Məhkəmə qərarları › İş №e-2-2(113)-3682/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3682/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3682/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "Azəriqaz" İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X1 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "Azəriqaz" İB-ə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən ona məxsus kafeyə akt əsasında hesablanmış 1134 manat borcun **********00042 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt qaz istismarı sahəsi 31 dekabr 2024-cü il tarixdə cəmiyyətimizə məxsus, Sumqayıt şəhəri, Babək küçəsi, 42 ünvanda yerləşən qeyri-yaşayış obyektinə(kafe) Akt təqdim edərək, sayğacdan əlavə hesablanmış 1134 manat borcumuzun olmasını bildirmiş və borcun ödənilməsini tələb etmişdir (sayğac göstəricisinə görə borc 200 manatdır; cəmi 1334 manat hesablanmışdır) 15 yanvar 2025ci il tarixdə tərəfimizdən Sumqayıt QİS-nə məktubla müraciət edilmişdir. Məktub təqdim olunan zamanı bizə bildirilmişdir ki, cavab 30 (otuz) iş günü ərzində veriləcəkdir. Halhazırda bü günə qədər Sumqayıt QİS tərəfindən məktubla əlaqədar bizə heç bir cavab verilməmişdir. Əksinə, “borcun” ödənilməməsini əsas gətirərək Sumqayıt QİS əməkdaşları qaz təchizatının kəsilməsi ilə hədələyirlər. Aşağıdakı əsaslara görə cavabdehin hərəkətlərini qanunsuz və hesablanmış borcun silinməsini qanuna müvafiq hesab edirik: Adı çəkilən obyektin müvafiq qaz layihəsi alınmış, qaz təchizatı müqaviləsi bağlanmış və qaz sayğacı quraşdırılmışdır. Yəni kafenin qaz təchizatı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara tam uyğun şəkildə həyata keçirilir. Mübahisə olunan borc məbləği Sumqayıt QİS tərəfindən möhür –nömrəsi olmayan, rəhbər şəxsi tərəfindən imzalanmayan Aktla bildirilmişdir. Borc kimi xx.xx.2024-cü tarixinə hesablanmış 1134 manat sayğacdan əlavə (artıq) hesablanmışdır. Yəni sayğacın saz işlək halda olduğuna rəğmən, Sumqayıt QİS onlara bəlli olmayan qaz itkisindən danışır və bu borcun hansı düstüra əsasən çıxarıldığını onlara bildirmir. Sadəcə onlara deyilir ki, “sayğac tam sərfiyyatı hesablamır”. 2 ay ərzində Sumqayıt QİS-nin müxtəlif əməkdaşları ilə danışıqlarda biz dəfələrlə bildirmişik ki, əgər sayğacımızın işində hansısa qüsur varsa, onlar lazımi tədbirlər görməyə(məsələn, yeni sayğac quraşdırmağa) hazırdırlar. Lakin, Sumqayıt QİS hansı hərəkətləri etməli olduğuqlarını onlara bildirməmişdir. Azərbaycanda qəbul olunmuş təcrübədir ki, belə hallarda aidiyyəti kommunal xidmət idarəsi əvvəl xəbərdar edir, tələbə məhəl verilməyəndə cəzalandırıcı sanksiyaları tətbiq edir. Bu günə qədər Sumqayıt QİS səhvin nədən ibarət olduğunu bildirməmişdir. Bu səbəbdən onlarda narahatçılıq əmələ gəlir ki, gələcəkdə onlara qarşı Sumqayıt QİS-nin hesabladığı daha da artıq “borc”un yaranmamasına zəmanət yoxdur. İddia tələbinin hüquqi əsası kimi AR Mülki-Prosessual Məcəlləsinin 4, 77.1, 149, 150-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: xx.xx.2025-ci il tarixli Mirlər MM MMC tərəfindən Sumqayıt Qaz İstismar Sahəsinə göndərilmiş məktubda xx.xx.2024-cü il tarixdə Sumqayıt QİS-nin əməkdaşları tərəfindən təqdim olunmuş Akta qeyd edilənlər barəsində məlumat verilərək, qaz sərfiyyatı itkisinin necə hesablanması qaydası və itki məbləğinin dəqiqləşdirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, istifadədə olan bələdiyəyə məxsus 0,2878 ha torpaq sahəsində, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ünvan 1 ünvanında yerləşən Mirlər MM” MMC-nin xüsusi mülkiyyətində olan ümumi sahəsi 8709,2 m2 olan daşınmaz əmlak **********56-06301 Reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə Sumqayıt qaz istismarı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, qeyri-yaşayış obyektinin sayğac göstəricisinə görə borc 200 manat, əlavə olaraq da 1334 manat borc məbləği qalmışdır. xx.xx.2025-ci il tarixli hesab-fakturada əl yazısı ilə İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixə 1132 manat borc məbləğinin olduğu göstərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdehnə xx.xx.2025-ci il tarixli borcun silinməsi tələbi barədə pretenziya məktubu ünvanlanaraq manat borcun abonent hesabından silinməsinə dair göstəriş verilməsi xahiş edilmiş, əks təqdirdə borcun silinməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 32 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 13.7-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. 13.8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 2.7-ci maddəsinə əsasən qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 2.8-ci maddəsinə əsasən qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına və abonent haqqında məlumata əsasən müəyyən edildi ki, Azəriqaz İB Sumqayıt Qaz İstismarı tərəfindən sahəsi 31 dekabr 2024-cü il tarixdə İddiaçı MMC-yə məxsus, Sumqayıt şəhəri, Babək küçəsi, 42 ünvanda yerləşən qeyri-yaşayış obyektinə (kafe) xx.xx.2023-cü il tarixdə akt təqdim edilərək, sayğacdan əlavə 1134 manat borc məbləği hesablanmışdır. Cavabdeh tərəfindən iddiaya etiraz daxil edilməmişdir. İşin halları və iddiaçı tərəfin izahatı nəzərə alınaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya akt əsasında borc hesablansa da, bu borcun hansı vaxtdan və hansı əsasla, hansı səbəblə hesablanması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdehin iddiaçıa təqdim etdiyi və iddiaçının məhkəməyə verdiyi akt surət olmalqa oxunaqlı olmamış, cavabdeh isə məhkəməyə həmin aktın əslini təqdim etməmiş, ümumiyyətlə iddiaya heç bir münasibət bildirməmişdir. Belə olan halda isə aktın yoxlama nəticəsində tərtib edilməsini, yoxlamanın qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçməsini, borcun nədən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh sübutları (borcun yazılmasına əsas olmuş sənədləri) özündə saxlayıb təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halı, yəni borcun əsassız hesablanmasını müəyyən olunmuş hesab edir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının 1134 manat əlavə sərfiyyata görə yaranmış borcunun olduğu qeyd olunmuş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, 1134 manat borc silinməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Azəriqaz İB tərəfindən İddiaçı MMC-nin **********00042 nömrəli abonent koduna hesablanmış 1134 (min yüz otuz dörd) manat borc silinsin. Ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun əvəzi cavabdeh Azəriqaz İB-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin.. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar