.3-cü bəndə əsasən müəssisə istehlakçısının su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametrin d=20 mm olan boru vasitəsilə həyata keçirilir.

8. Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli qanunsuz istifadə fakturasında 3740 manat borcun ödənilməsi tələb edilmişdir.

9. X1 barəsində tərtib edilmiş 22 avqust 2022-ci il tarixli, 600610 nömrəli aktdan məlum olur ki, obyektin su sayğacına və su və kanalizasiya xətlərinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, obyektdə su sayğacından keçməyən d=20 politilen xətlə sudan qeyriqanuni istifadə edilir.

10. İddiaçı (abonent kodu: ********) ətraflı abonent kartı məlumatı çıxarışından məlum olur ki, xx.xx.2022-ci il tarixində su sayğacı yoxlanılmış, xx.xx.2022-ci il tarixində 3740 manat cərimə hesablanmışdır.

Tətbiq edilən hüquq

11. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

Məhkəmənin mövqeyi

13. İddia tələbi Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 600610 nömrəli akta əsasən hesablanmış 3740 manat məbləğində borcun silinməsindən ibarətdir.

14. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

15. Belə ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

16. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, 600610 nömrəli akt üzrə hesablanmış 3740 manat məbləğində borc silinməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 600610 nömrəli akt əsasında hesablanmış 3740 (üç min yeddi yüz qırx) manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar