Məhkəmə qərarları › İş №e-2-2(113)-3890/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3890/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3890/2021 02.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı Firmasının nümayəndəsi vəkili Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı Firmasının **********00000 nömrəli abonent koduna hesablanmış 3787,20 manat məbləğində borcun silinməsi tələbi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Firmasının **********00000 nömrəli abonent koduna əsassız olaraq 27.04.2017-ci il tarixdə ******* nömrəli akt tərtib edilərək 2491,20 manat məbləğində cərimə, bundan sonra əsassız olaraq 31.03.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edilərək 1296 manat məbləğində cərimə hesablanmışdır. Hər iki aktdan firmanın məlumatı olmamış, dəfələrlə Cavabdehnə müraciət olunub əsassız yazılmış və borc kimi qeyd edilmiş cərimənin silinməsi tələb olunsa da, müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi vəkili Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AKX-1/666 nömrəli, 02.02.2018-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələrindən görünür ki, paylayıcı - Cavabdeh İB ilə İddiaçı Firması arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilməklə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq firmanı keyfiyyətli qazla təmin edir, alıcı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 27.04.2017-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, **********00000 nömrəli abonent kodu olan İddiaçı Firmasının qaz sayğacına baxış keçirilərkən laboratoriyanın rəyinə əsasən sayğaca müdaxilə olunub və dəymiş ziyanın hesablanması tələb edilmişdir. 31.03.2021-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı Firmasının qaz sayğacı yoxlanılarkən tərtib edilmiş 29/1710-02542-12 akta əsasən dəymiş ziyanın hesablanması tələb edilmişdir. İddiaçı Firmasının abonent saldosundan görünür ki, qalıq və aktlar qrafasında 2017ci ilin aprel ayına 2491,20 manat, 2021-ci ilin aprel ayına isə 1296 manat cərimə hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamaları vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Göründüyü kimi aparılan yoxlama qanunsuz olduğundan İddiaçı Firmasının **********00000 nömrəli abonent koduna 27.04.2017-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 2491,20 manat və 31.03.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1296 manat cəmi 3787,20 manat məbləğində cərimə əsassız olduğundan silinməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən İddiaçı Firmasının **********00000 nömrəli abonent koduna hesablanmış 3787,20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Firmasının **********00000 nömrəli abonent koduna hesablanmış 3787,20 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar