Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-366/2024 26.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Kommersiya MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh İstehsalat Kommersiya MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azəriqaz” İB (bundan sonra – iddiaçı) Cavabdeh İstehsalat Kommersiya MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 120726,40 manat borcun, 400 manat ödənilmiş mediasiya xərcinin və dövlət rüsumuna görə ödənilmiş 10,73 manat məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 62733,01 manat borcun, 400 manat ödənilmiş mediasiya xərcinin və dövlət rüsumuna görə ödənilmiş 10,73 manat məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, ***-**-** saylı müqavilə əsasında Cavabdeh İK MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir və nəticədə 120726,40 (yüz iyirmi min yeddi yüz iyirmi altı manat, qırx qəpik) borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.
4. Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı İB xx.xx.2017-ci il tarixdə 1 il müddətinə Cavabdeh İKF ilə bağlanmıç ***-**-** saylı müqaviləyə istinad edərək 2010-cu ilin iyun ayından 2022-ci ilin oktyabr ayına kimi 12 il ərzində toplanmış 120 726,40 manat borc məbləğini cavabdehdən tələb edərək eyni zamanda 410,73 manat dövlət rüsumunu da tələb etmişdir. İlkin olaraq bildiririk ki, həmin qaz sayğacının quraşdırıldığı ünvan və bina "xxxx" ASC-yə məxsusdur (çıxarış əlavə edilir) Cavabdehlə cəmi 1 il müddətinə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi iddiaçı müqavilə bağlamışdır ki, həmin müddət ərzində Cavabdeh İKF "xxxx" ASC ilə icarə münasibətində həmin dövr ərzində olmuşdur və həmin sayğac da müvəqqəti olaraq Cavabdeh İKF adına qeyd edilmişdir. Artıq illərdir ki, ümumiyyətlə həmin binaya qaz verilişi dayandırılmışdır və bu barədə "xxxx" ASC-nin də arayışında qeyd edilmişdir. İddiaçı həmin illər ərzində həmin binada Cavabdeh İKF-nın yerləşməsi və sayğacda qeyd edilən qazdan istifadə etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, AR MPM-nin 77.1-ci maddəsinə əsasən sübutetmə vəzifəsi tələb də dəlili irəli sürən şəxsin üzərinə düşür. İddiaçı əvvəlki illər 2010-2017-ci ilin mart ayına kimi və 208-ci ilin mart aından sonra cavabdehlə müqaviləsinin olmasını təsdiq edən sübut təqdim etməmişdir. Məhkəməyə təqdim etdiyimiz RX ******* saylı çıxarışdan görünür ki, Nərimanov rayonu Xətai prospekti 15 ünvanda yerləşən 6 mərtəbəli zirzəmili 8205,7 kv metr ümumi sahsi olan qeyri yaşayış binası xx.xx.2012-ci ildən "xxxx" ASC-nin mülkiyyətində olmaqla torpaqla birlikdə sahiblik istifadə hüquqları ona məxsusdur. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh İKF cəmi 1 il mart 2017-ci ildən mart 2018-ci ilədək "xxxx" ASC-nin binasının bir hissəsində icarədə olmuşdur və sonrakı illərdə müxtəlif hüquqi şəxslərdə icarədə olmuşdur. Eləcə də, iddiaçı iddia ərizəsi verərəkən iddia vermək müddətini ötürmüşdür. xx.xx.2017-ci il tarixdə 1 il müddətinə Cavabdeh İKF ilə bağlanmış ***-**-** saylı müqavilə müddəti artıq çoxdan ötmüşdür
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı borc yalnız sərfiyyat borcudur, cavabdeh tərəfindən 2022-ci ildə təbii qazdan istifadə ilə bağlı yaranmış borcdur. Cavabdeh tərəfindən 2022-ci ilin sentyabr ayından təbii qazdan istifadə edilmir.
7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı və cavabdeh arasında bağlanmış 01 mart 2017-ci il tarixli ***-**-** nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
11. Müqavilənin 2.1.1-ci bəndinə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməlidir.
12. Müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir.
13. Müqavilənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya 2 (iki) dəfə məlumat (hesab) təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əəlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-c il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir.
14. Cavabdehin abonent saldosundan görünür ki, xx.xx.2023-cü il tarixə olan son borcu 120726,40 manat təşkil edir.
15. İddiaçı tərəfindən cavabdehə göndərilmiş hesab-fakturadan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan borc məbləği 120726,40 manat təşkil edir.
16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1078/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı İB-nin Cavabdeh İstehsalat Kommersiya MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdehndən 57.993,39 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
17. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 62733,01 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 62733,01 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab edir, belə ki, hazırkı iddia tələbi ilə bağlı qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmamışdır.
31. Belə ki, cavabdehə məxsus abonent haqqında məlumatdan da görünür ki, yaranmış borc 2022-ci il ərzində təbii qazdan istifadə ilə bağlı yaranmışdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İstehsalat Kommersiya MMC-dən 62733,01 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 63133,01 (altmış üç min bir yüz otuz üç manat bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova