Məhkəmə qərarları › İş №e-2-2(113)-3921/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3921/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3921/2024 27.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfındən artıq hesablanmış 9900 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus kafe ünvan 1 ünvanında fəaliyyət göstərir. 2022-ci ildə Cavabdeh nümayəndələri müəssisəsyə baxış keçirmişlər. İddiaçıya bildirmişlər ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Bir gün sonra digər nümayəndələr tərəfindən qaz təchizatı dayandırılarkən ona məlum olmuşdur ki, müəssisədə quraşdırılmış öz hesabıma aldığı və mülkiyyətində olan G-6 markalı qaz sayğacından düzgün istifadə etmədiyini bildirmişlər. Bununla bağlı həmin günü tərtib olunan akt cərimə aktı imiş. Sonradan aktı iddiaçıya təqdim etdikdə bu aktın qazdan istifadə qaydalarının pozulması haqqında akt olduğunu bilmişdir. Sonradan iddiaçı dəfələrlə şifahi etirazını bildirmişdir. Ona təqdim edilmiş akta görə hesabat aparılaraq 9900 manat cərimə yazılmışdır. Hesabatla razı deyil və Cavabdeh tərəfındən artıq hesabat aparılmış və iddiaçıdan qanunsuz pul tələb edilir. Belə ki, iddiaçının müəssisəsində hər zaman göstərilən qazişlədicilərindən istifadə edilmir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 "Nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın qeydinə əsasən, hesablanmış qazın dəyərinin ödənilməsi istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Göstərilən qaydalardan da aydın olurki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfındən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri və ya sayğac vasitəsi ilə istifadə edilən qaz həcmi cavabdeh tərəfindən nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Qeyd olunanlara əsasən, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmadığından, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığmdan həmçininn cavabdeh tərəfındən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından cavabdeh yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfındən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfındən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdeh iddiaçıdan düzgün hesablanmamış itirilmiş qazın bərpasına görə ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görədə itirilmiş qazın bərpasına görə iddiaçıya artıq hesablanmış 9900 manat məbləğində borc silinməlidir.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, aparılmış yoxlama (yoxlama reyestrdə qeydə alınmamışdır) zamanı sayğaca kənar müdaxilə edilməsi aşkar edilmiş, bu barədə akt tərtib edilmiş, iddiaçıya 7371 manat borc hesablanmışdır. Qalan borc isə iddiaçının sərf etdiyi, lakin dəyərini ödəmədiyi borcdur. Bu səbəbdən iddia tələbi əsassızdır.

4. İddiaçı məhkəməyə yazılı ərizə ünvanlayıb məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 mart 2022-ci il tarixli, ******* nömrəli Akta əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılmış baxış nəticəsində sayğacın hər iki metrologiya və element yuvası plomblarında kənar təsir izləri aşkarlanmış, elektron displey sönmüşdür. Sayğacın klapanının sındırıldığı və çıxış plasmas borusunun deşildiyi aşkar edilmişdir. İddiaçıya akt əsasında 29484 kub metr əlavə sərfiyyat hesablanmışdır.

9. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə görə cavabdeh İddiaçı G 6 markalı, 1705AZ**********92 nömrəli sayğac ilə qazla təmin edilir və aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

10. İddiaçı məxsus abonent saldosundan görünür ki, iddiaçıya 18 mart 2022-ci il tarixli, ******* nömrəli Akta əsasən 7371 manat borc hesablanmışdır.

11. 31 mart 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1640-00636 №-li Aktına əsasən G-6 markalı 1705AZ**********92 №-li sayğacın klapanı qoparaq gövdənin daxilinə düşüb, element və metrologiya plomb yuvalarının ətrafında əzik cızıq izləri mövcuddur. Əsas kimi xx.xx.2022ci il tarixli Akt göstərilmişdir.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 18 mart 2022-ci il tarixində cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində sayğaca kənar müdaxilənin edilməsi aşkar edilmişdir.

13. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını sayğaca kənar müdaxilənin olunması ilə əsaslandırsa da, cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

14. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfindən cavabdehə zərər vurulması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

16. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

19. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

20. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

21. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

23. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

24. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

25. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

26. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

27. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.

28. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

29. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Bu fakt cavabdehin nümayəndəsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatla da öz təsdiqini tapmışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

30. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 7371 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

31. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 7371 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.

32. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin akta görə iddiaçının abonent hesabına hesablanmış 7371 manat məbləğində borc silinməlidir.

33. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı ona akt əsasında hesablanmış 9900 manat borcun silinməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli akt əsasında iddiaçıya 7371 manat borc hesablanmışdır.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 7371 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Belə ki, materiallarda olan abonent haqqında məlumatdan görünür ki, iddiaçıya 2023-cü il ərzində istifadə etdiyi qaz sərfiyyatı ilə bağlı ümumilikdə 3305,75 manat məbləğində borc hesablanmış, iddiaçı tərəfindən isə ümumilikdə 730 manat ödəniş edilmiş, 2024-cü il ərzində istifadə etdiyi qaz sərfiyyatı ilə bağlı ümumilikdə 1690,25 manat məbləğində borc hesablanmış, iddiaçı tərəfindən isə ümumilikdə 459,40 manat ödəniş edilmiş, qalıq sərfiyyat borcu hesablanmışdır.

36. Məhkəmə tərəfindən qalan 2529 manat sərfiyyat borcunun silinməsi üçün əsaslar meəyyən edilmədi.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə, 10 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 7371 (yeddi min üç yüz yetmiş bir) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar