Məhkəmə qərarları › İş №e-2-2(113)-3849/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3849/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3849/2024 27.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamənin rədd edilməsi və adında olan 1195 manat borcun silinməsinə dair Cavabdeh İB-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə şərtləri ilə Saatlı rayonu H.Əliyev prospektində yerləşən İstehlakçi: F/S İddiaçı (“Xan bağı” kafesi), Fəaliyyət növü: qeyri-əhali, **********00043 saylı abonent kodu ilə Cavabdeh İB-nin qaz istehlakçısıdır. Bugünə qədər də hər ay problemsiz olaraq pulumu köçürmüş və borc barəsində də ona heç bir bildiriş daxil olmamışdır. Yay aylarında təxminən may ayında Saatlı qaz xidməti sahəsinin əməkdaşları nümayəndəsinə müraciət edərək qaz sayğacının dəyişdirilməsi üçün çixarılaraq və yenisi ilə əvəz edilməsi üçün quraşdırılmalı olduğunu bildirmişlər. Sayğacı açıb yenisi ilə əvəz etdikdən sonra çıxarılmış sayğacı özləri ilə aparmışlar. Sayğacda isə hər hansı bir problemin olduğunu isə deməyib getmişlər. Təxminən 3 aydan sonra iddiaçının nümayəndəsinə yaxınlaşaraq yeməkxananın 1195 (min yüz doxsan beş) manat borcu olduğunu bildirilmişdir. Buna qədər isə hər ay sayğacın göstəricisi üzrə tələb olunan bütün məbləğ ödənilmişdi. O borcun nədən yarandığını öyrənmək istədikdə ona sayğaca müdaxilə olunduğu bildirilmişdir. O borcun yaranma səbəbinə dair akt tələb etdikdə əvvəlcə Cavabdeh İB tərəfindən onun imzasıyla təsdiq olunmuş 15 may 2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt, ardınca isə dəymiş ziyanın bərpasına dair Tələbnamə təqdim edilmişdir. Dəymiş ziyanın bərpasına əsas kimi sayğacda aşkar edilmiş nöqsan, yəni sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023cü il tarixli MS-14-2-2/3-5-5589-03 №-li Aktina əsasən G-4 markalı 28194658 №-li sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması göstərilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Cavabdeh İB tərəfindən dəyən ziyanın ödənilməsinə dair tərtib olunmuş ******* saylı Aktda istehlakçı olaraq, İddiaçı imtina etməsi göstərilmişdir. Göstərilənlər isə həqiqətə uyğun deyil, çünkü aktda göstərilən qaydada iddiaçının onlarla heç bir əlaqə və münasibəti olmayıb.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhəməyə müraciət edərək adında olan 1195 manat borcun silinməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, akt ona təqdim edilmədiyi üçün ona yazılmış borcun 1195 manat deyil, 1080 manat olmasını yalnız məhkəmə araşdırması zamanı bilmişdir, bu səbəbdən ona yazılmış 1080 manat borcun silinməsini xahiş edir, bundan əlavə yoxlamada iştirak etməmiş, sayğac onun xəbəri olmadan çıxarılmış, hansı şəraitdə çıxarılmasından da məlumatsızdır, akt yazılana qədər sayğac normal qaydada işləmiş və tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır.

5. Məhkəmə iclasının vaxtı yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. 31 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MS-14-2-2/3-5-5589-03 №-li Aktına əsasən G- 4 markalı 28194658 №-li sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması aşkar olunmuş, əsas kimi xx.xx.2023-cü il tarixli Akt göstərilmişdir. İddiaçıya dəymiş ziyan kimi 4320 kub metr əlavə qaz sərfiyyatı hesablanmışdır.

8. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli Aktdan görünür ki, İddiaçı (Xan Bağı) məxsus sayğacın çıxarılma səbəbi kimi növbəti dövlət yoxlaması göstərilmiş, quraşdırılan sayğacın quraşdırılma səbəbi kimi müvəqqəti sayğacın qurulması göstərilmişdir.

9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 avqust 2023-cü il tarixli, ******* nömrəli Akta əsasən İddiaçı (Xan Bağı kafesi) məxsus qeyri yaşayış sahəsində aparılmış xx.xx.2023-cü il tarixli baxış nəticəsində plastmas qapağının sol yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izləri aşkar olunmuşdur.

10. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən görünür ki, Cavabdeh tərəfindən sahibkar İddiaçı həyata keçirilməli olan yoxlama xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək qeydə alınmışdır.

11. İddiaçı (“Xan bağı” kafesi) məxsus abonent saldosundan görünür ki, 2023-cü ilin avqust ayında akt əsasında iddiaçıya 1080 manat borc hesablanmışdır.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 31 avqust 2023-cü il tarixində cavabdehin əməkdaşları tərəfindən İddiaçı (“Xan bağı” kafesi) məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində sayğaca kənar müdaxilənin edilməsi aşkar edilmişdir.

13. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını sayğaca kənar müdaxilənin olunması ilə (plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izləri) əsaslandırsa da, cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

14. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfindən cavabdehə zərər vurulması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

16. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

19. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

20. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

21. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

23. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

24. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

25. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

26. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

27. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.

28. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

29. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

30. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 1080 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

31. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 1080 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.

32. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin akta görə iddiaçının abonent hesabına hesablanmış 1080 manat məbləğində borc silinməlidir.

33. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı ona akt əsasında hesablanmış 1195 manat borcun silinməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli akt əsasında iddiaçıya 1080 manat borc hesablanmış, iddiaçı da izahatında 1080 manat borcun silinməsini xahiş etmişdir.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 1080 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə, 2 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 1080 (bir min səksən) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 2 (iki) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar