Məhkəmə qərarları › İş №e-2-2(113)-394/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-394/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-394/2022 28.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X2 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X4 (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Sumqayıt Su-Kanal İdarəsi tərəfindən tərtib edilmiş 07.08.2020-ci il tarixli 007051, 26.08.2020-ci il tarixli 007064 saylı aktlara əsasən hesablanmış 4241,66 manat məbləğində borcun silinməsi və 72 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 28.12.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin “Sumqayıt Su-Kanal” İdarəsi tərəfindən 04.04.2016-cı il tarixli akt əsasında hesablanmış 923 manat, 29.09.2020-ci il tarixli akt əsasında hesablanmış 2196 manat, 15.02.2021-ci il tarixli akt əsasında hesablanmış 446 manat, 30.04.2021-ci il tarixli akt əsasında hesablanmış 742 manat - ümumilikdə qeyd olunan aktlar əsasında hesablanmış 4307 manat borcun silinməsi və 72 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (kafe) su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair aralarında 152714 saylı, 19.06.2013--cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsində sudan sayğac vasitəsilə istifadə etmiş və dəyərini ödəmişdir. 2021-ci ilin oktyabr ayında cavabdehin nümayəndələri sudan istifadəyə görə 4241,66 manat borcun olduğunu bildirmişlər. O, qeyd olunan borc məbləğinin araşdırılması üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinə müraciət etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları sudan qanunsuz istifadə etdiyi üçün 07.08.2020-ci il tarixdə 007051, 26.08.2020-ci il tarixli 007064 nömrəli akt tərtib edildiyini, bu səbəbdən də cərimə hesablandığını bildirdilər və qeyd olunan aktların surətini ona vermişlər. Ona təqdim olunan aktda guya qeyri-yaşayış obyektində d-15 mm-lik plasmas boru vasitəsilə sudan qanunsuz istifadə etməyi qeyd olunmuşdur. Belə ki, akt tərtib olunarkən onun məlumatı olmamış və iştirakları təmin edilməmişdir. Aktda isə guya imza etməkdən imtina etməsi qeyd olunmuşdur. Halbuki aktlar tərtib olunarkən pandemiya ilə əlaqədar karantin rejimi tətbiq olunması səbəbindən kafe işləməmişdir. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş akta əsasən 4241,66 manat cərimə hesablanmışdır. Cavabdeh hesablanmış məbləği ödəməsini tələb edərək su təchizatını dayandırmışdır. Sumqayıt Su-Kanal İdarəsində borcun yaranma səbəblərini araşdırılması zamanı onlara borcun 07.08.2020-ci il tarixli 007051, 26.08.2020-ci il tarixli 007064 saylı aktlara əsasən hesablandığını bildirmişdilər. Məhkəmə icraatı zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 04.04.2016-cı il tarixli akt əsasında 923 manat, 29.09.2020-ci il tarixli akt əsasında 2196 manat, 15.02.2021-ci il tarixli akt əsasında 446 manat, 30.04.2021-ci il tarixli akt əsasında 742 manat - ümumilikdə qeyd olunan aktlar əsasında 4307 manat cərimə hesablanmışdır. Qeyd olunan aktlardan 29.09.2020-ci il tarixli akt onlara təqdim olunmuş, 04.04.2016-cı il tarixli,15.02.2021-ci il tarixli, 30.04.2021ci il tarixli aktlar isə Sumqayıt Su-Kanal İdarəsindən tələb etməklərinə baxmayaraq onlara təqdim olunmamışdır. Cavabdeh tərəfindən tərtib olunmuş aktlarla bağlı onların heç bir məlumatı olmamış, aktlar tərtib edilərkən iştirakları təmin edilməmişdir. Cavabdeh səlahiyyətlərindən istifadə edərək birtərəfli qaydada aktlar tərtib edərək əsassız cərimələr hesablamışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı yataq xəstəsidir, aktlar tərtib edilərkən onun iştirakı təmin edilməmişdir, həmin aktların mövcudluğundan yalnız 2021-ci ilin yayında suyun verilməsi dayandırılan vaxt məlumatlanmışlar, dəfələrlə cavabdeə müraciət edilsə də, onlara həmin aktların surətləri təqdim edilməmişdir. Bundan əlavə, iddiaçıya məxsus obyektdə yoxlama keçirilərkən dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır, buna görə də həmin yoxlamaların hər hansı hüquqi nəticəsi yoxdur. Aktda göstərilənlər isə həqiqəti əks etdirmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Nuhov iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektdə cavabdehin nümayəndələri tərəfindən yoxlama keçirilmiş, nəticədə sayğacdan kənar boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir. Həmin yoxlamaların nəticəsində 04.04.2016-cı il tarixli akt əsasında 923 manat, 29.09.2020-ci il tarixli akt əsasında 2196 manat, 15.02.2021-ci il tarixli akt əsasında 446 manat, 30.04.2021-ci il tarixli akt əsasında 742 manat - ümumilikdə qeyd olunan aktlar əsasında 4307 manat borc hesablanmışdır. Həmin borc “Sudan istifadə Qaydaları”na əsasən hesablanmışdır, lakin hazırda həmin borcların hesablanmasını özündə əks etdirən sənədləri təqdim edə bilmir. Bundan əlavə, iddiaçıya məxsus obyektdə yoxlamalar keçirilərkən dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır, lakin aşkar edilmiş qanunsuz su xəttindən iddiaçı tərəfindən istifadə edilməsi onlarda şübhə doğurmamışdır, yoxlamalar keçirilən zaman hər hansı video çəkiliş və ya fotoşəkil qeydə alınmamışdır. Cavabdehin nümayəndəsi izahatında yoxlamalar zamanı hər dəfə eyni borudan qanunsuz istifadə olunduğunun müəyyən edildiyini, həmin su xəttinin yoxlamalardan sonra ehtimal ki, ləğv edildiyini, lakin bu barədə dəqiq məlumatı olmadığını bildirdi, 21.04.2021-ci il tarixli aktda sayğacdan keçməyən borunun digər aktlarda d=15 mm göstərildiyi halda, həmin aktda d=20 mm olmasının səbəbini texniki səhv kimi nəzərə alınmasını xahiş etdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 19 iyun 2013-cü il tarixli 152714 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilədən görünür ki, müəssisəsnin (cavabdeh) su təchizatı sistemindən abonentin (iddiaçı) tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Cavabdeh tərəfindən 13 smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə 09.08.2021-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən X3 məxsus obyektdə yerləşən Alfasu 50044279 nömrəli sayğaca baxış keçirilməsi nəticəsində müəyyən olunmuşdur ki, sayğac abonent tərəfindən qeyri-müəyyən vaxtda çıxarılaraq birbaşa birləşmə verilmişdir. Azərsu və dövlət möhürü yerindədir. Sayğac laboratoriya sınağına göndərildi. Cavabdeh ASC X6 İdarəsi “X1 Laboratoriyası” tərəfindən verilmiş 44279/0102883 nömrəli rəydən görünür ki, Alfasu TG15 markalı, Smart DN-15 tiplu sayğacın laborator avadanlıq üzrə yoxlanması nəticəsinə əsasən kipliyə davamlılığı pozulmuşdur. Sayğacın elektrik platası işləmir. Sayğacın qapaqaltı platform hissəsi çatlaqdır. Sayğacın quru hesablama mexanizm hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararsızdır. Sayğac təmirə və istismara yararsızdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 01 oktyabr 2021-ci il tarixli 2021-001690 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin müdiasiya sessiyasında iştirak edilməsi üçün 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş 07.08.2020-ci il tarixli 007051 nömrəli aktdan görünür ki, cavabdehin Sumqayıt Sukanal İdarəsi tərəfindən 07 avqust 2020-ci il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən yerləşən X3 məxsus obyektin su xəttinə baxış keçirilmiş və məlum olmuşdur ki, abonent sayğacdan kənar d=15 mm olan borcu vasitəsi ilə sudan qeyri-qanuni istifadə edir. Cavabdeh tərəfindən tərtib olunmuş 26.08.2020-ci il tarixli 007064 nömrəli aktdan görünür ki, cavabdehin Sumqayıt Sukanal İdarəsi tərəfindən 26 avqust 2020-ci il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən yerləşən X3 məxsus obyektin su xəttinə baxış keçirilmiş və məlum olmuşdur ki, abonent sayğacdan kənar D=15 mm olan borcu vasitəsi ilə sudan qeyri-qanuni istifadə edir. Cavabdeh tərəfindən tərtib olunmuş 21.04.2021-ci il tarixli 600459 nömrəli aktdan görünür ki, cavabdehin Sumqayıt Sukanal İdarəsi tərəfindən 21.04.2021-ci il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən yerləşən X3 məxsus obyektin su xəttinə baxış keçirilmiş və məlum olmuşdur ki, obyektin su sayğacı su xəttindən ayrılıb. Abonent sayğacdan keçməyən d=20 mm-lik boru vasitəsi ilə sudan qanunsuz istifadə edir. Cavabdeh tərəfindən tərtib olunmuş 08.01.2021-ci il tarixli 007087 nömrəli aktdan görünür ki, cavabdehin Sumqayıt Sukanal İdarəsi tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən yerləşən X3 məxsus obyektin su xəttinə baxış keçirilmiş və məlum olmuşdur ki, obyekt hal-hazırda sayğacdan keçməyən sudan qeyri-qanuni istifadə edir. Su xətti kəsilərək ləğv olunmuşdur. Cavabdeh tərəfindən verilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, 007064 nömrəli akta əsasən X2 26.08.2020-ci il tarixə olan sudan istifadəyə görə hesablanmış sərfiyyat 1098 m3 olmaqla 1098 manat, çirkab suların axıdılmasına görə hesablanmış sərfiyyat 1098 m3 olmaqla 1098 manat, ümumilikdə 2196 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq olunmuş “Sudan istifadə” Qaydalarının 9.11.3-cü bəndinə əsasən əlavə sərfiyyat hesablanmışdır. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 07.08.2020-ci il, 26.08.2020-ci il, 21.04.2021-ci, 08.01.2021-ci il tarixlərdə cavabdehin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sudan qeyri-qanuni istifadə halları müəyyən olunmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin su xəttindən istifadə edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş Cavabdeh Sumqayıt Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 07.08.2020-ci il, 26.08.2020-ci il, 21.04.2021-ci, 08.01.2021-ci il aktlara münasibətdə məhkəmə hesab edir ki, həmin aktlar iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 4307 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış 4307 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X3 əsassız olaraq hesablanmış 4307 (dörd min üç yüz yeddi) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar