Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-386/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi, sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 mart 2023-cü il tarixli akt əsasında hesablanmış 15221,14 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Hacıqabul rayonunun Muğan qəsəbəsində yerlən kənd təsərrüfat təyinatlı torpaq sahəsini alqı-satqı yolu ilə aldıqdan sonra iddiaçı həmin torpaq sahəsində kənd təsərrüfat məhsullarında yetişdirilməsi üçün təlimata uyğun qaydada istixana quraşdırmaqla ondan istifadə edir. Həmin istixanaya qanuni əsaslarla qaz xətti çəkilərək 10 oktyabr 2022-ci il tarixdə ******* nömrəli akt əsasında müvafiq qaz sayğacı quraşdırılmış və həmin sayğacdan istifadə edilərək borc vaxtlı-vaxtında ödənmişdir. 2.2. 17 mart 2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən həmin sayğaca baxış keçirildi, daha sonra isə məlum oldu ki, həmin xətdə su var və buna görə iddiaçıya 15221,14 manat borc hesablanmışdır. İddiaçı etirazını bildirərək qaz sayğacına vaxtlı-vaxtında baxış keçirildiyini, sayğacda hər hansı bir qüsurun olmadığını bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. 2.3. Cavabdehlərin nümayəndələri 17 mart 2023-cü il tarixdə istixananın qaz sayğacına baxış keçirərkən və akt tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin Qaydalara əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğularına texniki baxış keçiriləcəyi barədə istehlakçıya 3 gün əvvəl rəsmi bildiriş göndərmək cavabdehin vəzifəsidir. Cavabdeh tərəfindən texniki baxış keçiriləcəyi barədə heç bir rəsmi bildiriş təqdim etməmişdir. 2.4. Mübahisənin məhkəməyədək razılaşma yolu ilə həll edilməsi üçün cavabdehə pretenziya qaydasında müraciət edilmiş və bununla yanaşı mübahisənin mediasiya sessiyasında həll etmək üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh nə pretenziya məktubuna, nə mediasiya məktubuna, nə də mediatorun çağırışına heç bir cavab verməmişdir. Hal-hazırda iddiaçı sahibkar kimi pozulmuş hüquqlarının bərpa edilməsi, yazılmış akt və onun əsasında hesablanmış cərimənin (borcun) əsassızlığını sübut etmək üçün məhkəmədə iddia qaldırmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10, 2.11-1, 5.2-ci bəndləri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.1, 1.4-cü bəndləri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, Hacıqabul – Muğan avtomobil yolunun şimalında yerləşən 8,0 ha torpaq sahəsinin icarə hüquqlarını X1 nəvəsinin adına almışdır. Qeyd edilən sahədə istixana qurmuş, qaz təchizatının alqı-satqı müqaviləsini bağlamaq istəyərkən həmin torpaq sahəsinin qaz təchizatının X2 adına olduğu, sonuncunun da öldüyü məlum olmuşdur. Bu səbəbdən iddiaçının birbaşa yeni alqı-satqı müqaviləsi bağlaması mümkün olmamış, əvvəlcə X2 hüquqi varisi qismində X6 ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı müqaviləsi bağlanmış, daha sonra 18 mart 2023-cü il tarixdə qaz təchizatı iddiaçının adına rəsmiləşdirilmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, qaz sayğacı torpaq sahəsindən təqribən 5 km uzaqda, qaz paylayıcının stansiyasında yerləşir. Belə olan halda, iddiaçının ona müdaxilə imkanı yoxdur.
7. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllə: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Borcun silinməsi tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. Məhkəməyə təqdim edilən X9 ilə X7 arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin şərtlərindən görünür ki, X9 DTXK Hacıqabul rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-9643, KOD- 91000001 reyestr nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə və Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli Vİİİ-14/589 saylı məktubuna əsasən icarəsində olan Hacıqabul – Muğan avtomobil yolunun şimalında yerləşən 8,0 ha torpaq sahəsinin xx.xx.2006-ci ildən başlayaraq 90 (doxsan) il müddətinə olan icarə hüquqlarını tam alıcı – X4 3000 (üç min) manata satmağı öhdəsinə götürmüşdür.
12. İş materiallarında olan cavabdeh (Paylayıcı qismində) ilə X8 (İstehlakçı qismində) arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
13. Həmin müqavilənin 4.4-cü bəndindən görünür ki, X2 qaz sayğacları xx.xx.2014cü il tarixdə quraşdırılmış “G-6” markalı 1205AQ**********4 nömrəli, xx.xx.2017-ci il tarixdə quraşdırılmış “G-1000” markalı 83047525 nömrəli (plomb nömrəsi – ********) sayğaclardır.
14. Məhkəməyə təqdim edilən 05 sentyabr 2022-ci il tarixli 250/05-70 və 251/05-70 nömrəli arayışlardan və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X8 22 may 2019-cu il tarixdə ölmüşdür və onun arvadı olan X3 nikahına xitam verilmişdir.
15. İş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, X6 həmin etibarnamə ilə Nümayəndə bütün əmlakını idarə etməyi, əqdlər bağlamağı, Cavabdeh İB-dən sənədləri almağı və s. səlahiyyətləri vermişdir.
16. İş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli 02961 nömrəli qüsur aktından görünür ki, “G-1000” markalı 83047525 nömrəli sayğacın sıradan çıxmış hissələri mövcuddur və yenisi ilə əvəz edilməlidir.
17. İş materiallarında olan X6 (nümayəndəsi qismində Nümayəndə) ilə cavabdeh arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli 1098 ST nömrəli xidmət müqaviləsinin 1ci bəndindən görünür ki, G1000 markalı 83047525 nömrəli qaz sayğacının xx.xx.2022-ci il tarixli 02961 nömrəli qüsur aktı əsasında təmiri və ehtiyat hissəsinin ayrılması ilə əlaqədar sifarişçi və icraçı arasında münasibətlər müqavilənin predmetini təşkil edir.
18. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1098 nömrəli hesab-fakturadan görünür ki, 22 sentyabr 2022-ci il tarixli 1098 ST nömrəli xidmət müqaviləsi üzrə ümumilikdə 157,13 manat dəyərində xidmət (o cümlədən ehtiyat hissənin dəyəri) göstərilmişdir.
19. İş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G1000 markalı 83047525 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlamadan sonra yerində quraşdırılmışdır.
20. İş materiallarında olan cavabdeh (Paylayıcı qismində) ilə X6 (İstehlakçı qismində) arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 45 gün müəyyən edilir (7.2). Müqaviləni istehlakçının nümayəndəsi qismində Nümayəndə imzalamışdır.
21. Həmin müqavilənin 4.4-cü bəndindən görünür ki, X3 qaz sayğacı xx.xx.2014-cü il tarixdə quraşdırılmış “İtron” tipli “G-6” markalı 1205AQ**********4 nömrəli (plomb nömrəsi – ********) sayğacdır.
22. İş materiallarında olan cavabdeh (Paylayıcı qismində) ilə iddiaçı (İstehlakçı qismində) arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
23. Həmin müqavilənin 4.4-cü bəndindən görünür ki, iddiaçının qaz sayğacı xx.xx.2014-cü il tarixdə quraşdırılmış “İtron” tipli “G-6” markalı 1205AQ**********4 nömrəli (plomb nömrəsi – ********) sayğacdır.
24. Adıçəkilən müqaviləyə 1 nömrəli əlavə olan qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacıdır.
25. Məhkəməyə təqdim edilən 10 mart 2023-cü il tarixli aktdan görünür ki, 2023-cü ilin fevral ayı üzrə sayğacın elektron göstəriciləri arasında fərq 29 394 kub metr olmuş, əlavə olaraq qaz sayğacı sərfiyyatı xəta nəticəsində qeyd etmədiyi üçün 69 187 kub metr qaz sərfi hesablanmışdır (29 394 m3+69 187m3=98 581m3).
26. İddiaçıya məxsus **********00020 nömrəli abonentin saldosundan görünür ki, 2023-cü ilin fevral ayına 98 581m3 sərfiyyat həcmi qeyd edilmiş, həmin sərfiyyatın bir hissəsi (29394 kub metr=6466,68 manat) “sərfin məbləği” sütununda, digər hissəsi isə (69187 kub metr=15221,14 manat) “qalıq və aktlar” sütununa daxil edilmişdir.
27. İş materiallarında olan 17 mart 2023-cü il tarixli aktdan görünür ki, 2023-cü ilin fevral ayının hesabat sənədləri X3 nümayəndəsi Nümayəndə təqdim edildikdə qaz sayğacından keçən, lakin qeydiyyata alınmayan normativ qaz sərfi hesabatı ilə sonuncu razılaşmayaraq sərfiyyat aktına imza etməkdən imtina etmişdir.
28. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, Hacıqabul – Muğan avtomobil yolunun şimalında yerləşən 8,0 ha torpaq sahəsinin qaz təchizatı əvvəlcə X8 (xx.xx.2018-ci il tarixdə bağlanmış qazın alqı-satqısı müqaviləsi), daha sonra onun arvadı X5 (xx.xx.2022-ci il tarixdə 45 gün müddətinə bağlanmış qazın alqı-satqısı müqaviləsi) məxsus qaz sayğacı və qazın alqı-satqı müqavilələri əsasında həyata keçirilmiş, daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə həmin müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. 22 sentyabr 2022-ci il tarixli 1098 ST nömrəli xidmət müqaviləsi əsasında təmir edilən G1000 markalı 83047525 nömrəli qaz sayğacının sərfiyyatı xəta nəticəsində qeyd etmədiyi əsası ilə iddiaçıya məxsus **********00020 nömrəli abonent koduna 10 mart 2023-cü il tarixli aktla 15221,14 manat məbləğində qaz sərfi hesablanmışdır. Həmçinin adıçəkilən aktda 2023-cü ilin fevral ayı üzrə sayğacın elektron göstəriciləri arasında fərq 29 394 kub metr əks olunmuş, əlavə olaraq qaz sayğacı sərfiyyatı xəta nəticəsində qeyd etmədiyi üçün 69 187 kub metr qaz sərfi hesablanmış (29 394 m3+69 187m3=98 581m3), abonent saldosuna 2023-cü ilin fevral ayına 98 581m3 sərfiyyat həcmi qeyd edilmiş, həmin sərfiyyatın bir hissəsi (29394 kub metr=6466,68 manat) “sərfin məbləği” sütununda, digər hissəsi isə (69187 kub metr=15221,14 manat) “qalıq və aktlar” sütununa daxil edilmişdir.
29. İddiaçı ona məxsus abonent koduna akt əsasında hesablanmış 15221,14 manat borc məbləğinin qanunsuz hesablandığını bildirir və silinməsini tələb edir.
30. Cavabdeh mübahisə ilə bağlı onda olan sübutları təqdim edir, lakin məhkəmə iclaslarında iştirak etmir, təqdim etdiyi sübutlarla bağlı izahatlar vermir.
31. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. Əvvəla qeyd edilməlidir ki, 10 mart 2023-cü il tarixli aktla sayğacın oxunması ilə yanaşı, ona yoxlama da həyata keçirilmiş və sayğacın sərfiyyatı düzgün qeyd etmədiyi müəyyən olunmuşdur.
33. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
34. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
35. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.
36. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
37. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
38. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
39. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
40. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
42. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
43. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalıdır. Lakin cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
44. Bundan başqa, Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edilən Qanunda və Qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır.
45. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
46. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması zamanı qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsinin dayandırılmadığı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması nəzərdə tutulmuşdur.
47. Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, sayğacda sərfiyyatın qeyd edilmədiyi 10 mart 2023-cü il tarixli aktda qeyd edilsə də, elə həmin aktla 6466,68 manat məbləğində qaz sərfi hesablanmışdır ki, bu da əvvəlki aydan (2023-cü ilin birinci ayı 5032,5 manat) çoxdur. Belə olan halda, 10 mart 2023-cü il tarixli aktla əlavə olaraq müəyyən olunan 69187 kub metr qaz sərfinin hansı əsasla müəyyən edildiyi aydın olmur. Eyni zamanda analoji işlərdə mövcud olan laborator müayinə aktı da hazırda iş materiallarında mövcud deyil. Bu isə qaz sayğacı üzrə oxumanı həyata keçirən məsul əməkdaşın müvafiq laborator təchizat və avadanlıq olmadan sayğac texniki xətanı müəyyən etməsi, hətta həmin xəta nəticəsində qeydə alınmayan qaz sərfini hesablaması imkanını şübhə altına qoyur. Digər tərəfdən, 22 sentyabr 2022-ci il tarixli 1098 ST nömrəli xidmət müqaviləsi əsasında G1000 markalı 83047525 nömrəli qaz sayğacı məhz cavabdehin əməkdaşları tərəfindən təmir edilmiş, ehtiyyat hissələri dəyişdirilmişdir.
48. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdehin nümayəndələri də hər hansı məhkəmə iclasında iştirak edərək 10 mart 2023-cü il tarixli akt üzrə hesablamanın hüquqi və faktiki əsası ilə bağlı hər hansı arqument irəli sürməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
49. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
50. Qeyd edilən səbəblərdən məhkəmə 10 mart 2023-cü il tarixli akt əsasında hesablanan borc məbləğini hüquqi qüvvəsi olmayan hesab edir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 10 mart 2023-cü il akt əsasında hesablanmış 15221,14 manat məbləğində borc silinməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
52. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/9/2023-01822 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
54. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
55. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
56. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
57. Bundan başqa, elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 77 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Məhkəmə iddia tələbinin təmin olunduğunu və hazırkı tələbə uyğun ödənilməli dövlət rüsumunun 76 (ödənilməli rüsum olan 136 manat – 60 manat mediasiya xərci) manat olduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00020 nömrəli abonent koduna 10 mart 2023-cü il tarixli akt əsasında hesablanmış 15221 (on beş min iki yüz iyirmi bir) manat 14 (on dörd) qəpik məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova