Məhkəmə qərarları › İş №e-2-2(113)-3950/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3950/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3950/2025 16.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X9 Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 11/2-1390 (**********35762) saylı abonent koduna 14 may 2008-ci il tarixli, 000056 saylı akta əsasən əlavə hesablanmış 27039,84 manat məbləğində elektrik enerjisindən istifadəyə görə borcun silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Tikinti İnvestisiya Şirkəti” MMC Bakı şəhərinin Suraxanı rayonu ərazisində fəaliyət göstərir. Şirkət həmin ünvanda yerləşən torpaq sahəsinin bir hissəsini xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1, sonuncu elektrik sərfiyyatı ilə bağlı "xxxx" ASC-yə müraciət edərkən, xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir ki, xx.xx.2025-ci il tarixə elektrik enerjisinə görə borcunuz 27241,46 manat təşkil edir. Abunə vərəqinin təhsili zamanı məlum olur ki, xx.xx.2008-ci il tarixdə Nəzarət departamenti tərəfindən 000056 saylı akt tərtib olunmuş və 27039,84 manat dəyərində ödəniş sənədi hazırlanmışdır. Aktın tərtib olunduğu vaxtdan uzun illər keçməsinə və sənədlərin saxlanma müddətinin birməsi səbəbindən hesabata yenidən baxmaq mümkün olmamışdır. Hesab edirlər ki, qeyd olunan akt əsasında əlavə hesablanmış 27039,84 manat pul vəsaiti MMC-nin **********35762 nömrəli abunə hesabından silinməlidir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir; 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan RespublikasıQanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra- qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra- yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əvvəla cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2008-ci il tarixdə akt təritb edilərkən, şikrətin nümayəndəsinin iştirakı təmin edilməyib, nədəki bu aktın surəti MMC-nin nümayəndələrinə təqdim edilməmişdir. Eləcə də, əgər həqiqətən də qeyd olunan vaxtda ididaçı barəsində əlavə 27241,46 manat əlavə sərfiyyat hesablanmışdırsa, keçən 17 illik müddət ərzində məhkəmə qaydasında borcun tutulması barədə iddia qaldırmamış, qanunvericliklə nəzərdə tutulmuş 10 illik müddət də ötürülmüşdür. Həmçinin, şirkətin həmin dövrdə elə fəaliyyəti də olmamışdır ki, göstərilən müddətdə qeyd olunan məbləğdə elektrik enerjisindən əlavə sərfiyyat istifadə etsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, boş torpaq sahəsində olan sərfiyyat 30-40 manat maksimum 100 manat olmuşdur. Həmin ödənişlər vaxtı-vaxtında ödənmişdir. Bir müddət fəaliyyətini dayandırdan sonra 2025-ci il tarixində fəaliyyətə yenidən başlandıqda 27000 manat məbləğində əlavə pul sərfiyyatı hesablandığı məlum olmuşdur. Aktın mövcudluğu ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. Qarşı tərəf aktı birtərəfli qaydada tərtib etmişdir. İstehsal sahəsi olmadığına görə 27000 manat məbləğində sərfiyyat olması mənasızdır və əsassız və qanunsuz hesablanmışdır. Cavabdehlə maraqlandıqda 2008-ci il tarixində akt tərtib olunduğu bildirilmişdir. İddia məhkəməyə verildikdən sonra cavabdeh qurum tərəfindən işıq verilməsi dayandırılmış və sonradan məhkəmə qərardadı ilə yenidən bərpa olunmuşdur. İddia müddəti ərzində də nə onlara, nə də məhkəməyə pretenziya təqdim olunmuşdur. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırki iş üzrə cavabdeh hesablandığı borcun yaranmasının əsası kimi 2008-ci ildə tərtib edilmiş akt əsasında birtərəfli qaydada hesabladığı 27039,84 manat əlavə sərfiyyata istinad edir. Halbuki, müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 ildir. Hazırda isə, cavabdeh bu borcun məhz hansı əsaslarla yaranmasını sübut edə bilməmişdir. Odur ki, hazırki mübahisəyə AR MPM-nin 373-cü maddəsinin tətbiq edilməklə borcun silinməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı etirazla müraciət edərək, iddianı Cəmiyyət qəbul etmir. Bildirirlər ki, iddiaçınında qeyd etdiyi kimi borc 2008-ci ilə aiddir. Belə ki, "xxxx" ASCnin əməkdaşları tərəfindən yoxlama keçirilən zaman xx.xx.2008-ci il tarixli ND 000056 nömrəli akt tərtib edilmişdir. Akta əsasən 27039,84 manat məbləğində elektrik enerjisinin sərfinə görə yaranmış borc müəyyən edilmişdir. Tərtib edilmiş akt hesab edirlər ki, qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir. Odur ki, İddiaçı Tikinti İnvestisiya Şirkəti tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, 14 may 2008-ci il tarixində Nəzarət Departamenti tərəfindən tərtib olunmuş akt nəticəsində 27039,84 manat məbləğində borc hesablanmışdır. Abonent haqqında məlumat vərəqəsində də həmin məbləğ görünür. Hazırda aktı əldə etmək mümkün olmadığından dəqiq olaraq hansı əsasla hesablandığını deyə bilmir, amma sırf enerji sərfiyyatına görə hesablanmış məbləğdir, cərimə deyildir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: İddiaçı ilə X6 arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərqində dəmir-beton kiçik qabaritli asfalt qarışdıran zavodunun ərazisində yerləşən 0.82 ha torpaq sahəsini X6 almışdır. 622994 nömrəli xx.xx.2023-cü il tarixli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə va digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısınin birtipli müqaviləsinə əsasən, İddiaçı ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmışdır. xx.xx.2025-ci il tarixində "xxxx" ASC tərəfindən X4 göndərilmiş müraciətin araşdırılması barədə məktubda bildirilmişdir ki, 11/2-1390 (**********35762) nömrəli abunə kodu üzrə abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixinə elektrik enerjisi sərfiyyatına görə qeyri-yaşayış sahəsində yaranmış borc 27241,46 manat təşkil edir, abunə vərəqinin təhlili zamanı məlum olur ki, xx.xx.2008-ci il tarixində Nəzarət Departamenti tərəfindən 000056 saylı akt tərtib olunmuş və 27039.84 manat dəyərində ödəniş sənədi hazırlanmışdır. Aktın tərtib olunduğu vaxtdan uzun illər keçməsinə və sənədlərin saxlanma müddətinin bitməsi səbəbindən hesabata yenidən baxmaq mümkün olmamışdır. İddiaçı tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə xx.xx.2025-ci il tarixli borcun silinməsi tələbi barədə pretenziya məktubu ünvanlanaraq 27039,84 manat borcun abonent hesabından silinməsinə dair göstəriş verilməsi xahiş edilmiş, əks təqdirdə borcun silinməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Abonentin saldosundan görünür ki, 2024-cü ilin iyul ayına ümumilikdə sayğac oxunması üzrə 3374,67 manat, aktlar üzrə 30617,78 manat, ödəmələr üzrə 6751 manat olmaqla, ümumi borcu 27241,46 manat təşkil edir. Həmçinin xx.xx.2008-ci il tarixdə akt əsasında sayğaca görə 27039,84 qəpik cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 172 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 11-ci bəndinə uyğun olaraq, elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Həmin “Elektroenergetika haqqında” Qanunun: 5.1-ci maddəsinə əsasən elektroenergetika sektorunda dövlət tənzimləməsinin əsas məqsədləri aşağıdakılardır: 5.1.1. enerji təhlükəsizliyinin təmin edilməsi; 5.1.2. elektroenergetika subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması; 5.1.3. istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi. 5.2.11-ci maddəsinə əsasən elektroenergetika sektorunda dövlətin vəzifələrindən biri elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsidir. 9.1-ci maddəsinə əsasən elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər tənzimləyici tərəfindən müəyyən edilir. 9.4-cü maddəsinə əsasən elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları tənzimləyici tərəfindən təsdiq edilir və onun rəsmi internet səhifəsində dərc olunur. 19.7.2-ci maddəsinə əsasən təchizatçı ilə müqavilə bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək elektrik enerjisi istehlakçısının hüququdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs. 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçınə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərqində dəmir-beton kiçik qabaritli asfalt qarışdıran zavodunun ərazisində yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2008-ci il tarixində Nəzarət Departamenti tərəfindən 000056 saylı akt tərtib olunmuş və 27039,84 manat dəyərində ödəniş sənədi hazırlanmışdır. Cavabdeh tərəfindən iddiaçıya 2008-ci ildən bu günə kmi həmin borcun olması barədə hesab-faktura təqdim edilməmişdir. Lakin sonradan iddiaçının əmlakını almış yeni mülkiyyətçi T.Mirzəyevin müraciətinə cavab olaraq göndərilən məktubda abunə vərəqinin təhlili zamanı xx.xx.2008-ci il tarixində Nəzarət Departamenti tərəfindən 000056 saylı akt tərtib olunduğu və 27039.84 manat dəyərində ödəniş sənədi hazırlandığı qeyd edilmişdir. Nəzərə alınsa ki, iddiaçı müəssisə uzun illərdir fəaliyyət göstərmiş, cavabdeh daim müəssisəni elektrik enerjisi ilə təmin etmiş, iddiaçı bir müddət fəaliyyətini dayandırmış, bu müddət ərzində mübahisələdirilən borcun keçən müddət ərzində heç zaman tələb olunmadan, rəsmi sənədləşdirilmə aparılmadan birdən-birə iddiaçıdan tələb edilməsi sual doğurur ki, bu borc necə yaranmış, nə üçün indiyə qədər iddiaçıdan tələb edilməmiş, hesab-fakturalarda qeyd olunmamışdır. Cavabdehin nümayəndəsi izahatında iddiaçının mübahisələndirdiyi borcun hansı əsasla yarandığını, bu ilə qədər nə üçün tələb olunmadığını, keçən müddət ərzində borc barədə sənədləşmə aparılmamasının səbəbini məntiqli şəkildə izah edə və əsaslandıra bilməmiş, həmçinin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. O, həmin məbləğin enerji sərfiyyatına görə hesabladığını bildirsə də, abonent saldosundan və cavabdehin məktubundan aydın görünür ki, həmin məbləğ Nəzarət Departamenti tərəfindən xx.xx.2008-ci il tarixli, 000056 saylı akt əsasında yazılmışdır. Lakin cavabdeh həmin aktı təqdim etmədiyi üçün məbləğin hansı əsasla, nə üçün yazıldığı müəyyən etmək mümkün olmamışdır. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının enerji sərfiyyatına görə 27039,84 manat əvvəlki illərdən borcunun olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, 27039,84 manat borc silinməlidir. Bundan başqa iddiaçının iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda cavabdeh tərəfindən iddiaçıya qarşı tələb olmadığına görə iddia müddəti də tətbiq edilməmişdir. Çünki iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 172 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Tikinti İnvestisiya Şirkətinə məxsus 11/2-1390 (**********35762) saylı abonent koduna 14 may 2008-ci il tarixli, 000056 saylı akta əsasən cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 27039 (iyirmi yeddi min otuz doqquz) manat 84 (səksən dörd) manat məbləğində borc silinsin. İş üzrə ödənilmiş 172 (yüz yetmiş iki) manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı Tikinti İnvestisiya Şirkətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar