Məhkəmə qərarları › İş №e-2-2(113)-4039/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4039/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4039/2023 05.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi **********6 nömrəli abonent koduna hesablanmış 14.299.70 manat borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi **********6 nömrəli abonent koduna hesablanmış 14.299.70 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin (hazırkı Bakı 1№-liYol İstismarı” MMC) 1 saylı Yol İstismar İdarəsi 28 fevral 2004-cü ildən etibarən qanunamüvafiq olaraq bağladığı icarə müqaviləsi əsasında Bakı Yol tikinti-1 ASC-yə (hazırkı Bakı 1№-li Yol İstismarı” MMC) məxsus olan Ceyranbatan qəsəbəsində yerləşən Asfalt BetonZavodunu icarəyə götürərək istifadə edir. Bağlanmış müqavilə şərtlərinə uyğun olaraq idarənin işıq, su, qaz və digər xidmət təşkilatları ilə müqavilələr bağlamaq, müstəqil olaraq ödənişləri həyata keçirmək və qanunvericiliklə bağlı nəzərdə tutulmuş digər öhdəlikləri icra etmək hüququna malikdir. Qeyd olunan ildən yəni 2004-cü ildən etibarən elektrik enerjisinin sərfiyyatına görə 1 saylı Yol İstismar İdarəsi "xxxx" ASC və “Barmek” arasında rəsmi müqavilə bağlanmışdır. Qeyd olunan əraziyə elektrik enerjisi “Ceyranbatanda 137№-li 110/35/6 kv yarımstansiyadan qidalanan uzunluğu 2.0 km olan 6 kv-luq hava xətti vasitəsilə ötürülür. Bu xətt 70-ci illərdə 19 saylı Yol Tikinti İdarəsi tərəfindən sırf öz tələbatını ödəmək üçün çəkilmişdir. 2000-ci ildə Bakı Yol Tikinti qeyd olunan asfalt zavodu və 2 (iki) 630 kvA gücündə transfarmatoru özəlləşdirmişdir. Torpaqların işğalı zamanı didərgin düşmüş qaçqınların bir qismi zavoda məxsus olan inzibati binalarda və zavod ətrafı ərazilərdə məskunlaşmışdır. Elə həmin vaxtlarda onlar 6kv-luq hava xəttinə qanunsuz olaraq özbaşına qoşulub elektrik enerjisindən istifadə etməyə başlamışlar. Hal-hazırda həmin ərazi böyük bir qəsəbəyə çevrilmişdir. Onları da xətdən kənarlaşdırmaq mümkün olmamışdır. Hazırda qeyd olunan massivdə qaçqınlarla bərabər digər əhali qrupu xüsusi evlər tikib xətdən istifadə edirlər. İdarəyə məxsus 1(bir) ədəd 630 kv transfarmator da demək olar ki, əhali qrupu tərəfindən zəbt edilmişdir. Müəssisənin elektrik enerjisinin sərfiyyatı xx.xx.2009-cu ilə kimi 6 kv-luq hava xəttinin başlanğıcında 137 saylı 110-35-6 yarımstansiyada 016194 nömrəli 1800 əmsallı “İndigo” tiplielekton sayğacla aparılmışdır. Kainat kooperativi istisna olmaqla yuxarıda sadalanan subabonentlərin hamsında enerji hesabatı transfarmatorun 6/04 kv xəttində quraşdırılmış mexaniki sayğaclarla aparılmışdır. Fəaliyyətə başladıqları vaxtdan müəssisəyə xidmət edən 630 kv transfarmatorun 6/04 kv xətdində quraşdırılmış 324287 nömrəli nəzarət sayğacı ilə aparılan hesabatla məlum olur ki, hər aya ümumi balansda 12000-14000 kvt enerji fərqi yaranır. Yaranan bu fərqin dəqiqləşdirilməsi üçün “Sumqayıtelektikşəbəkə”nin müvafiq qrumlarına çoxsaylı müraciətlər etmişlər. Laboratoriyanın apardığı yoxlamalar nəticəsində həmin fərqin olması dəqiqləşmişdir. Yəni bu enerji oğurlanan enerji deyil və yaxud xətdən kənar yaranmış enerji deyil. Səbəb budur ki, dəqiqlik sinifi vahid olan “İndigo” elektron sayğacın, çıxılan mexaniki sayğacların təbii xətalarına görə tranzit olunan enerjinin miqdarından aslı olaraq balansda fərq dəfələrlə həmin mexaniki sayğaclar laboratoriya işçiləri tərəfindən yoxlanmış və heçbir qüsur tapılmamışdır. Xəttə qoşulmuş yuxarıda sadalanan transfarmatorların texniki itkiləri, 2.0 km-lik köhnə vəziyyətdə olan hava xəttinin texnoloji itkiləri yuxarıda göstərilən fərqin yaranmasına səbəb olub. Konkret hava xəttinin balanslarında olmasına baxmayaraq yaranmış 12000-14000 kvt enerji fərqini müəssisə istehlak etmir. İstehsal gücü 324287 nömrəli sayğacla uçotu aparılarkən ay ərzində maksimum halda 16000-18000 kvt arası olmuşdur. Məsələnin dəqiqləşməsi üçün xx.xx.2005-ci il tarixində 01-05/152 saylı məktubla keçmiş rəhbərliyə müraciət edib müəssisəyə verilən enerjini dayandırmışlar. Zavodu qidalandıran xətlər transfarmatorun çıxışından açılıb blomblanmış və nəzarətə götürülmüşdür. Dekabr 2005-ci ilin hesabatı aparılarkən 13000 kvt enerji fərqi yaranmışdır. Bu da bir daha əvvəllər laboratoriyanın apardığı yoxlamanın nəticələrini təsdiq etmişdir. Bundan sonra E.E.İ.Q-nin 7.13, 7.14, 8.5, 8.13 bəndlərinə uyğun olaraq keçmiş rəhbərliklə belə bir kompramis varianta gəlinmiş ki, yaranan həmin fərq abonentlər arasında sərf etdikləri enerjinin miqdarına uyğun proposional bölünsün. Belə bir qayda tətbiq olunmağa başlamış və hesabat ödəniş vərəqində göstərilmişdir. Vaxtlı-vaxtında enerji haqqını ödəmiş, heç bir qanunsuz əməllərə yol verməmişlər. Ümumi sərf olunan enerjinin 5-6 %-ni istehlak etdiyinə baxmayaraq əhali qrupunun fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına töhvə vermişlər. 630 kv transfarmator "xxxx" ASC və “ Barmek”in istifadəsinə verilmişdir. 6 kv-luq xətt artıq yüklənmədən sıradan çıxmışdır və xətdəki təmir işlərini müəssisə öz hesabına aparmışdır. 2008-ci ilin yanvar ayından şəbəkənin əməkdaşları tərəfindən tətbiq edilmiş propossional bölgü ləğv edilmişdir. Əvvəlki illərin də sərfiyyatı idarənin hesabına yenidən yazılmışdır. Bununla da E.E.İ.Q-nin 7.13, 7.14, 8.5, 8.13 bəndlərinin tələbləri pozulmuşdur. Bundan əlavə yuxarıda sadalanan subabonentlər sayğaclarının onlara məlum olmayan səbəbdən sıradan çıxaması nəticəsində müəssisəyə əlavə elektrik sərfiyyatı yazılmışdır. Halbuki bu sərfiyyatı onlar istifadə etməmişlər. xx.xx.2009-cu ildə çoxsaylı müraciətdən sonra müəssisənin balansında olan 6/04 kv 630 kv tranfarmatorun girişində ABB markalı 01063344 nömrəli 1200 əmsallı elektron sayğac quraşdırıldı. O, vaxtdan müəssisənin elektrik enerjisi hesabatı bu sayğac ilə aparılmışdır. Vaxtlı-vaxtında istifadə edilən enerji haqqını ödəmişlər, heç bir qanunsuzluğa yol verməmişlər. Uzun sürən müraciətlərdən sonra xx.xx.2009-cu ildə zavoda məxsus 630 kv-luq tranfarmatorun girişində yəni zavodun ərazisində elektrik şəbəkəsi tərəfindən əlavə sayğac quraşdırılmışdır. Bununlada sonra bir daha sübut olundu ki, başda mənbədə quraşdırılmış sayğacla zavodda quraşdırılmış sayğac arasında 12000-14000 kvt fərq verir və həmin fərq əvvəldən onların üzərinə hesablanmışdır. Bununlada qanunsuz olaraq iddiaçının **********6 nömrəli abonent koduna 14.299.70 manat əsassız borc hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən 2004-2009-cu illər ərzində itirilmiş elektrik enerjisi sərfiyyatı kimi hesablanmış 14.299.70 manat borc əsassız olduğu üçün silinməlidir. Bu səbəbdən də cavabdehə pretenziya qaydasında məktub çatdırılmışdır və nəticə əldə edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, abonent saldosunda da görünür ki, 2 uçot nöqtəsi üzrə 2 eyni borc görünür. 1 iyul 2015-ci ildə inqetrasiya dövrü zamanı 1 uçot nöqtəsi üzrə borc 8353.78 manat, digər uçot nöqtəsi üzrə də eyni borc qeyd olunub. Bu borcdan da bəzi ödənişlər olunub. Bu borcu cavabdeh də sistemdən silə bilmir. Sərfiyyat borcu kimi qeyd olunur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları": 7.17. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur; 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır; 8.14. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir; 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır; 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər; 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

7. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-2048/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, 2009-cu ilə qədər yaranmış mübahisəli 14299,70 manat elektrik sərfiyyatı borcuna və "xxxx" Azərbaycan elektrik şəbəkəsi MMC-nin borcuna görə "xxxx" ASC-yə elektrik enerjisinin verilməsinin dayandırılmasının "xxxx" ASC-yə qadağan edilməsi qət edilmişdir.

10. Həmin qətnamənin məzmunundan müəyyən olunur ki, tərəflər arasında elektrik enerjisindən istifadə ilə əlaqədar mübahisələr yaranmış, lakin həmin mübahisələr 2009-cu ildə öz həllini tapmamışdır. Həmin dövrdə iddiaçının şəxsi hesab vərəqinə 14299.70 manat əlavə sərfiyyat hesablanmış, lakin iddiaçı bu məbləği ödəməkdən imtina etmişdir. Sonralar elektrik təchizatçısı ilə iddiaçının aralarında dəfələrlə müqavilələr təzələnmiş, lakin mübahisə həll edilməmiş qalmışdır. xx.xx.2009-cu il tarixli ********* saylı hesab fakturada cari ödəmə məbləği 654,06 göstərilsə də, həmin tarixə 14834,66 manat qalıq borcu kimi göstərilmişdir və bu göstərilən qalıq borc məbləği indiyə qədər ödənməmişdir. Şəxsi hesab vərəqində göstərilən borc məbləğinin bir hissəsi, "Barmek"-in vaxtında, bir qismi "Sumqayıtelektrikşəbəkə"nin dövründə yaranmışdır. "xxxx" ASC "Barmek"-in hüquqi varisi olmadığında onun borcunu tələb etməkdə haqlı sayıla bilməz.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

12. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlardan göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən borc 2009-cu il tarixədək yaranmış borc olmaqla "Barmek"-ə məxsus borcdur və cavabdeh, "Barmek"-in hüquqi varisi olmadığında onun borcunu tələb etməkdə haqlı sayıla bilməz.

13. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

VI. Nəticə:

14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi **********6 nömrəli abonent koduna hesablanmış 14.299.70 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar